• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nazirlik əlillərə avtomobil payladı

Nazirlik əlillərə avtomobil payladı

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin əvvəlinədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərinə "Naz-Lifan" markalı minik avtomobili təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, onlardan 41 nəfəri Böyük Vətən müharibəsi, 48 nəfəri hərbi xidmət, 15 nəfəri Çernobıl AES əlilidir.

Avtomobillərin təqdim olunması zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, hazırda verilən avtomobillər də daxil edilməklə 727 nəfər Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlilinin minik avtomobili ilə təmin olunduğu diqqətə çatdırılıb.

Bildirilib ki, möhtərəm dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən, cari ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən 1404 nəfəri minik avtomobili ilə təmin edilib. Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az/) "Fəaliyyət və xidmətlər" bölümündəki "Avtomobillərlə təminat" alt-bölümündə təqdim olunan növbəlilik siyahısı əsasında, tam şəffaflıq şəraitində həyata keçirilir.

Tədbirdə müharibə əlillərinə bütün sahələrdə göstərilən dövlət qayğısından söz açılıb. Qeyd olunub ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği son bir ildə 70 faizə yaxın artırılıb.

Həmçinin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, şəhid ailələrinin ölkəmizin ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqlarının dövlət hesabına ödənilməsinə başlanılıb. Çıxış edənlər bu təbəqələrdən olan şəxslərin yeni mənzillərlə, reabilitasiya vasitələri və s. ilə təminatı sahəsində görülən işlərdən də bəhs edərək, əlilliyi olan insanlara daim böyük diqqət və qayğı göstərdiyinə görə möhtərəm dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR