• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xəstəlik xanım müğənnimizi tanınmaz hala salıb - FOTO

Xəstəlik xanım müğənnimizi tanınmaz hala salıb - FOTO

Deputat Qənirə Paşayeva xəstəxanada tanınmış müğənni Kəmalə Rəhimlini ziyarət edib. Qənirə Paşayevanın Facebook-da bölüşdüyü təəssüratları təqdim edirik:

"Onun xəstə yatdığını eşidəndə çox təsirləndim və 1 həftə əvvəl müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkməyə getdim. Xəstəxananın baş həkimi Leyla xanımla birlikdə qalxdıq palatasına. Xeyli vaxt idi görməmişdim Kəmalə xanımı və doğrusu onu xəstə görmək qəlbimi sızlatdı. Söhbət etdik, o günləri xatıradıq...

“Bu səs hərdən pəncərəmi döyüb qaçar, qulağıma nəsə, nəsə deyib qaçar...”
Bu səs nəğmə-nəğmə, duyğu-duyğu axar yaddaşa...

Bu səs onun səsi - Azərbaycanın əməkdar artisti Kəmalə Rəhimlinin!
Kəmalə Rəhimli!

Kamallı, rəhimli səsin, şəxsiyyətin sahibi!

Bir zamanların – bizim gənclik illərimizin ən sevilən sənətçilərindən biriydi o!
“Qiyamətdi, Allah, Allah”, “Naz eylə”, “Kimlərə qaldı dünya”, “Yaşa, Azərbaycan”, ...
Sənətimizin yaşayan əfsanə isimlərindən olan əməkdar artist Kəmalə Rəhimli xalqın sevilən sənətçisidir! – Mən “bizim gənclik illərinin” dedim, oysa, Kəmalə xanım kimi sənətçilər bütün dövrlərin gəncliyinin üztutduğu sənətçilərdir...

...Xatırlayıram, üç il öncələr olardı, bir sənət vurğunu mətbuata verdiyi müsahibədə eynən belə deyirdi: “...ilk sevgim Kəmalə Rəhimli olub... Onu göstərəndə, az qalırdı, girəm televizorun iiçinə...” – Bəli, bu xanım sənətçinin gözəlliyi, şirinliyi də, sənəti də, ədəb-ərkanı da sevdirir, cazibədar edirdi onu... Özünəməxsusluğu, bənzərsizliyi ilə bərabər Kəmalə xanımın səsi həm də Eşqin, Əhdin, Vəfanın dilmancı, danışan dili olaraq ovsunladı dinləyicilərini. “Sürünərəm dizin-dizin, ölüncə gözlərəm səni” oxusuyla cəfakeşliyin, sonacan sevməyin, sadiqliyin gercək üzünü tanıtdı, şəkilləndirdi... Kəmalə xanımın səsi bir gözlədi, gözü bir gözəl, saçları bir gözəl, ədası, nazı bir gözəl. Onun simasında bu gözəlliklərin hamısı bir araya gəlib. Səhnə davranışı, sadəliyi, səmimiyyət, təmənnasızlığı ilə sayılıb-seçilən olub. Bunları yazdıqca Kəmalə xanımın çoxsaylı dinləyicilərinə yaxşı tanış olan sənət ömrü dəyərli bir kitab kimi vərəqlənir gözlərim önündə. Dəfolunmaz bir istəklə “Bakı haqqında mahnı”sını yenidən dinləmək, “Mənim sevdam”ın sehrinə düşmək istəyirəm. Nə oxuyubsa ürəkdən oxuyub, qəlbini, könül istisini, hərarətini verə-verə ifa edib. “Sevirəm de”ni belə sevdirib, “Dalğalar”ın cəfasına belə dözüb. Dili “Azərbaycan”, “Gəl dost olaq” deyib həmişə. Bütün Türk dünyasının adından qəm çəkib “Qələbə həsrəti ilə”.

Leyla Şıxlınski xəstəxanasında müalicə olunduğu xəbərini alan kimi həmən görüşünə getdim. Yol boyu qulaqlarımda həzindən-həzin, kövrəkdən-kövrək ifaları səslənməkdəydi: “Sürünərəm dizin-dizin ölüncə gözlərəm səni”. Yol boyu Kəmalə xanımın bənzərsiz ifalarına xüsusi bir ahəng verən, tənasüb yaradan cazibədar fiziki görünüşü gözlərim önündə canlanırdı. Sanki ifa etdiyi o gözəl mahnılarının həzinliyi, kövrəkliyi, qəlbəyatımlılığının özü arayıb tapmışdı Kəmalə xanımı. Axtarmışdı, aramışdı və demişdi ki, “Gəl dost olaq”. Kəmalə xanımın qənirsiz gözəlliyi sanki oxuduğu mahnılarla bəhsləşir. Uyarlı hərəkətləri, saç düzümü, təbəssümü də onunla birgə oxuyur. Yol boyu bütün bunları nostalji duyğularla düşünür, düşünürdüm. Müalicə olunduğu palatının qapısı ağzındaca qarşıladı bizi. Durumunu yaxşı görüb toxtadım. Əlbəəl Leyla xanımdan razılığını bildirdi. Bu ağrılı, çətin durumunda onu tək qoymayan insanlara sonsuz sayğısını, minnətdarlığını dilə gətirdi... Bütün səmimiyyətimlə təskinlik verdim, məxsusi olaraq gətirdiyim gül çələngini gözləriylə bağrına basırmış kimi əzizlədi: “Bu günə kimi heç mənim adımı belə çələnglə anan olmamışdı”. Doluxsunmuş halda pəncərəyə sarı çevrildi. Bax elə bu məqamda “ona göz yetirib oğrunca baxdım, baxdım...”Bu, o idi... İllər boyu bənzərsiz ifaları ilə könlümü əfsunlayan, səsi, avazı pünhan sevgilərimizin aşkar dilmancı olan Kəmalə xanım Rəhimli. O Kəmalə xanım ki, səsi bir gözəldi, nazı, ədası, saçları, baxışı-duruşu bir ayrı gözəl.Eyni zamanda bu gözəlim mahnı elə bil yaranışından Kəmalə xanımın bu günü, bu durumu üçün oxunmuşdu: “Burda çiçək vardı, hanı çiçəklər? Onun qızıl telli ləçəklərini ya illər yolmuşdu, ya da küləklər...”Dilim toxtaqlıq versə də gözlərim onun əynindəki xəstəxana xələtinin nazik yaxalığına, bütün səliqə-səhmanıyla bir arada Kəmalə xanımın ifa etdiyi nəğmələrin şuxluğuyla heç cür uyuşmayan çarpayısna dikilib qalmışdı. Elə bil radio dalğalarından, mavi ekrandan, çoxsaylı görüşlərimizdən mənə doğma, tanış olan o sevimli müğənni xanım elə o oxuduğu mahnıların qanadındaca uzaq bir səfərə çıxmışdı. Yerində onun xatirəsi, adaşı qalıb da müalicə olunurdu. Arada ehtiramla palataya baş çəkən tibb bacılarına xalq şairi Nəriman Həsənzadənin bir şerini əzbərdən söyləmək keçirdi könlümdən; nakam şairimiz Mikayıl Müşfiqin sevimli həyat yoldaşı Dilbər Axundzadənin həkiminə xitabən yazmışdı: “Həkim, o Dilbərdi, ona yaxşı bax, Müşfiqdən xatirə qalandı həkim... Onun xəstəliyi Müşfiq dərdidi, qalan xəstəliyi yalandı həkim...” Lap elə beləcə demək istəyirdim. Demək istəyirdim ki, həkim, bu Kəmalə xanımdı, ona yaxşı bax, sevgidən, vəfadan, gəncliyimizdən xatirə qalandı, qoruyaq gərək”.Yox, bu mənim daxili düşüncələrimin dedikləriydi. Aşkarda isə onunla adi həyat qayğıları barədə hal-əhvallaşırdıq. Rəhmətlik qayınanası, saz havalarının bənzərsiz ifaçısı Rahilə xanım Həsənovanı xatırlayırıq, xalq artisti, görkəmli bəstəkar Şəfiqə xanım Axundovanın son günlərindən söz açırıq: “Şəfiqə xanımdan olmazdı – deyir, - qəlbi həyat eşqi ilə dolu idi. Son nəfəsinə qədər ruhu, düşüncəsi, sənət eşqi öləzimədi...”Bu kövrək məqamlardan diqqətini yayındırmağa çalışıram. Həyat yoldaşını, sevimli oğlunu xəbər alıram. Şükürlər edir. Nigarançılığını da gizlətmir heç: “Ömür möhlət verə, oğlumun toyunu görəm...”

“Sağlıq olsun-deyirəm-toyunu da görəcəksən, gözəl-göyçək nəvələrin də olacaq”.
Gülümsünür: “Dəvət edəcəm hamınızı...”

Yenə də təsəlli verirəm... Hər şeyin yaxşı olacağını deyirəm. Elə bil baxışlarıyla “təki sən deyən olsun - söyləyir mənə – Mən sənət ömrümü vicdanla yaşamışam. Xalqımızın milli sərvəti olan musiqi sənətimizi həmişə böyük vətəndaşlıq duyğusu ilə təbliğ eləmişəm. Hökumətimiz, xalqımız qədirbilən olub...”

Amma, uman yerdən küsündüyü də var... “Mütəmadi olaraq həkim nəzarətində olmalıyam – deyir – Dərmanlarım vaxtı-vaxtında alınmalıdı. Ancaq maddi imkanların buna yol vermir”. Başladığı söhbətdən utanırmış kimi tez də söhbətin səmtini dəyişir. Ata-babalarından söz açır: “Din adamıydılar – deyir. – babam hələ o illərdə məkkəni ziyarət etmişdi. Dünyasını da orda dəyişmişdi. Gözümü açandan həmişə ailəmizdə İslam qanunlarına ehtiram görmüşəm. Evimizdə həmişə “Qurani-Kərim” oxunub. Mən özüm Quranın ayələrini əzbərdən bilirəm, oruc tutur, namaz qılıram...”

Kəmalə xanım danışır, mənsə oğrunca zərif cisminə nəzər salıram. Onun bütün görünüşündə, üz-gözünün cizgilərində haradasa o müqəddəs ruhların qudsal, pak dünyası, Tanrı yolçuluğunu özündə ifadə edən cizgilər qəlbimə sirayət edir. Gözlərim gözünə baxa-baxa bənzərsiz ifaları döyəcləyir yaddaşımı. Bu ifalar insanlıq haqqındadı, əbədi yaxşılıq və əbədi haqlar barəsindədi. “Bir-birimizin yanında olaq, təsəlli yerinə dönək” söyləməkdədi.

Dönə-dönə eşitməyimiz...
Dönə-dönə əməl etməyimiz gərəkdi...

İnanıram ki, Kəmalə Rəhimli vurğunları bugün də onu ekranlarda-efirlərdə arayırlar-axtarırlar. – Bilirsiz, insan sevdiyi, əziz bildiyi sənətçi ilə hər gün görüşməməlidir, bəlkə... Sənətçinin eləcə uzaqdan, bir sənət sirri kimi görünməsi başqa aləmdir... Ancaq..! Ancaq əgər o sənətçinin sağlıq durumu artıq qaydasında deyilsə, iraq olsun, həyata, sevdiklərinə baxdığı gözü nurunu itirə bilərsə , artıq, necə deyərlər, sənət sirri (həqiqəti) deyil, həyat sirri (həqiqəti!) işə düşür – önplana keçir: ONU AXTARMAQ, YANINA GETMƏK, DƏRDİNƏ ŞƏRİK OLMAQ LAZIMDIR! Sonra... Sonra sadəcə, gec ola bilər... Səsinin sehrinə düşdüyümüz, vurulduğumuz insanın həyata, insanlara, sevdiklərinə baxa bilməsi üçün, əziyyət çəkdiyi şəkər xəstəliyindən mümkün miqdarda qorunması, gözlərinin qayğısına qalması lazımdır. – Demək ki, səsi ilə qayğımıza qalmış bu gözəl sənətçi indi özü bizdən, tamaşaçısından, dinləyicisindən qayğı ummaqda haqlıdır!

...Respublikamızın əməkdar artisti, tanınmış müğənni Kəmalə Rəhimli də bütün səhnə fəaliyyəti dövründə musiqi sənətimizin inkişafına dəyərli töhfələr verib. Onun ifasında səslənən mahnılar həmişə vətənpərvərlik, qəhrəmanlıq, milli-mənəvi dəyərlərə yüksəək məhəbbət hissi aşılayıb.

...Bəli, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində hal-hazırda ciddi peoblemlər var. Artıq qeyd etdiyimiz kimi, o, uzun illərdir, şəkər xəstəliyindən əziyyət çəkir və görmə imkanları demək olar ki, tükənmək üzrədir... Səhhətini təhdid edən bir çox başqa xəstəliklər də sevimli sənətçimizin yaşam tərzini çətinləşdirib. Uzun illər mədəniyyətimizə verdiyi töhfələri və hazırkı şəraitdə səhhəttinin qeyri-normal olmasını nəzərə alaraq, həyat şəraitinin yaxşılaşdırılmasına, normal şəkildə müalicə olunmasına şərait yaratmaq üçün respublikanın əməkdar artisıti Kəmalə Rəhimlinin danılmaz, gizlədilməz şəkildə dəstəyə ehtiyacı var...

Ömrünü sənətnə, xalqına, dövlətinin mədəni yüksəlişinə həsr etmiş bir insan kimə güvənməlidir? – Dövlətinə, xalqına, sevənlərinə...

Bəlli olduğu kimi, Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət göstərmiş hər bir sənət adamına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə bu gün ölkə başçısı olaraq, İlham Əliyev cənablarının fəaliyyətinin əsas prinəsiplərindən birini təşkil edir. Təbii ki, Azərbaycan dövlət başçısının xüsusi diqqət və qayğısını üzərində hiss edən sənət adamlarımız ilk növbədə Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət etməyi həyat amallarına çevirir, daha inamla çalışırlar və bu yeni nəsilllər üçün də bir motivasiya qaynağı olur... İnanıram ki, möhtərəm dövlət başçımız Kəmalə Rəhimlinin səhhətindəki ciddi problemləri, onun sənətə uzun illərlə xidmətlərini nəzərə alaraq, Prezident təqüdünə layiq görməklə, mənəvi və maddi dəstək duracaq, təsəlli verəcək. Prezident diqqəti, dövlət dəstəyi “maddi” sözündən ucadır, məhz mənəvi mahiyyət daşıyır, ömrə ömür calayır, gözə nur gətirir! Cənab Prezidentimizin indiyədək neçə vətəndaşımıza, aydınımıza, sənətçimizə belə dəstək durduğunu və onların bundan necə ruhlandığını, xəstəliklərə qalib gəldiklərini görmüşük! Sizə də, Kəmalə xanım, acil şəfalar diləyir, keçmiş olsun, deyirəm! İnanıram ki, qısa zamanda sağlamlığınıza qovuşacaq və sevənlərinizi və xalqımızı gözəl ifalarınızla sevindirməkdə davam edəcəksiniz. Sizinlə təkrar xəstəxana palatasında deyil, konsertlərinizdə görüşməyi arzu və dua edirəm. Allah hər zaman yardımçınız olsun!"

Xəbər lenti

DAHA ÇOX XƏBƏR