• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Nazir müşavirə keçirdi

Nazir müşavirə keçirdi

Avqustun 20-də Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilər iştirak ediblər.

Publika.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müşavirə iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov ötən dərs ilinin əlamətdar hadisələrlə yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların uğurla davam etdirildiyini bildirib.

Ötən dərs ilində təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıran nazir bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğulayıb. Məktəbəqədər təhsilin əhəmiyyətinə toxunan təhsil naziri bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə diqqət çəkib.

Nazir təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Daha sonra müşavirədə çıxış edən məruzəçilər 2013-2014-cü tədris ilinin yekunları, ümumi təhsil məktəbləri məzunlarının buraxılış imtahanlarında göstərdiyi nəticələrin müqayisəli təhlili, Respublika fənn olimpiadalarının təşkili, müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu, Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər və məktəb direktorlarının təyin olunması prosesi, növbəti tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatların dərin ictimai rəğbətlə qarşılandığını və cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini bildirib. Nazir qeyd edib ki, ötən dərs ilində təhsilin bütün pillələri üzrə yekun göstəricilər və həyata keçirilən islahatların ilkin nəticələri bunu deməyə əsas verir.

Təhsil naziri, həmçinin, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaqdır. Nəticə etibarı ilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi sayəsində yerlərdə təhsilin idarəedilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq. Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edir.

Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində xüsusi işçi qrupun yaradıldığını söyləyən nazir bununla bağlı Fəaliyyət Planının hazırlandığını nəzərə çatdırıb. Fəaliyyətdə keçmişə deyil, gələcəyə baxmağın zəruriliyini önə çəkən təhsil naziri qarşıya qoyulmuş vəzifələrin təhsil sisteminin real inkişafına yönəldiyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR