Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur
Bizi izləyin

Qırmızı.az

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur

2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramları

2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.

Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram Çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı “Gənclərin Məşğulluq sammiti”nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bu diqqət gənclərin fəallığını daha da artırır, onları səfərbər edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib.

Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər. Paytaxt və bölgələrdə gənclər üçün təşkil olunan “Gənc liderlər üçün yay və qış universitetləri” bu baxımdan böyük önəm daşıyır...

Ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.

Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm