Azərbaycanda 200 dərsliyə ehtiyac var
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 200 dərsliyə ehtiyac var

Azərbaycan və rus bölməsini nəzərə almaqla, ölkədə 200 dərsliyə ehtiyac var. Bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.


Nazir hesab edir ki, yeni dərsliklərdə də problem ola bilər: "Amma mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur. Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar vardır. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik".

Nazir müəlliflərlə bağlı problemlərə toxunub və bildirib ki, müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmadığından onlar üçün kitab yazmaq maraqlı deyildi: "Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm, az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, 11 sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm