Xəzər Universitetindən Qarabağ qazisinin oğlu ilə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Xəzər Universitetindən Qarabağ qazisinin oğlu ilə bağlı açıqlama

“Xəzər Universiteti Məhəmməd adlı Qarabağ qazisinin övladından təhsil haqqı tələb edib. Prezidentin sərəncamına əsasən, Qarabağ əlillərinin övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilməlidir. Universitet rəhbəri Hamlet İsaxanlıya Təhsil Nazirliyindən zəng edilərək, ödənişin dövlət tərəfindən həyata keçiriləcəyi bildirilib və o, bununla razılaşıb. Lakin daha sonra universitetə müraciət edən ailədən yenidən təhsil haqqının yarısı tələb edilib”. Bu barədə jurnalist Rey Kərimoğlu sosial şəbəkədə məlumat yayıb.

Məsələ ilə əlaqədar Universitetin sabiq rektoru, hazırda ali təhsil ocağının professoru Hamlet İsaxanlı ilə əlaqə saxladıq. O, hazırda məzuniyyətdə olduğundan qəbul məsələləri ilə məşğul olmadığını dedi:

“Mənim qəbul prosesindən xəbərim olmur. Hazırda universitetdə prorektor, qəbul komissiyaları işləyir. Bu vaxta qədər universitetdə əlil və şəhid ailələrin övladlarının təhsil haqlarının ödənişi ilə bağlı güzəşt məsələsi elmi şurada müzakirə edilir. Son vaxtlar həmin şəxslərin övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənişi məsələsi gündəmdə idi. Amma bunun özəl üniversitetlərə aid olduğunu deyə bilmərəm. Sərəncamda yalnız dövlət universitetləri qeyd edilməyibsə, demək, özəl ali məktəblərə də aiddir. Əlil və şəhid ailələrinin övladları bu məsələni araşdırıb, qəbul komissiyalarına yaxınlaşarkən həmin sənədləri təqdim etməlidir”.

H.İsaxanlı Təhsil Nazirliyindən ona hər hansı zəng olmadığını deyib.

Xatırladaq ki, prezidentin 2014-cü il 18 mart tarixli sərəncamında göstərilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm