• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dayə bir yaşlı uşağı pultla döyüb, alışqanla yandırıb öldürdü – DƏHŞƏT

Dayə bir yaşlı uşağı pultla döyüb, alışqanla yandırıb öldürdü  – DƏHŞƏT

Abşeron rayonunda 1 yaşlı körpənin bədən nahiyələrinə yumruq, sillə, başına isə televizorun pultu ilə zərbələr endirib, sonra da ayağını və qollarını alışqanla yandırmaqla öldürən 27 yaşlı dayə Ziyafət Məmmədova mühakimə olunub.

Xatırladaq ki, 2012-ci il fevralın 29-da Qara Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına ağır xəsarətlərlə daxil olmuş 1 yaşlı Elmir Mehdiyev orada keçinib. Körpənin bədənində və başında olan güclü zərbə, yanıq izləri ona əzab və işgəncə verilməkə öldürüldüyünü ortaya qoyub. Buna görə də körpənin vəziyyəti araşdırılıb.

Məhkəmə Tibbi Ekspertiza Elmir Mehdiyevin üzərində küt travma, baş nahiyəsində qan sızma, bədənin müxtəlif yerlərində zərbələr və qançırlar, üz, qol, bud və digər nahiyələrdə yanıq izləri aşkarlayıb. Yanıq izlərinin alışqan və ya qızdırıcı dəmirin təsirindən törədildiyi istisna olunmayıb. Beləliklə, hadisə ilə bağlı polisə məlumat verilib. Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının araşdırmasından sonra müəyyən edilib ki, ölümlə nəticələnən xəsarətləri ona dayə yetirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, 27 yaşlı Ziyafət Məmmədova şübhəli şəxs qismində müəyyən olunub, lakin qaçıb gizləndiyindən onun axtarışları davam etdirilib. Nəhayət, körpə uşağın ölümündə təqsirli bilinən Ziyafət Məmmədova Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi 59 ünvanında kirayə yaşadığı evdə saxlanılıb.

Onun ətrafında araşdırma aparılarkən məlum olub ki, bir o qədər də normal həyat tərzi keçirməyən Z.Məmmədova Tovuzda Rəvan adlı şəxslə qeyri-qanunu nikaha girib. 4 aydan sonra ondan ayrılaraq Şəmkir rayon sakini Arzu Quliyevlə qanuni şəkildə ailə qurub. Bu nikahdan onun 1qızı olsa da, ondan da ayrılıb. Sonra da övladını götürüb işləmək üçün Bakıya gəlib. Beləliklə, o, tutulduqdan sonra barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyri-qanuni yaşadığı Elçin ona dayəlik etməyi məsləhət görüb

Müttəhim qismində məhkəmədə ifadə verən Ziyafət Məmmədova bildirdi ki, əslində, onun dayəlik təcrübəsi olmayıb. Burada kafe-restoranlarda ofisiant və qabyuyan kimi çalışıb. Qadının sözlərinə görə, kirayədə birlikdə qeyri-qanuni yaşadığı Elçin adlı şəxs ona kafe-restoranlarda çalışmağı qadağan edərək, dayəliklə məşğul olmağı məsləhət görüb. Elçin bir qadının 2 uşağına dayə axtardığını deyib:

"Elçinin mənimlə tanış etdiyi Fərqanə Qurbanova ilə danışıb görüşdük. 4 yaşlı qızı Ayişə və 1 yaşlı oğlu Elmirə baxmaq üçün aya 200 manata razılaşdıq. Həmin gündən uşaqları himayəmə götürdüm. Razılaşmaya əsasən, uşaqlar gecə-gündüz mənim yanımda qalmalı idi. Fərqanə 200 manatın 100 manatını tez verdi. Qalan 100 manatı isə danışdığımız vaxtda verəcəyini dedi. İlk baxışdan sakit uşaqlar idi. Özləri də bir az xəstə idi. Xüsusilə də Elmir. Möhkəm soyuqdəyməsi vardı. Ona dərman aldım, qayğı göstərdim. Bir sözlə, yaxşı baxırdım. Hətta çox istəyirdim. İstədiyimdən də qolunu dişləyirdim. Bir həftədən sonra Elmirin ad günü oldu, 1 yaşı olurdu. Həmin gün anası Fərqanə bazarlıq etdi, meyvə, şirniyyat, tort alıb bizə gəldi. Uşağın ad gününü bizdə qeyd edəndən sonra çıxıb getdi".

"Televizorun pultu ilə başına zərbələr endirdim"

Beləcə, ilk günlər hər şey öz axarında davam etsə də, sonradan Elmirin dəcəl olması, mütəmadi olaraq ağlaması Ziyafət Məmmədovanı özündən çıxarıb. Uşaqlara cəmi 20 gün dayəlik edən qadın deyir ki, 1 yaşlı Elmir ağlayanda onu işgəncələrlə sakitləşdirib:

"Tez-tez ağlayıb nadinclik edirdi, məni ev işləri ilə məşğul olmağa qoymurdu, hövsələdən çıxarırdı. Mən də onu döyürdüm. Bədəninin müxtəlif yerlərinə yumruq və sillə vururdum. Sonuncu dəfə televizorun pultu ilə başına zərbələr endirdim. Daha sonra qulağını burdum, qulağının aşağı hıssəsi cırıldı. Ara-sıra bu şəkildə döyürdüm".

"Alışqanla bədənini yandırdım"

Qadının sözlərinə görə, bir gün mağazaya çörək almağa gedib. Elmiri isə bacısı 4 yaşlı Ayişə ilə öz qızına tapşırıb. Elmirin tez ayaq açıb yeriməsi üçün onlar uşağın əlindən tutub gəzdirirdilər. Bunu onlara həm də Elmirin anası Fərqanə tapşırmışdı:

"Uşaq yeriməyə öyrəşdiyi üçün bir yerdə dayanmırdı. Ya iməkləyə-iməkləyə, ya da divardan tuta-tuta evdə quraşdırılan sobanın üstünə çıxırdı. Hətta bir neçə dəfə oradan yıxılmışdı. Mən də onu döymüşdüm, hətta qışqırmışdım ki, qorxsun və bir də belə eləməsin. Amma xeyri yox idi. Gördüm ki, Elmir yenə sobanın üstünə çıxıb. Mən də alışqanı yandırıb uşağın ayaq hissəsinə tərəf tutdum ki, qorxsun. Beləliklə, alışqanla ayaqlarını və qollarını yandırdım. Düşündüm ki, tok vurmaqdansa, alışqanla yandırsam yaxşıdır".

Lakin bir gündən sonra Z. Məmmədova balaca Elmirin bədənində, əlində və ayağında yanıq izləri aşkarlayib. Sonra da dərman alıb azyaşlının suluq bağlamış hissələrinə çəkib. Lakin uşağın getdikcə artan narahatçılığı ona bunların zərbənin təsirindən olmasını sonradan xatırladıb.

"Ağlıma gətiməzdim ki, yumruq vurmaqla, alışqanla yandırmaqla o, ölə bilsin"

Elmirin kürlüyünə dözmədiyini deyib, özünə haqq qazandırmağa çalışan Z.Məmmədova özünün də müəyyən problemi olduğunu, başında ağrılar müşahidə edildiyini bildirdi: "Əsəbi olduğuma görə beynim səs götürmür. Bütün bunları etməkdə məqsədim uşağı sakitləşdirmək olub. İstəyirdim ki, bir az sakit olsun. Bütün günü ağlayırdı. Gah həyətə düşürürdüm, gah yatmağa aparırdım. Amma səsini kəsmirdi. Səhərə qədər ağlayırdı, ya da sakitcə oyaq qalırdı, oynamaq istəyirdi. Bilmirdim ondan acığımı necə çıxım. Mən də vaxtında yatmalı idim ki, səhər vaxtında oyanıb işlərimlə məşğul olum. Amma ağlıma da gətirə bilməzdim ki, Elmirin bədənini alışqanla yandırmaqla və yumruqla vurmaqla o, ölə bilər."

1 yaşlı körpəyə verilən bu əziyyət və işgəncələrdən sonra onun halı birdən-birə pisləşib. Z. Məmmədova Elmirin temperaturunun yüksəldiyini müşahidə edib. Onu qonşusu ilə birlikdə Xırdalan Şəhər Xəstəxanasına aparıb. Lakin həkimlər Elmirin vəziyyətinin daha ağır olduğunu əsas gətirərək Təcili Tibbi Yardım maşını ilə 2 saylı Qara Qarayev adına Uşaq Xəstəxanasına göndəriblər".

Anası: "Uşaq tanınmaz hala düşmüşdü"

Zərərçəkmış qismində ifadə verən mərhum Elmar Mehdiyevin anası Fərqanə Qurbanova bildirdi ki, işləmək məcburiyyətində qaldığından azyaşlı uşaqlarını dayəyə etibar edib. Onun sözlərinə görə, baş verənlərdən xəbəri olmayıb. "Hər dəfə ora gedəndə görürdüm ki, uşaqlarla yaxşı rəftar edir, onlara yaxşı baxır. Baş verənləri fevralın 29-da öyrəndim. Həmin gün mənə xəstəxanadan zəng elədilər ki, Elmirin vəziyyəti ağırdır. Özümü xəstəxanaya çatdırdım. Gözlərimə inanmadım. Təxminən 10 gün əvvəl gördüyüm uşaqdan əsər-əlamət yox idi, tanınmaz hala düşmüşdü".

Dindirmə zamanı dayəni nalayiq ifadələrlə təhqir edən F.Qurbanova onun ömürlük həbs olunmasını tələb etdi.

Daha sonra digər şahidlərin ifadələri dinlənildi.

11 il həbs cəzası

Tibbi ekspertiza uşağı ağlagəlməz və anormal işgəncələrlə öldürən Z.Məmmədovanın heç bir psixi problemi olmadığı barədə məhkəməyə rəy verib. Hakim isə azyaşlı körpəyə iztirablar verən dayənin əməlini ağır zərərvurma maddəsi kimi qiymətləndirdi. Beləliklə, dayə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Onun himayəsində olan azyaşlı qızı isə körpələr evinə təhvil verildi.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR