Dörd yaşlı “Qafqazinfo” portalının kirayə redaksiyasından Reportaj
Bizi izləyin

Qırmızı.az

Dörd yaşlı “Qafqazinfo” portalının kirayə redaksiyasından Reportaj

Bu gün “Qafqazinfo.az” saytının dörd yaşı tamam olur.

Bir neçə gün öncə Qafqazinfonun əməkdaşı Günel Əbilova öz “Facebook” səhifəsində yazmışdı ki, avqustun 16-da Qafqaz.info saytının dörd yaşı tamam olacaq, “kim tort yemək istəyir, ofisimizə gəlsin”.

Elə tort yemək adı ilə yollandıq saytın redaksiyasına. Bizi Günel xanım qarşıladı. Sözün düzü, özümüz də tort almışdıq. Əsas məsələ təbrik etmək idi...

Redaksiyada saytın baş redaktoru Elbrus Əruda gələn təbrik zənglərini nəzərə almasaq, heç bayram əhvali-ruhiyyəsi yox idi. Yəqin ki, işgüzarlıqdan irəli gəlir ki, hamı monitor arxasında, iş başında idi.

Fotoları çəkəndə kimisi saçını düzəltdi, kimisi də narahat oldu. Amma onlar kimi biz də işimizlə məşğul idik. Həm ziyarət, həm ticarət, yəni.

Nəhayət, Elbrus bəy təbrik zənglərini yekunlaşdırıb, bizimlə söhbət etdi. İlk göstərdiyi şey özünün jurnalistika ilə bağlı yazdığı aforizmlər idi ki, onu da Qənirə Paşayevanın hədiyyə etdiyi suvenirin altındakı vatmanın üzərinə yazmışdı. Hətta bir səhifəni çevirərək, orada olan aforizmləri xüsusi olaraq Publika.az saytı üçün göstərdiyini dedi.

Daha sonra baş redaktor bizə ona hədiyyə olunan müxtəlif cür əşyaları, suvenirləri göstərdi. Hətta Zinəddin Zidanın portretini göstərərək siyasətçilər siyasəti futbolla uyğunlaşdırdığı kimi, Elbrus bəy də jurnalistika ilə futbolu müqayisə etdi. Dediyinə görə, onun üçün Zinəddin Zidan futbolun tanrısı, Hakan Şükür isə peyğəmbəridir.

Baş redaktor onlara diqqət göstərən bütün media qurumlarına təşəkkür etməyi də unutmadı. Təbii ki, bu qədər söhbətin içərisində gileylənmək də yadından çıxmadı. Elbrus bəy hələ də öz ofislərinin olmadığını dilə gətirdi.

Biz isə öz növbəmizdə onu təbrik etdik və redaksiya üçün gözəl ofis arzuladıq. Elə bu məqamda bir də gördük Günel xanım əlində tort içəri girdi. Tələsdiyimizi dedikdən sonra, sağ olsun, tort payımızı paketləyib bizə verdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm