İşə düzəltdiyi kişilərlə cinsi əlaqədə olan “kişi”- Cinayət işi
Bizi izləyin

Qırmızı.az

İşə düzəltdiyi kişilərlə cinsi əlaqədə olan “kişi”- Cinayət işi

Seksual manyakı öldürüb meyitini hovuza atmaqda şübhəli bilinən 22 yaşlı Əziz Həsənov və Cəfər Fətihi mühakimə olunur.

2009-cu il yanvarın 8-də Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi baş verib. Quşçuluq massivi ərazisində su hövzəsindən kişi meyiti aşkar edilib. Dərhal polisə məlumat verilib. Abşeron Rayon Polis Şöbəsinin, rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunublar. Meyitin üzərində xəsarətlər aşkarlanıb. Bununla da polis hadisənin qəsdən törədildiyini müəyyən edib. Hadisə yerinə çağırılan tibbi ekspertiza meyiti müayinə etdikdən sonra mərhumun baş nahiyələrində küt travmalar aşkar edib. Beləliklə, polis araşdırmaya başlayıb və meyitin kimliyi müəyyənləşib. Məlum olub ki, o, Himayət Məmmədovdur.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxslər də tutularaq istintaqa cəlb olunub. Onlar Siyəzən rayon sakinləri 22 yaşlı Əziz Həsənov və Cəfər Fətihidir. Əziz Həsənovun tanışı olan mərhum Himayət Məmmədov əslində seksual manyak olub. Əziz dostu Cəfərlə əlbir olub, tanışını döyərək öldürüblər. Sonra da su hövzəsinə atıb qaçıblar. Beləliklə, seksual manyakı öldürən Əziz Həsənov və Cəfər Fətihi barəsində Abşeron Rayon Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Evinə dəvət etdiyi qonağı bıçaqla hədələdi

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz Həsənov törətdiyi cinayətdə özünü təqsirli bilməyib. O, qətlə yetirdiyi Himayət Məmmədovu həmyerlisi Əli Babazadə adlı bir nəfərin vasitəsilə tanıdığını söyləyib. Dostu Cəfərlə birlikdə iş axtardığını deyən Əzizin sözlərinə görə, həmyerlisi Əli onlara tanışı Himayət Məmmədovun telefon nömrəsini verib. Bildirib ki, o, sizi işə düzəltməkdə kömək edəcək. Onlar da Himayətlə telefon vasitəsilə əlaqə saxlayıb. O, Xırdalanda Ər -Riyad Ticarət Mərkəzində usta işlədiyini, onları da həmin ticarət mərkəzinə işə düzəldəcəyinə söz verib. Bundan sonra Əziz dostu Cəfərlə birlikdə Bakıya gələrək Xırdalanda kirayə ev tutublar. Dəfələrlə işlə bağlı Himayətlə görüşüb, onun işlədiyi Ər-Riyad Ticarət Mərkəzinə getsələr də, qarşı tərəf hər dəfə bir bəhanə gətirib onları yola verib. Ə.Həsənovun sözlərinə görə, hadisədən bir gün əvvəl də Himayət Məmmədov onu işlə bağlı danışmaq üçün Xırdalanda Quşçuluq yaşayış massivində kirayə yaşadığı evə dəvət edib. Bir süfrə arxasında yeyib-içdikdən sonra o, evinə dəvət etdiyi qonağı bıçaqla hədələyərək ondan soyunmasını tələb edib.

"Həmyerlinizi üzdəniraq etmişəm..."

"Mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Əvvəlcə onun sərxoş olduğunu görüb, dediklərinə o qədər də əhəmiyyət vermədim. Amma Himayətin bıçaqla üzərimə gəlib təkid etdiyini görəndə onun istəyinə qarşı çıxdım və evi tərk etdim. Oradan 100 metr aralıda, Füzuli küçəsində kirayə yaşadığım evə gəldim. Baş verənlər barədə dostum Cəfərə danışdım və ona Siyəzənə qayıtmağı təklif etdim. Dedim bu, bizə iş tapan deyil. Bu zaman mobil telefonuma zəng gəldi. Gördüm Himayətdir, danışmaq istəmədim. Telefonu Cəfərə verdim ki, o danışsın. Himayət telefonda Cəfəri nalayiq söyüşlərlə söydü. Sonra birlikdə danışıb ondan qisas almaq qərarına gəldik. Bu məqsədlə küçəyə çıxdıq və yolda Himayətlə rastlaşdıq. Onun üzərində iki bıçaq vardı. Biri əlində idi, digəri belində. Bizə tərəf gələrək "həmyerliniz Əlini üzdəniraq etmişəm, sizinlə də cinsi əlaqəyə girmək istəyirəm" deyə təhqir etdi. Sonra da soyunmağımızı tələb etdi və bizə bıçaqla hədə-qorxu gələ-gələ qamışlığa apardı. Orada mübahisə etdik, əlindəki bıçaqla məni vurmaq istədi. Cəld tərpənib Cəfərlə birlikdə onu başı üstə yerə çırpdıq. Başından və bədəninin müxtəlif yerlərindən təpiklə zərbələr vurduq. Öldüyünü gördükdən sonra yaxınlıqdakı su hövzəsinə atıb oradan uzaqlaşdıq".

"Öldürəndən sonra izi itirmək məqsədilə meyiti hovuza atdıq"

Məhkəmədə müttəhim qismində çıxış edən Cəfər Fətihi isə ifadəsində bildirdi ki, Himayət Əzizin telefonuna zəng edəndə, telefon zənginə o cavab verib. Lakin Himayət onun ünvanına nalayiq ifadələr işlədərək Əzizlə danışmaq istədiyini bildirdib:

"Bu zaman mən telefonu söndürdüm. Küçədə rastlaşanda və onun bizimlə cinsi əlaqədə olmaq istəməsi qürurumuza toxundu. Onu öldürdüyümə görə özümü təqdirli hesab etmirəm. Onu öldürəndən sonra izi itirmək məqsədilə meyiti hovuza atdıq. Üzərində olan bıçaqları da sındırıb zibil qutusuna atdım. Cibində mobil telefon vardı. Nömrəni çıxarıb atdım, mobil telefonu isə satdım".

Cəfər Fətihinin ifadəsi əsasında zibil qutusuna baxış keçirilib, lakin bıçaq qırıqları orada aşkar olunmayıb.

"Onu 2 nəfər deyil, 10 nəfər öldürüb"

Zərərçəkmiş şəxs qismində dindirilən mərhum Himayət Məmmədovun qardaşı Fikrət Məmmədov qardaşının ailəsindən ayrılandan sonra Xırdalanda kirayədə tək yaşadığını, bu səbəbdən də tez-tez onunla telefon vasitəsilə əlaqə saxladığını bildirdi. Amma hadisə baş verən gün Himayətin telefonuna zəng çatmayıb. F.Məmmədov qardaşının ünvanına səsləndirilən ittihamlarla razılaşmadı. Bildirdi ki, hadisə naməlum səbəblər üzündən törədilib:

"Mənim qardaşım elə əxlaqsız adam deyildi. Normal adam idi, heç kimlə işi yox idi. Cinayətdən bir həftə əvvəl Himayət əmim oğluna zəng edərək davaya düşüyünü və kömək istədiyini deyib. 10 nəfər onun üzərinə hücum edib. Ona görə deyirəm ki, onu 2 nəfər deyil, bir neçə nəfər – hardasa 10 nəfər öldürüb".

"İçkili olanda özünü söyürdü"

Şahid qismində ifadə verən Himayətlə bir evdə kirayədə yaşayan Turqut və Tural Məhərrəmov qardaşları Əziz Həsənovun onların kirayədə yaşadığı evə bir neçə dəfə gəldiyini təsdiqləyib:

"Onları üzdən tanıyıram. Biz işdən gələndə gördüm Himayətlə birlikdə çay içirlər. Hadisə günü gördüm ki, Himayət telefonda onlardan biri ilə danışdı və ünvanına nalayiq söyüşlər söydü. Sonra da dedi ki, gəlirəm və əsəbi halda evdən çıxdı. Himayəti də elə yaxşı tanımıram. Sadəcə 1 aydır ki, bir evdə kirayədə yaşayırdıq. Onu bilirdim ki, içkiyə meyilli adam idi. Düzdür, bizimlə işi olmurdu, amma içkili olanda özünü söyürdü".

"İşə düzəltdiyinə görə, onunla cinsi əlaqədə oldum"

H. Məmmədovla Ə. Həsənovu işlə bağlı tanış edən Əli Babazadə ifadəsində göstərdi ki, Himayətlə avtobusda tanış olub. Onun işlə bağlı şəhərə gəldiyini biləndə Əlini işə düzəldəcəyinə söz verib. Beləliklə, o, sözünə əməl edib və Əlini Ər-Riyad Ticarət Mərkəzinə işə düzəldib. Sonra da kafelərin birinə çay içməyə gedəndə bıçaqla Əliyə hədə-qorxu gələrək soyunmağı tələb edib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirdib:

"Mən Himayətlə cinsi əlaqədə oldum. Əslində, buna məcbur oldum. Çünki əlində bıçaq vardı. Əziz mənə işlə bağlı müraciət edəndə bildim ki, Himayət mənim başıma gətirdiklərini onların da başına gətirəcək. Amma utandığımdan heç nə demədim. Bu, insana başucalığı gətirən iş deyil axı".

10 il həbs

22 yaşlı Əziz Həsənov və Cəfər Fətihinin törətdiyi cinayət əməli ehtiyatsızılıqdan adamöldürmə kimi qiymətləndirilib. Beləliklə, məhkəmənin hökmü ilə hər iki şəxs cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm