Cavanşir Quliyev: “Bu 6 ili dözərəm, ya yox, bunu bilmirəm...”
Bizi izləyin

Qırmızı.az

Cavanşir Quliyev: “Bu 6 ili dözərəm, ya yox, bunu bilmirəm...”

Axar.az saytının “Əsrin o üzündən” layihəsinin budəfəki qonağı tanınmış bəstəkar, hazırda Şimali Kipr Türk Cümhuriyyətində yaşayan və pedaqoji fəaliyyətlə məşğul olan Cavanşir Quliyevdir.

- Cavanşir müəllim, nə yaxşı Bakıdasız?

- Tətildəyəm, həm yay, həm də qış tətillərində Bakıya gəlirəm.

- Yeni hansı layihələriniz var?

- Yeni layihələrim çoxdur. Mən ifa olunmamış əsərlərə də yeni deyirəm. Düzdür, özümçün yeni deyil, amma hələ ki ifa olunmayıb, tamaşaçılar dinləyəndə onlar üçün yeni olacaq. İki hissəli “Oğuznamə” baletim var, artıq bitirmişəm. İndi isə “Nuhun gəmisi” baletini yazıram. Əslində, adı “Tufan”dır, məşhur Nuhun gəmisi barədədir. Qarşıda böyük ideyalar, layihələr var, adlarını deməyəcəm, çünki hələ hazır olmayan əsərlərdən danışmaq düzgün deyil. Belə bir niyyətim də var ki, “Dədə Qorqud” baletini yazım, böyük bir layihədir bu, içərisində 12 balet olmalıdır. Bu, çox uzun işdir, allah sağlıq versə, yazacam bunu. Gələn kimi rejissorlar üstümə düşdü ki, seriallar hazırlayaq. “Yuğ” teatrında bir işimiz var. Elə sizdən qabaq bir müğənni gəlmişdi, yeni mahnı hazırlayırıq. Yəni işlərimiz çoxdur, bir dəqiqə belə boş qalmıram.

- İfa olunmamış və yaxud da yeni hazırlayacağınız musiqiləri, əsərləri hansı sənətçilərə təqdim etmək fikrindəsiz?

- Baleti təbii ki, teatrlara təqdim edəcəm. Yeni mahnılarımdan birini az öncə Günel Şabanova adlı gənc ifaçıya təqdim etdim, oxudu.

- Gənc müğənnilərlə işləməyə üstünlük verirsiz?

- Mənimçün fərqi yoxdur, gənc olsun, yaşlı olsun. Üstünlüyü yaxşı ifaçıya verirəm. İfaçılara gənc və yaşlı kimi yanaşmaq düzgün deyil. Yaş baxımdan yanaşsaq, görərik eyni yaşlı iki nəfərdən biri ustadır, digəri isə heç nə oxuya bilmir. Belə olan halda onların ikisinə də gənc müğənni demək olmaz axı. Bütün bunlar istedada bağlı olan bir işdir.

- Musiqini tanınmamış ifaçıya təqdim etdiyiniz halda, o, efirə çıxa bilməsə, həmin musiqini geniş auditoriyaya təqdim edə bilməsə, sizin də zəhmətiniz hədər getmiş olacaq axı.

- Hər bir bəstəkar istəyir ki, yazdığı musiqi yaxşı ifa olunsun, dinləyicisi çox olsun. Onu ifa edən tanınmış ola da bilər, olmaya da. Əgər musiqi yaxşıdırsa, artıq bu həmin müğənninin də tanınmasına gətirib çıxaracaq. Mən mahnını ifa tərzinə uyğun gəlməyən tanınmış müğənniyə təqdim etməkdənsə, ifa tərzinə uyğun gələn tanınmamış müğənniyə təqdim etməyə üstünlük verirəm. Məncə, bütün ciddi bəstəkarlar məsələyə bu cür yanaşır və yanaşmalıdır da. Məsələn, Brilyant Dadaşova sənətə yeni gələndə tanınmış deyildi, bəs necə bu qədər uğur qazandı? Təbii ki, biz ona yaxşı mahnılar verdik, ifa etdi, bəyənildi və nəticədə bu qədər məşhur oldu. Mən inanmıram ki, əsl yaradıcı adamlar adlı-sanlı ifaçıların arxasınca düşsün. Əgər mən tanınmamış ifaçıya mahnı təqdim edirəmsə, artıq onun efirə çıxıb həmin mahnını xalqa çatdırmasına da kömək edirəm. Bir növ həm də prodüser rolunu oynayıram. Ona görə də mənim mahnımın kiminsə ifasında itib-batmaq təhlükəsi olmur.

- Kiprdə işləriniz necə gedir?

- Saat kimi. Kiprdə 6 universitet var, hətta deyəsən 7-ci universiteti də açdılar. Kipri həm də tələbə adası adlandırırlar, çünki küçədə gedərkən görürsən ki, ətrafdakılar hamısı gəncdir. Mən də Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsində artıq 10 ilə yaxındır işləyirəm. Amma Türkiyədə də müəyyən işlərim olur, məsələn, Antalya Dövlət Dram Teatrında, Adana Dövlət Dram Teatrında, indi də Konya Dövlət Dram Teatrından sifariş gəldi, tamaşaların musiqilərini yazmışam. İstanbulda Sədri Alışık teatrı var, orda operetta hazırlamışam, premyeraları olub, tamaşaları gedib. İndi də qayıdan kimi Konya teatrı ilə işləyəcəm. İstanbul universitetinin orkestri dediyim baletdən 3 parçanı 2010-cu ildə konsert salonunda ifa etdi. Ara-sıra belə işlərim olur Türkiyədə. Amma düzünü desəm, mən ora iş üçün getməmişəm, başımı götürüb qaçmışam. Yaşımın bu çağında şöhrət, var-dövlət arxasınca harasa getsəydim, özüm-özümə nifrət edərdim. Çünki bu yaşdan sonra mən var-dövləti, şöhrəti neynirəm? Əslində, kifayət qədər şöhrətim vardı. Var-dövlət arxasınca da qaçan olsaydım, musiqiçi olmazdım, ticarətçi olardım, biznesmen olardım. Mən indi dünyanın ən ağır peşəsi ilə məşğulam. Pul qazanmaq musiqi yazmaqdan çox asandır. Amma məni uşaqlıqdan maraqlandıran bu oldu deyə, sevdiyim işlə məşğul oldum. Amma bu cəmiyyətdə yaşamaq artıq mənimçün çətin idi. Hətta bəzən ən çox hörmət etdiyin, sevdiyin insanların da saxta olduğu üzə çıxırdı. Ona görə də yaradıcılıq da, aylar-illər də əldən gedirdi. Mənim isə böyük yaradıcılıq planlarım var idi. Mən həyatımı gənc yaşımdan bu planlar üzərində qurmuşdum. Amma yəqin ki, allah bunları görüb mənə yardımçı oldu. Mən özbaşıma getmədim Kiprə. Həmin Universitetdə təzə fakültə açılmışdı, mənə də orda işləməklə bağlı dəvət gəldi. Yəqin kimsə məni təklif etmişdi, amma kim olduğunu bu günə qədər də bilmirəm. Getməyimə peşman deyiləm, çünki insani baxımdan, mənəvi baxımdan çox rahatam orda. Dərsimi deyib gəlirəm evə, telefonuma zəngə edən, qapımı döyən yoxdur, oturub evdə öz işlərimlə məşğul oluram. Orda öz işini görürsənsə, səninlə heç kəsin işi olmur, hörmət də edirlər sənə. Amma hörməti də aşırı dərəcədə etmirlər. Nəyə layiqsənsə, onu da verirlər.

- Cavanşir müəllim, musiqiyə yolunuzun binası necə atıldı?

- 1950-ci ildə Şəkidə hərbçi ailəsində anadan olmuşam. Hələ kiçik yaşlarımda olarkən, evimizin divarından bir tar asılıbmış, anam görüb ki, mən o tara çox diqqət edirəm, çıxarıb verib mənə. O zamandan musiqiyə həvəsim yaranıb. Yaşım bir az artandan sonra məni uşaq musiqi məktəbinə qoyublar. Daha sonra isə Şəkidə musiqi texnikumuna getmişəm, paralel olaraq rus məktəbində də oxuyurdum. Bu məktəbləri bitirdikdən sonra məndə musiqiçi olmaq fikirləri qətiləşdi. Amma atam hərbçi idi deyə, mənim musiqiçi olmağımı istəmirdi. Deyirdi ki, tar çalırsan da, daha musiqiçi olmaq nəyinə lazımdır, ciddi bir kişi sənəti seç. Ona elə gəlirdi ki, tar çalmaq kişi sənəti deyil. Mən razılaşmadım. Amma valideyinlərim də demokratik düşüncəli insanlar idi, çox israr etmədilər. Sonra tarı da götürüb mindim qatara, gəldim Bakıya, sənədlərimi verdim Konservatoriyaya. Kirayə ev tapana qədər 3 gün vağzalda yatdım. Beləliklə də, başladım oxumağa və hələ də oxuyuram, öyrənirəm. Konservatoriyanı bitirdiyim il məni ora müəllim kimi işə qəbul etdilər. Kiprə getməzdən 3 il öncəyə qədər orda da işləyirdim, radioda səsyazma studiyasında və başqa da bir neçə yerdə çalışırdım. Əlavə olaraq İncəsənət Universitetində də işləyirdim. Universitetin rektoru Timuçin Əfəndiyevə məni çağırıb dedi ki, bizim sizə ehtiyacımız var, gəlin işləyin, amma gedəndə gördüm ki, burda böyük özbaşınalıq var. Konservatoriyadan isə məni 2003-cü ildə çıxardılar. Dərslər başlamamışdan bir neçə gün öncə Universitetə gedib cədvəlimi götürdüm, dərs başlayanda isə gördüm ki, mənim dərslərimi başqasına yazıblar. Gedib soruşdum ki, bəs mənim dərslərim harda olacaq, dedilər, daha sizə dərs yoxdur.

- Belə çıxır ki, sizə daha ehtiyac olmayıb?

- Mənə ehtiyac yox idi, olsaydı, sərhəddən buraxmazdılar. Bu ölkədən elə sənətkarlar gedib ki! Vaxtilə Qara Qarayev getdi Moskvaya, gəlmədi, elə orda da dünyasını dəyişdi. Səbəbini heç kəs bilmir, amma biz musiqiçilər bilirik. Bu ölkədən Emin Sabitoğlu getdi, meyiti gəldi, Zöhrab Adıgözəlzadə və digərləri. Onlar niyə getdi? Dəqiq bilirəm ki, onlar pul arxasınca getməyiblər. Ola bilsin ki, maddi tərəfi də olub, amma bu, hamısı deyil. Əsas odur ki, gedənlərin heç birinin arxasınca cəmiyyət ah-vay etmədi. Mən o zaman çox təəccüblənirdim, yalnız bəzi tanışlar buna təəssüflənirdi, başqa heç kəs. Görsəm ki, mənə burda ehtiyac var, bir dəqiqə də olsun Kiprdə qalmaram, hər şeyi atıb gələrəm bura. Amma bu ehtiyacı mən özüm görməliyəm, kənardan bəzi dost-tanışın deməyi isə əsas deyil. Əslində, burdan ona görə getmədim ki, arxamca heyfsilənsinlər. Sadəcə, işləməyə şərait olmadığından Kiprdən gələn təklifi qəbul etdim. Pul, ev, maşın arxasınca qaçan adamları görəndə istəyirəm deyim ki, ay qardaş, vaxtını niyə belə boş şeylərə sərf edirsən? Dünyada daha maraqlı şeylər var axı. Amma bilirəm ki, heç kəs mənim dediyimə inanmayacaq. Mənim yer üzündə missiyam musiqi ilə məşğul olmaqdır. Ona görə də yalnız bu işləri görmək üçün çalışıram və bunu etmək üçün də mənə rahat şərait, yaxşı mühit lazımdır. İstəyirəm ki, dünyadan gedəndə də hansısa işləri görə bilmədiyimə görə gözüm arxada qalmasın.

- Kiprdə olduğunuz müddətdə Azərbaycandan sizinlə əlaqə saxlayan, məsləhət alan sənətçilər olurmu?

- Əlaqə saxlayanlar da olur, hətta mənim oradakı tədbirlərə dəvət etdiklərim də. Azərbaycandan 1000-ə yaxın tələbə təhsil alır orda. Milli bayramlarımızda tədbirlər təşkil edirik və çalışırıq ki, burdan da sənətçilər dəvət edək. Düzdür, yol uzaq, yol xərci isə çox olduğundan hər istədiyimizi çağıra bilmirik. Amma bir dəfə Brilyant Dadaşova öz pulu ilə beş nəfərə də bilet alıb gəldi, tələbələrə konsert verdi. İlahə Fəda, Faytonçu Nazim, Mələkxanım Əyyubova da bizim dəvətimizlə gəlib konsert proqramlarında çıxış ediblər.

- Azərbaycan tələbələri başqa tələbələrdən nə iləsə seçilirmi?

- Həmişə özlərinə deyirəm ki, bizim tələbələri uzaqdan dərhal tanımaq olur. Təəssüf ki, Azərbaycandan gələn tələbələr həmişə bir yerdə gəzir, digərləri ilə qaynayıb-qarışmırlar. Kənardan baxan hər kəs də buna təəccüblənir. Digər bir fərq isə ondan ibarətdir ki, onlar öyrənməyə daha çox meyl edirlər. Adamı boş görən kimi gəlib yaxınlaşırlar, suallar verirlər, bizimkilər isə dərs boş olan kimi qaçırlar kinoya.

- Cavanşir müəllim, nə vaxtsa birdəfəlik Bakıya qayıtmaq fikriniz var?

- (Dərindən ah çəkir). Çox çətin sualdır. Əslində, istəyərdim gəlim və ola bilər ki, bu, nə vaxtsa reallaşsın. Amma olmaya da bilər. Mənim əsərlərim burda ifa olunmayandan sonra, məni musiqi təşkilatları, musiqi ocaqları özündən kənarlaşdırandan sonra niyə gəlim ki bura? Mənim işim sənətlə məşğul olmaqdır, ona da imkan verilməyəndən sonra kim gələr ki? 2005-ci ildə getmişəm Kiprə, 6 il də işləsəm oranın təqaüdçüsü olacağam. Amma bu 6 ili dözərəm ya yox, nələr baş verəcək, bax, bunu bilmirəm. 9 il burda olmadığıma çox heyfsilənirəm. Mənimçün normal şərait olsaydı, yazdıqlarımdan da qat-qat artıq keyfiyyətli əsərlər yaradardım. Nəyə qadir olduğumu bilirəm. Mənə orda nə qədər xoş münasibət göstərsələr də, ora mənim ölkəm deyil, qonağam orda.

- Cəbhə bölgəsində baş verənləri izləyirsiz?

- Bəli, internet, televiziya vasitəsilə izləyirəm. Bilirsiz, Qarabağ məsələsinin həlli təkcə iki dövlətdən asılı deyil. Burda əsas Rusiyadır ki, yaxın günlərdə baş verənlər də bunu bir daha təsdiq etdi. Bir az hərəkət edən kimi, hər iki dövlət başçısını çağırdı və bununla da məsələ yenə də yarımçıq qaldı. Mən Axar.az vasitəsilə səngərdə dayanan hərbçilərimizə müraciət edərək onları möhkəm olmağa çağırıram. İnşallah, bir gün bu problem də sona çatacaq. Bu bizim üçün bir vicdan, ləyaqət məsələsidir.

- Son olaraq nə demək istərdiz?

- İnsanlara bir-birlərini sevməyi, məhəbbət göstərməyi arzu edirəm. Hər dəfə bura gələrkən insanlara baxdıqda onların üzündə sevginin çatışmadığı aydın hiss olunur. Ona görə də növbəti dəfə gələndə üzləri gülən insanların sayının çoxaldığını görmək istəyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm