• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qaradağda dini icmalarla görüş keçirildi

Qaradağda dini icmalarla görüş keçirildi

18 avqust 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində dini icmaların nümayəndələri ilə görüş keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq Əhmədov, dini icmaların nümayəndələri və rayon ziyalıları iştirak edirdilər.

İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vətənimizin öz zəngin tarixinə və adət-ənənələrinə əsaslanaraq müsəlman dünyasında və islam dəyərlərinin qorunub saxlanılmasında rolunun get-gedə artıraraq mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, əsrlər boyu islam dini ölkəmizdə inkişaf etmiş digər dinlərə və mədəniyyətlərə mənsub olanlarla sülh şəraitində yaşamış və bu birgə yaşayışın nümunəsinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olundu, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirildi, konfessiyalar arasında dözumlülük mühiti genişləndirildi, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlandı. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətlərində dövlət siyasətini uğurla davam etdirir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışdı. Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıraraq prezident cənab İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən çoxaldığını bildirdi. Ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığının olduğunu diqqətə çatdırdı. Məhz aparılan məqsədyönlü siyasətin nəticəsində tolerantlıq mühitinin qorunub saxlanmasının məntiqi nəticəsi kimi paytaxtımız bir sıra sivilizasiyalararası dialoqun işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlərə sahiblik etmişdir. Sovetlər dövründə Azərbaycanda 17 məscidin olduğunu müstəqillik qazandıqdan sonra isə bu sayın 2050 olmasını dövlət tərəfindən dinimizə göstərilən ehtirahım təzahürü kimi vurğuladı.

Öz növbəsində çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verdi.

Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lökbatan qəsəbə məscidinin Hacı Faiq Əhmədov hər bir bölgəmizdə olduğu kimi Qaradağ rayonunda da dini tolerantlığın hökm sürdüyünü qeyd etdi. Bildirdi ki, heç bir xarici təsirlər dinimizə qulluq edən sakinlərimizi tutduqları düzgün yoldan döndərə bilməz. Məscidlərimizdə dinin müsbət keyfiyyətləri, əxlaqi dəyərləri, insanlar üçün əhəmiyyəti, bütövlükdə mahiyyəti təhrif olunmadan olduğu kimi cəmiyyətə çatdırılır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb.

Daha sonra Lökbatan qəsəbə məscidində dindarlarla görüş keçirildi. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən məscidə dini ədəbiyyatlar hədiyyə verildi. Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq Əhmədov bütün dindarlar adından komitə sədri cənab Mübariz Qurbanlıya müqəddəs Qurani Kərim kitabı verildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR