• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“...Sən də, dünyada yerin də yeganə və bənzərsizdir...”

“...Sən də, dünyada yerin də yeganə və bənzərsizdir...”

Bu bir gerçəklikdir ki, həyat başqalarının dərdini öz dərdi kimi yaşayanları, onların göz yaşına öz göz yaşını qatanları, onların sevincinə şərik olanları daha çox ucaldır və onlara daha çox səadət və ucalıq bəxş edir .

Belə insanlar üçün həyatda tək bir amal var. Həqiqi mənada bu onlarda hər cür təmanna hisslərindən uzaq insanlığa xidmət etmək, bəşəri dəyərlər adına, mənsub olduğu xalq və ölkə adına şan və şöhrət gətirmək arzusudur.

Belə şəxsiyyətlərdə həyatda yaşamaq insanlığa xidmət etmək üçün bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək üçün bir vasitədir. Daha doğrusu onların həyata baxışlarında zaman və məkan insanların özünü təsdiqi üçün verilmiş şanslardır.

Onlarda insanlığa olan bu tükənməz sevgi Yaradana ilahi və əbədi məhəbbətdən qaynaqlanır.

Bəli...O insanları insan olduğuna görə sevməklə, özünü sevdirdi və bununla da fəaliyyətə başladığı ilk gündən təvazökarlıqla öz mesajlarını cəmiyyətə, ümumiyyətlə hər kəsə çatdırdı.

Əslində Mehriban xanım Əliyev öz həyat kredosunun formulunu “...Kimsənsə, elə də olmalısan....özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən... Çünki, sən də, dünyada yerin də yeganə və bənzərsizdir”- deməklə bildirmişdi. Və hər kəsin də öz formulunu müəyyən etməyi arzulamışdı.

O, sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı , işgüzarlığı, gərgin əməyi və narahat həyatı ilə, eyni zamanda təəssübkeşliyi, xeyir-duası ilə həyata keçirdiyi layihələrlə qısa zaman kəsiyində Azərbaycan xalqının böyük sevgisini və inamını qazandı.

Onun dəstəyi ilə həyata keçirilən qlobal səviyyəli layihələrin şüaları tezliklə onun məmləkətinin sərhədlərini aşaraq, beynəlxalq təşkilatların, Avropa, Asiya, Afrika və daha uzaq yerlərin diqqətini özünə cəlb etməyə başladı.

Dünya Onun bu nəcib fəaliyyətini rəğbətlə qarşılayaraq, alqışladı və bu gün O beynəlxalq aləmdə zərif cinsin ən güclü simalarından biri kimi tanınır, qəbul olunur və sevilir.

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva.

Bəli, O, taleyinə və qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, bəlkə də, yaşına uyuşmayan müdrikliyi, ən əsası, onu gözəlləşdirən əməlləri ilə zamanın fövqünə ucalmağı, onun parlaq zərrəsinə çevrilməyi bacardı. İndi O, heç bir mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı qəbul etdiyi şəxsdir. Və etiraf edək ki, müxtəlif səviyyəli, fərqli dünyagörüşlü insanların qəlbinə nüfuz etmək, hamını razı sala biləcək qərarlar qəbul etmək elə də asan deyildi. O isə bunu bacarır və özü də çox təbii və yüksək səviyyədə.

İftixarla deməliyik ki, çox qısa zamanda Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində ilk dəfə Birinci Xanım İnstitutunu yaradaraq, onun banisi oldu.

Bugün o təkcə öz ölkəsinin sevimli Birinci Ledisi deyil, dünyanın çox sevilən, ən fədakar və hörmətlə yanaşılan Birinci Ledilərindən birinə, bəlkə də birincilərinə çevrildi. Onun qurduğu Birinci Ledi İnstitutu bəzi ölkələrdəki formal bir İnstitut kimi deyil, canlı bir varlıq, nümunəvi bir model kimi bir çox ölkələrə də örnək oldu.

Şübhəsiz ki, zaman keçəcək illər və fəsillər biri-birini əvəz edəcək və dünyanın Birinci Ledi İnstitutunun tarixi təcrübəsi vərəqlənərkən Azərbaycanın Birinci Xanım İnstitutunun zəngin təcrübəsi nümunəvi bir məktəb olması ilə seçiləcəkdir.

Sözsüz ki, heç tərəddüd etmədən belə deyə bilərik ki, qədim və rəngarəng tarixi keçmişi, bu keçmişdə gözəl örnəkləri olan Azərbaycan qadınının ən parlaq səhifəsi məhz ölkəmizin Birinci Xanımının simasında indi açılır.

Bu gün O, beynəlxalq aləmdə Azərbaycan qadınının əsl portretini təqdim etdiyindən, onun simvoluna çevrilmişdir. Ölkəmizdə, eləcə də ölkəmizdəın çox uzaqlarda yüzlərlə, minlərlə sadə insanlar indi öz ehtiyacları üçün mərhəmətin və sevginin əsil ünvanı olan Mehriban xanım Əliyevaya müraciət edirlər. Təbiidir... Çünki bu nəcib və müdrik xanım öz fəaliyyəti, humanist ideyaları və xeyirxahlığı ilə artıq çoxdan mütərəqqi ictimaiyyətin cazibə mərkəzinə çevrilmışdir. Onun çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər. Bu mənada fəxrlə demıliyik ki, dünyanın elə bir ölkəsi yoxdur ki, O bu ölkənin və xalqın ən ali mükafatına layiq görülməsin və dünyanın hər bir yerindən olan bu insanlar artıq çox gözəl dərk edirlər ki, bu ünvan çox nadir ünvanlardandır ki, hər kəslə öz sevgisini və mərhəmət dolu yardımını paylaşır.

Mehriban xanım Əliyevanın “...Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı olur. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır...” fikirlərini düşündükcə onun insanlığa olan sonsuz sevgi və mərhəmətinin səbəbi tam aydın olur. Əslində, bu fikirlər eyni zamanda laqeyd və biganə dünya bir mənəviyyat dərsidir.

Ayrı-ayrı ölkələrdə hər cür siyasət və riyakarlıqdan uzaq, təmiz və sadə insanlar Mehriban xanım Əliyevaya olan məhəbbət və rəğbətlərini Onun “...Bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir...”- mərhəmət fəlsəfəsinə, bəşəri dəyərlərə sonsuz sevgisinə öz yazdıqları səmimi müraciət, şeir və nəğmələri ilə ifadə edirlər. Bəziləri isə onun obrazını təsəvvürlərində yaratdıqları kimi: “Təhsil Hamisi ”, “Kimsəsiz Uşaqlara Ana Nəfəsi” , “ Bəşəri Dəyərlər Fədaisi”, “Xocalının Haray Səsi ”, “Mərhəmət Carçısı” adlandırırlar.

İnsanlar Onun haqqında yazmağı, danışmağı və fikir söyləməyi özlərinə şərəf və borc bilirlər.

Əlbəttə Mehriban xanım Əliyevanın portretini çızmaq hədsiz dərəcədə çətindir.

Çünki Mehriban xanım Əliyeva haqqında ən gözəl sözü də , ən gözəl məqaləni də, ən oxunaqlı kitabı, ən gözəl musiqini də elə O, öz əməlləri və fəaliyyəti ilə yaratmışdır.

Hətta ən qüdrətli yaradıcı sənətkar belə Onu və onun insanlığa xidmət yolunda sevgi dolu fəaliyyətini Onun qədər xarakterizə edə bilməz.

Onun haqqında yazılan bütün əsərlərdə, kitablarda, nəğmələrdə müəlliflərin qələmə aldığı fikirlər Mehriban xanımın müqəddəs fəaliyyətinin tərənnüm edilməsi yolunda olan cəhdlərdir.

Mehriban xanım Əliyeva ilk gündən yaratmaq istədiyi Kitabın epiloqunu: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” deməklə öz məramlarını söyləyir.

Çox dərin fəlsəfi məna daşıyan bu hikmətli fikirləri oxuyub düşündükcə Onun fəaliyyətinin nə qədər yüksək zirvələrdə dayanmasının bir daha şahidi oluruq.

Bu mənada Mehriban xanım Əliyeva fəaliyyətinı son dərəcə mahir və istedadlı yazıçı səriştəsi ilə və ən əsası isə böyük səmimiyyətlə yazılmış bir “KİTAB”- a bənzətsək daha doğru olar.

Səhifələri bitməyən və sevilərək oxunan, həyata keçirdiyi çoxşaxəli, çoxhəcmli və çoxmiqyaslı layihələrlə zəngin bu Kitab o qədər zəngindir ki, onu bir gündə, bir ayda, bir ildə vərəqləmək, oxuyub başa çatdırmaq mümkün deyil.

Bu kitab həm də onun çox yığcam, ibratamiz, müdrik və dərin fəlsəfi fikirləri ilə zəngin olan məruzə və çıxışlarıdır. Mehriban xanım Əliyevanın hər bir cümləsi sanki bir aforizmdir, bir hikmətdir. Bu Kitab həm də Onun həyata baxış fəlsəfəsidir. Hədsiz maraqlı və gərəkli olan bu kitabı oxucu oxuduqca onun əbədiyyən davam etməsini arzulayır.

Əziz oxucular!

Möhtərəm Birinci Xanımımızın fəaliyyətini əks etdirən, hər sətrində insan sevgisi, mərhəmət və fədakarlıq dayanan və bizlərin şahidliyi ilə yaratmış olduğu Həyat Kitabının səhifələrini vərəqləməklə, ona olan səmimi düşüncələrimi böyük məmnuniyyətlə sizlərlə birgə paylaşmaq istədim.

2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram və onun ideyalarını yaşatmaq arzusu ilə yaradılan və onun adını daşıyan Fonda rəhbərlik edən Azərbaycanın Birinci Xanımı tezliklə humanist ideyaların carçısına çevrildi.

O, tezliklə ölkəmizdə xeyriyəçilik hərəkatının formalaşmasına və kütləviləşməsinı nail oldu. Bu mənada Mehriban xanım Əliyevanı xeyriyəçilik hərəkatının banisi hesab etsək, heç yanılmarıq.

O, Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdi, bununla da Ulu Öndərin uşaqlara olan sonsuz sevgisini layiqincə təcəssüm etdirir və yaşadır. Təsadüfi deyil ki, Onun uşaqlarla bağlı gördüyü işlər Fondun ilk və ən böyük tədbirlərindən və ilk layihələrindən bir oldu.

Bir göz qırpımında sanki işıq sürəti ilə, gecəsini gündüzünə qataraq, ölkəmizdə elə bir həssas qrup və ya köməyə, ehtiyac olan sahə qalmadı ki, orada Möhtərəm Birinci Xanımımızın ülvi şəfqəti və dəstəyi olmasın. Qocalar evi, uşaq və əlillər evi, internatlar.daha nələr .sadalamaqla bitməz.

Mehriban xanım Əliyeva: “Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmaq istəmir” deməsinin səbəbi də Onun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.

Mehriban xanım Əliyeva “...Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmaq istəmir.. ” düşüncəsi ilə insanları qayğı, mərhəmət göstərməyə sanki tələsdirir..

Fond tərəfindən Ulu Öndərimizin dillər əzbəri olan “Təhsil millətin gələcəyidir” prinsipi əsas meyar kimi götürüldü.

Azərbaycanın Birinci Xanımı Yeniləşən Azərbaycan üçün Yeni Məktəb Konsepsiyasını irəli sürdü və qısa zamanda çox böyük layihələrlə ölkəmizdə inanılmaz uğurlar qazanıldı. Yüzlərlə məktəblər, daha doğrusu təhsil müəssisələri xalqın istifadəsinə verildi. Minilliyin çağırışlarının əsas hədəflərindən olan hər kəs üçün təhsil Heydər Əliyev Fondunun fəaliyyətinin əsas xətti oldu. Mükəmməl səviyyədə təhsil almaq imkanı üçün təhsilin ən müasir və yüksək standartlara cavab verən infrastrukturu yaradılmağa start verildi. Ən ucqar bölgələrdən başlayaraq ardıcıl və çoxsaylı yeni məktəb layihələri həyata keçirildi. Elə layihələr ki, fiziki və əqli vəziyyətindən asılı olmayaraq bütün Azərbaycanlı uşaqların zövqünü oxşadı. “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək, ən zəruri səhiyyə layihələri insanların sabaha ümid çırağına çevrildi.

Valideyn himayəsindən məhrum olan uşaqlara Ana məhəbbəti, onlara qayğı əsl insanlıq nümunəsi oldu.

Kimsəsizlərə kimsə və dayaq olmağın gerçək və həqiqi mahiyyətini əməli ilə sübut etdi.

Əslində Fond tərəfindən gənc istedadlara yaradılan şərait da bu uşaqların parlaq sabahı və millətimizin isə gələcəyi demək idi!..

Bu gün Azərbaycan xalqı Fondun bəşəri dəyərlərə xidmət edən, qlobal səviyyədə geniş miqyaslı və humanitar proqram və layihələrinin nəticələrindən qürurla danışır.

Fondun həyata keçirdiyi layihələri arasında bir sıra xarici ölkələrdə məktəblərin tikdilməsi, dünya mədəniyyətinin nadir incilərinin bərpasının və qorunub saxlanmasının, xarici ölkələrdə belə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı xeyriyyəçilik tədbirləri Azərbaycanın Birinci Xanımının insan və insanlıq naminə əsl fədakarlığınının nümunəsi idi!

Bu mənada təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində milli mənəvi dəyərlərin qorunmasına, müqəddəs inanc yerlərinin bərpası və təmirinə yönələn layihələrin böyük rezonans yaratması da təbiidir.

Mehriban xanım Əliyeva dünyaya gözünü açdığı gündən hər bir xalqın milli və mənəvi dəyərlərinin müqəddəsliyinin olduğu mühitdə ruhda böyümüş və tərbiyə almışdır.

Odur ki, uzun əsirlik tarixi olan milli mənəvi dəyərlərmizin qorumasında xalqımızın hansı keşməkeşli yollar keçdiyini Mehriban xanım Əliyeva öz çıxışlarında daima insanlara xatırladır. Onun müstəqil dövlətimizdə istər xalqımızın Ulu Öndəri Heydər Əliyev və istərsə də Prezidentimiz möhtərəm cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqətinə dəstək verməsini və bu məntiqi qiymətləndirməmək mümkün deyil .

Onun bu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan mədəniyyətinin qarşısında yanan gur işığın şöləsi dünyanın dörd bir yanına yayılmış və bəşər sivilizasiyasına çoxsaylı töhfələr verən xalqımızın minilliklər boyu yaratmış olduğu mədəniyyətin zənginliyi bəşər isanını heyran qoymuşdur.

Bu gün nə qədər xoşdur ki, insanların siyasətdən usandığı və yorulduğu, siyasi danışıqlara inamsızlığın mövcud olduğu bir zamanda Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu, ardıcıl və prinsipial mədəniyyət layihələrin nəticəsində dünyanın müxtəlif coğrafiyasından olan fərqli rənglərdə və dillərdə olan insanlar Azərbaycan musiqisinin və mədəniyyətinin dilində danışır. Heydər Əliyev Fondunun Prezidentinin əsl fədakarlığıdır ki, Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən biri hesab olunur.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESKO-nun Dünya Mədəni İrs siyahısında; aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, Novruz bayramı, eləcə də xalqımızın qədim milli Çövkən oyunu UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında özünə yer almışdır!

Mehriban xanımın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyəti misilsizdir. Onun təkcə UNESKO-nun Baş qərargahında təşkil etdiyi möhtəşəm təqdimatları xatırlayaq: Azərbaycanla bağlı nəşrlər, görkəmli şəxsiyəyyətlərimizin yubileyləri, ölkəmizin sürətli inkişafı, tarixi, mədəni abidələri, əsrarəngiz təbiəti, xalçaçılıq sənəti, milli kulinariyası, müstəqillik illərində inamla irəliləyən Azərbaycanın sürətli inkişafını göz önünə gətirən bənzərsiz sərgilər, incəsənət ustalarının doyumsuz konsert proqramları...

Hər biri bir-birindən bənzərsiz olan və Azərbaycan təntənəsi yaşanan təkrarsız tədbirlər.

Əslində hər bir layihənin təbliğini bu milli dəyərləri, bu mədəniyyəti yaradan Azərbaycan insanın tanıtımı kimi də qiymətləndirmək olar. Heydər Əliyev Fondunun Pezidentinin , UNESKO – nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən bu tədbirlər təkcə Azərbaycan mədəniyyətinin yox, eyni zamanda UNESKO tarixinin uğurlu layihəsi olmaqla da əlamətdar tarixi hadisə kimi sayılmalıdır.

Yaxud bu qurumla birgə elm, təhsil, mədəniyyət sahəsində Bakıda keçirilən mötəbər beynəlxalq tədbirləri yada salaq.

Birinci Ledinin Azərbaycan-UNESKO münasibətlərinin möhkəmlənməsindəki danılmaz xidmətləri də ayrıca söhbətin mövzusudur.

UNESKO-nun sabiq Baş direktoru Koişiro Matsuuranın "Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq yaranmışdır" fikri çox böyük mətləbləri təsdiq edir.

Qurumun hazırkı Baş direktoru İrina Bokovanın Mehriban xanım haqqında qənaətini də bölüşməyə bilmərəm: “Sizi Xoşməramlı Səfirlər sırasında görmək bizim üçün, UNESKO üçün şərəfdir. Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

İzlədiyimiz bütün tədbirlərdə Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfirləri arasında nə qədər böyük nüfuza malik olmasını iftixar hissi ilə şahidi oluruq.

Təbiidir, Azərbaycanın Birinci Xanımı UNESKO-nun məqsəd və məramlarının həyata keçirilməsində çox əhəmiyyətli işlər görərək, təşkilatın nüfuzuna mühüm töhfələr verir.

Əminliklə deyə bilərəm ki, təsis edildiyi gündən çağımızadək UNESKO-nun keçdiyi tarixi yola baxsaq UNESKO-nun xoşməramlı səfirləri sırasında Mehriban xanım Əliyevanın özünəməxsus və misilsiz xidmətlərinin olduğunun şahidi olarıq.

Mehriban xanım Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri kimi qısa müddətdə üçüncü minilliyin ən önəmli problemlərindən olan mədəniyyətlərarası dialoqa və tolerantlığa özünün davamlı töhfələrini verir. Günümüzdə gündən-günə artan irqçilik fonunda Onun bilavasitə təşəbbüsü ilə yaradılmış Beynəlxaq Tolerantlıq Mərkəzi beynəlxalq ictimaiyyət üçün model olmaqla, sülhün, humanizmin, hüzurun, sabitliyin, dostluğun, qardaşlığın və rifahın qorunması üçün dünya insanlarına bir çağırışıdır.

Bu mənada Azərbaycanın Birinci Xanımının ictimai vəzifələri sırasında, daha doğrusu insanlıq üçün təmənnasız xidmətləri sırasında İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının, İSESKO-nun Xoşməramlı Səfiri kimi fəxri, şərəfli və məsuliyyətli missiyasından doğan fəaliyyəti islam dünyası üçün bir fəxarətdir desək daha ədalətli yanaşma olar. Heç də təsadüfi deyil ki, ölkəmizlə İƏT-nın müxtəlif təşkilatları arasında münasibətlərin möhkəmlənməsində Onun fəaliyyəti də islam aləmində çox təqdirəlayiq qiymətləndirilir.

“Bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz” sualına Azərbaycanın Birinci Xanımı belə cavab verir:

“Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin tarixi və mədəni köklərə malik olan xalqını göstərmək, bizim mədəniyyətin, incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır.”

Mehriban xanımın bütün fəaliyyətinin böyüklüyü və ucalığının səbəbi onun içdən gələn səmimimiyyəti və vətənpərvərliyidir!

O, istər UNESKO-dan, istərsə İSESKO-dan, istərsə də digər mötəbər tribunalardan mütləq Azərbaycan həqiqətlərinin çatdırılması üçün istifadə edir, özü də böyük məharətlə.

O, çox önəmli auditoriyalarda çıxışları zamanı ölkəmizin uğurlarını diqqətə çatdıraraq, nəzərləri hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərindən danışır, işğal altında qalan tarixi və mədəni abidələrimizin qorunması məsələsini qaldırır, onların məhv edilməsindən narahatlığını ifadə edir.

Fərqi yoxdur hansı tipli tədbirdir, Mehriban xanım Əliyevanın mükəmməl nitqləri, çıxışları Azərbaycanı tanıtmaq, onun keçdiyi şərəfli yol haqqında yığcam və yüksək səviyyəli təəssürat yaratmaq, bir sözlə, xalqımızın milli kimliyinin təqdimatı baxımından xüsusi əhəmiyyətə malikdir...

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və iştirakı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bir sıra xarici ölkələrdə keçirilən tədbirlər də sıradan tədbirlər deyildi!

Dünyanın harasında olursa-olsun, bu tədbirlər Azərbaycanın layiqli təqdimatı, Azərbaycanın təbliğidir. Bu tədbirlər Şərqlə Qərbin daha doğrusu mədəniyyətlərin qovuşağında yerləşən Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu hər kəsə dönə-dönə anlatmaqdır. Bu gün Avropaya öz mədəniyyəti ilə gedən Azərbaycan sübut edir ki, o, artıq nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailəyə sonsuz töhfə verərək onun ayrılmaz bir üzvüdür!..

“Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıq” deyən Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən qlobal layihələr də geniş əks-sədaya səbəb oldu.

Onun bu fikirləri Azərbaycanın Birinci Xanımının bütün layihələrində və fəaliyyətində milli dəyərlərlə bəşəri dəyərlərin sintezinin və vəhdətinin vacibliyini bir daha sübut edir .

Bütün bu humanist addımların və ülvi fəaliyyətin əsil fəlsəfəsi ancaq bir amala söykənir. Bu müqəddəs amal dünyanın mədəni irsini qorumaq, dünya insanına, bütövlükdə bəşəriyyətə sevgi və mərhəmətlə xidmət etmək!

Bugün istər ölkə daxilində, istər ölkə xaricində bu amallar hər kəs tərəfindən məhz Heydər Əliyev Fondunun əsas prinsip və idealları kimi də qəbul edilir.

Yaxud, 20-ci əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına Heydər Əliyev Fondu qədər böyük və davamlı dəstək verən ikinci qurum tapmaq çətindir.

Etiraf etməliyik ki, dövlətimizin, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü işlərə ən böyük dəstəyi məhz Heydər Əliyev Fondu vermişdir və indi də davam edir!..

Biz Mehriban xanım Əliyevanı, həm də beynəlxalq səviyyədə çox fəal bir siyasi xadim kimi görür, onun fəaliyyətini bir Azərbaycan qadını kimi sonsuz qürur hissi ilə izləyirik.

O, bu fəaliyyəti ilə bizə, məxsus olduğu xalqın qadınlarına əsl nümunədir.

Fəxr edirik ki, O, harada olursa-olsun, hansı postu tutursa tutsun, Onun üçün AZƏRBAYCAN sevgisi, İNSAN sevgisi birincidir!

Bu sevgidən isə hər kəsdən əvvəl xalqımız və əlbəttə hər bir Azərbaycan övladı bəhrələnir...

“Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin” – bu, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın fikridir. Nə qədər səmimi və nə qədər təvazökar bir münasibət! İnsanlara təmənnasız kömək etmək təməlində əxlaq və vicdan dayanan siyasət deyilmi.

Mehriban xanım Əliyeva “...hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı olmasını özü yazır...” deməklə müxtəlif siyasi oyunlardan, hakimiyyət davasından, yeni torpaq və ərazi bölgülərindən, separatizmdən, müxtəlif münaqişələrdən, başqalarının sərvətlərini haqsız yiyələnməsindən, gücün ədalət, xaosun demokratiya kimi təqdim olunmasından, anbaan artan “parçala və hökm sür” deyənlərdən yorulmuş çağdaş dünyaya sanki çağırış edir.

Bu fikirlər və düşüncələr bir daha göstərir ki, məhz mənəvi ucalıq zirvəsində dayanan Azərbaycanın Birinci Xanımı nəcibliyi ilə böyük hərflərlə yazılmış İNSANLIĞA xidmət edir!..

Onun fəaliyyəti bir Kitabdır, dedim. Azərbaycan xalqının ruhunu oxşayan və insanlığa xidmət edən bu Kitab heç bir tərcüməyə ehtiyac olmadan bütün dillərdə sevilə-sevilə oxunan bir kitabdır. Vətənə, xalqa, insanlığa xoşməramlı xidmət davam edəcək və bu kitabın səhifələri də sonsuza qədər uzanacaq. Və biz də o Kitabı dönə-dönə vərəqləyəcək və sevə-sevə oxuyacağıq..

Bu yazıda mən ürək sözlərimi cənab Prezident İlham Əliyevin Mehriban Əliyeva haqqında fikri ilə yekunlaşdırmaq istərdim. Heç şübhəsiz, heç kim onu, onun ömür, gün yoldaşı, Respublikamızın prezidenti möhtərəm cənab İlham Əliyev qədər xarakterizə edə bilməz:

“Mən çox şadam ki, Mehriban ölkənin bir çox vacib işlərində fəal iştirak edir. Birinci Ledi statusu bir növ həyat yoldaşının vəzifəsindən yaranır, ancaq bu statusun arxasında onu daşıyan insanın iradəsi, səyi və canatımı durur. Mən çox sevinirəm ki, Mehribanın başçılıq etdiyi Heydər Əliyev Fondu çətinlik çəkən insanlar üçün çox iş görür. Heydər Əliyev Fondu dövlət qurumlarında problemlərini həll edə bilməyən insanların son ünvanıdır. Fond son pəncərədir. İnsanlar ora eşidilmək ümidi ilə gedirlər və ümidləri doğrulur... Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq".

Bəli, Mehriban xanım Əliyevanın insan sevgisi ilə dolu olan ürəyindən çağlayan nəcib əməlləri cildlərlə kitabların qızıl hərflərlə yazılmış sətirlərində, insanların qan yaddaşında öz əksini tapacaqdır.

O Kitab ki, yazanı da, yaradanı da Azərbaycanın Birinci Xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti və millət vəkili Mehriban Əliyevadır.

Bu Kitabın isə bir proloqu var: Milyonlarla könüllərdə ucalmış əbədi xalq məhəbbəti.

Məlahət İBRAHİMQIZI

Millət vəkili,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Xəbər lenti

DAHA ÇOX XƏBƏR