• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Üstümüzdə gəzdirdiyimiz bıçaqlar

Üstümüzdə gəzdirdiyimiz bıçaqlar

Televizorda ikiulduzlu, üçulduzlu polislərimizin düz gözümüzün içinə oxuduğu: “Filankəs küçədə tanımadığı şəxsi nişanlısının yanından keçdiyi üçün üstündə gəzdirdiyi bıçaqla qətlə yetirib”, “Filankəs yanında gəzdirdiyi qızı üstündə gəzdirdiyi bıçaqla istintaqa məlum olmayan səbəblərə görə öldürüb”, “Məktəblilər üstlərində gəzdirdikləri bıçaqlarla bir-birilərinin qanını tökdülər” kimi kriminal xəbərləri eşidəndə, türklər demiş, bayılıyorum.

Elnən gələn dərd toy-bayramdır deyə soruşan da yoxdur ki, ağa nəçəlnik, sizcə nə üçün vətəndaş üstündə bıçaq gəzdirir? Bu bıçaqgəzdirmələr hansı psixi-sosial virusa yoluxmanın nəticəsidir? Cəmiyyətdə insanların bir-birinə güvənc hissimi itib? “Hamının hamıya qarşı mübarizəsi”mi başlayıb? Yoxsa yazılı qanunlardan ibarət Cinayət Məcəlləsinin yerini yazılmamış mental qanunlarmı tutub? Axı özünün milli-mental ənənələrini bütün sivil qanunlardan uca tutan vəhşi tayfalar, xalqlar həmişə mövcud olmuşdur. Lermantovun “Əsrimizin qəhrəmanı” əsərində bacısını rusun atına dəyişən çeçeni xatırlayın, yaxud öz namusunun qisasını düşməninin atının quyruğundan alan əliqayçılı babalarımızı yada salın. Bu cür düşük adətlər, demək olar ki, bütün xalqların həyatında bir mərhələ olaraq yaşanılmış və tarixin qılınclarının, toplarının həmləsi altında məhv olmuşdur, lakin elə xalqlar var ki, heç bir sivilizasiya onları canavar kimi əhilləşdirə bilməmişdir. Məsələn, Buenos-Ayres, XX əsrin əvvəlləri: Bu şəhərin ispanəsilli sakinlərinin milli-mental, patriarxal ənənələrinə görə istənilən problemin kəsə yolla çözümü dueldir, bıçaqlaşmadır. Qaranlıq xəlvətlərdə əcəl Tanrının yox, insanların əlindədir. Hər kəs eyni zamanda həm qurban, həm də cəllad ola bilər.

Yaşamaq üçün vacib şərtlərdən biri öldürə bilmək ustalığına yiyələnməkdir. Kişilər yataqda belə, tapança və bıçaqla yatırlar. Qanun adət-ənənə qarşısında acizdir. Xalq prokurorun yox, qatilin tərəfindədir. O, qələmsiz-kağızsız yaratdığı milli adətini istənilən kağız-kuğuzdakı yazılı qanundan uca tutur. Adət-ənənənin bəxş etdiyi ölüm, qanunun qorumağa çalışdığı həyatdan min qat şərəflidir. Adət kişilər, qanun nakişilər üçündür.

Cəmiyyətdə təbii seçmə qanunu hökmrandır; yalnız öldürə bilənlərin nəsli artmalıdır. Bir qadını sevən və sevgisində israr edən iki kişidən biri ölümə məhkumdur.

Dövrünün və xalqının adət-ənənələrindən iyrənən, bu mənəvi ürəkbulanmadan qorunmaq üçün kitablara və kitabxanalara sığınan, heç vaxt evlənməyən, qoca anasıyla yaşayan, bəlkə də, bütün bunları görməsin deyə kor olan Borxesin reallığı əks etdirən hekayələrinin məzmunu belədir. Borxes realizmi, sanki, dumanlı yaddaşaqayıtmanın və yuxugörmənin korsayağı nəticəsi kimi görürdü. Yəni öz ənənələrinə qapanıb qalmış xalqlar kordur.

Ağa nəçəlnik, deyəsən,biz də sovetlər dönəmində rus süngüsünün qorxusundan zəifləyən, hətta unudulan və imperiya dağılan kimi özümüzün qoçuluq, xəncərgəzdirmə, başqasının arvadını qaçırma, toğlu oğurluğu kimi ənənələrimizə qayıdırıq.

Qanunları pozmaq bizə alilik duyğusu yaşadır. Özümüzü Kaliqula zənn edirik.

Əsarətimizin acığını azadlığımızdan çıxırıq.

Biz danışmırıq sayıqlayırıq – yaddaşaqayıtma və yuxugörmə xəstəliyinin ilk əlaməti: biz sözə yox, səsə qulaq asırıq.

Azadlığımızın azadlıq olduğuna şübhə edirik.

Biz oxumuruq, bağırırıq, əlimizi qulağımızın dibinə qoyub keçmişimizi haraylayırıq.

Bizə öyrədiblər ki, keçmiş xalqın əbədiliyinin təminatçısıdır. Xalqlar tarixin sınağından qanunlarla yox, ənənələrlə çıxıblar.

Ənənə bütöv xalqı qoruyur, qanun fərdi. Fərd yenidir, xalq qədim. Qədimliyimiz qloballaşma selində boğulmamaq üçün doğma balası olan yeniliyimizi ayağının altına qoyan ana meymuna bənzəyir.

Azadlıq bizə geri qayıdıb qaldığımız yerdən başlamaq üçün lazımdır.

İki yolayrıcında qalmışıq: azadlıq fərdi irəli, xalqı geri səsləyir.

Fərd üstündə kitab, xalq üstündə bıçaq gəzdirir.

Əşi, bizə nə qanunların aliliyi lazımdır, nə ənənələrin qədimliyi, yaşasın gündəlik məişət vərdişləri...

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR