Əmək müqaviləsi ilə bağlı sorğunun nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Əmək müqaviləsi ilə bağlı sorğunun nəticələri açıqlandı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində də müsbət dinamikaya səbəb olub. ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən “İşə qəbul olunarkən sizinlə əmək müqaviləsi bağlanılıbmı?” interaktiv sorğusunun nəticələri də bunu deməyə əsas verir. Belə ki, respondentlərin 73 faizi bu sorğuya “Bəli”, 20 faizi “Xeyr” cavablarını veriblər. “Bilmirəm” cavabını verənlər isə respondentlərin 7 faizini təşkil edib.

Qeyd olunan göstəricilərin ötən illərdə aparılmış oxşar sorğularun nəticələri ilə müqayisədə yaxşılaşması vətəndaşların əmək və gələcək sosial təminat hüquqlarının təminatına yönələn proseslərdə səmərəliliyin artmasından xəbər verir. Xatırladaq ki, təkcə cari ilin yanvar-iyul aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti qeyri-leqal əməyə cəlb olunduğu aşkar olunan 5695 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanılmasını təmin edib ki, bu da ötən ilin müvafiq göstəricisindən yüksəkdir.

İşçi və işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi əmək hüquqları sisteminin ilkin və əsas şərti olmaqla, işçilərin gələcək pensiya-müavinət (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) təminatı üçün zəruri olan hüquqi əsas yaradır. Həmçinin bağlanan əmək müqavilələrində ödənilən əmək haqlarının real göstəricilərlə ifadə olunması işçilərin gələcəkdə layiqli pensiya təminatına imkan verir. Respondentlərin 20 faizinin onlarla əmək müqavilələrinin bağlanmadığını ifadə etmələri isə işəgötürənlərin bir qisminin işçi hüquqlarına yanaşmada hələ də sosial məsuliyyət hissinə malik olmadığını, bir sıra işçilərin öz əmək hüquqlarına passiv yanaşdıqlarını göstərir və əmək bazarında qeyri-leqal məşğulluğa qarşı təsirli tədbirlərin davam etdirilməsinin vacibliyini sübut edir. 01 iyul 2014-cü il tarixindən tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətləri sistemində mövcud olan bir sıra problemlərin, xüsusilə qeyri-leqal məşğulluğun aradan qaldırılmasına gətirib çıxaracaq. Həmçinin bu sistem vasitəsi ilə işçilərin əmək hüquqlarının etibarlı şəkildə qorunmasını təmin etmək və dövlət nəzarətinin daha keyfiyyətli həyata keçirmək mümkün olacaqdır.

Sorğuda onlarla əmək müqaviləsinin bağlanılıb-bağlanılmadığını hələ də bilmədiyini vurğulayan işçilər hansı hüquqi əsasla əmək fəaliyyəti göstərdiklərinə diqqət yetirməli, rəsmi və ya qeyri-rəsmi əmək fəaliyyətinin onların gələcəkdə sosial hüquqlarının təminatına birbaşa təsir etdiyinin fərqinə varmalıdırlar. Hər bir vətəndaş öz əməyinin rəsmiləşdirilməsində ilk növbədə özü fəallıq göstərməli, məhz əmək müqaviləsi əsasında işləməklə öz əməyinə və deməli, gələcək sosial təminat hüququna sahib olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm