• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva intihar təfərrüatını yazdı

Qənirə Paşayeva intihar təfərrüatını yazdı

“Bu gün sanki dəhşətli film kimi bir gün yaşadım. Səhhətimdə bəzi problemlər olduğundan işə çıxmamışdım”.

Qəfildən Axar.az, yaxud Teleqraf.com - dəqiq xatırlamıram agentliyi - jurnalistlərindən biri zəng edib deyir ki, Koroğlu stansiyası yaxınlığında körpünün ən yuxarı hissəsinə bir kişi çıxıb və intihar edəcəyini deyir və sizi görmək istəyir.

Evdən necə çıxdığımı xatırlamıram...

Tez Sabunçu Rayon Polis İdarəsinin rəis müavini Əbülfət müəllimə zəng etdim və məsələ ilə maraqlandım. Əbülfət müəllim dedi: “Qənirə xanım, biz danışmışıq həmin adamla, amma hələ razılaşmır, enmir körpüdən və özünü atacağını deyir”, - bildirir.

“Nömrəsini verə bilərsinizmi?” - dedim. O da həmin dəqiqə: “Əslində, yaxşı olar, siz də danışın, bəlkə razı sala bilərsiniz”, - dedi.

Hadisə üzündən dəhşətli tıxacdan addım-addım hərəkət edirdi maşınlar. Nömrəyə nə qədər zəng etsəm də, cavab vermirdi həmin adam. Məni soyuq tər basmışdı. Gözümün qabağına ailəsi, uşaqlarının yaşaya biləcəyi faciə gəldikcə, dəhşətə gəlirdim və nəhayət, “Qənirə Paşayevadır”, - deyə, o nömrəyə bir mesaj atdım. İki dəqiqə sonra telefonuma cavab verdi və mən düşməsi üçün xahiş etməyə başladım.

Dəhşətli külək səsindən zorla eşidilirdi, o isə mənə şikayətini danışır və dinləməmi istəyirdi. Dəhşət içində idim və “sizi diqqətlə dinləyirəm, amma nə olur, ehtiyatlı olun, yıxıla bilərsiniz, siz düşün, mən də çatıram, sizi istıdiyiniz qədər dinləyəcəm”, - deyirdim.

O isə israrla şikayətini danışırdı. O 15-17 dəqiqə içində mən nələr yaşadım - onu bir Allah bilir. O, dəhşətli külək səsi içində şkayətini dinləyərək, “inanın, şikayətinizin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəm, dövlətimiz, onun rəhbəri inanıram ki, bu məsələnin obyektiv araşdırılması üçün əlindən gələni edəcək, amma yalvarıram ordan düşün”, - deyirdim.

Köməkçim bir az öncə deyir ki, mən sizi heç kimə yalvaran görməmişdim. Mən də deyirəm, mən də ilk dəfə idi intihar etmək istəyən şəxslə belə bir vəziyyətdə danışırdım.

Birinici danışığımız uğursuz alındı və mən oraya çatmayana qədər enməyəcəyini dedi. İki dəqiqə sonra təkrar zəng etdim və sözün həqiqi mənasında ona düşməsi üçün yalvarmağa başladım, ailəsini, uşaqlarını düşünməsini istədim. Onunla digər qurumlarımız da danışıqlar aparmışdı. Fövqaladə Hallar Nazirliyi, Baş Prokurorluq...

Razılaşdı və endi. Onu artıq Baş Prokurorluqda ən yüksək səviyyədə qəbul etmək üçün gözləyirdilər. Danışdıq və “qardaşım, sən indi mütləq ora getməlisən, çünki sənin şikayətinin obyektiv araşdırılması üçün ən önəmli qurum məhz Baş Prokurorluqdur. Orda qəbuldan sonra istədiyin zaman təkrar danışarıq, istəsən, ofisimizə də gələrsən, orda söhbət edərik”, - dedim.

Artıq Baş Prokurorluqda qəbuldadır və inanıram ki, inşallah, şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq. Baş Prokuror Zakir Qaralova belə operativ reaksiyası üçün təşəkkür edirəm. Prokurorluqla telefon söhbətimizdə də məsələyə obyektiv baxılacağı bildirildi.

Ayrıca hər zaman operativliyi ilə seçilən Fövqaladə Hallar Nazirliyimizə təşəkkür edirəm – daha bir vətəndaşımızı heç bir xəsarət almadan xilas etdikləri üçün. İnşallah, inanıram ki, bir daha belə hallar təkrar yaşanmayacaq.

İntirarlar çıxış yolu deyil, əzizlərim. Ailənizi, yaxınlarınızı düşünün, lütfən. Yaşadığım hadısənin şokundan indi özümə gəlirəm və sadəcə, Allaha dua edirəm ki, şükür ki, hər şey yaxşı qurtardı. Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik.

Hamımız...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR