İlham və Fərizənin ailəsi nalə çəkdi!
Bizi izləyin

Qırmızı.az

İlham və Fərizənin ailəsi nalə çəkdi!

Bu günlərdə Şəhidlər xiyabanında dəfn olunan, 1990-cı il 20 Yanvar hadisələrində qurban getmiş İlham və Fərizə Allahverdiyevaların qəbri üzərində təhqiramiz izlər qoyulub. İctimaiyyət arasında, eləcə də sosial şəbəkələrdə geniş rezonans doğuran hadisə hiddətlə qarşılanıb.

İlham Allahverdiyevin anası, Ofelya İbrahimova Teleqraf.com-a açıqlama verib: “Ürəyimə dağ çəkilib, dönə-dönə. Amma bu dəfəki dağı dağ da götürməz? Bu hadisə hamımızı sarsıdıb. Kimə neyləmişik? Belə Allahsızlıq olar?! Belə rəzalət olar?!”

Ofelya İbrahimovanın sözlərinə görə, bu hadisədən sonra yataq xəstəsi olan, iflic qızı Rəsmiyyənin halı psiləşib: “Bu təhqirə övladlarım tab gətirmir. Oğlum Elxan bu gün Şəhidlər Xiyabanına gedib. Şəhidə qarşı belə hərəkətə kim cəsarət edə bilər? Həmin adamlar tapılıb cəzalanmayınca, mənim ürəyim sakit olmaz”.

İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev Teleqraf.com-a bildirib ki, hadisə ilə əlaqədar hər iki ailənin nümayəndəsi hüquq –mühafizə orqanlarına müraciət edib: “Hadisəni eşidən kimi yoldaşımla birgə getdim xiyabana. Gördüm Fərizənin bacısı da oradadır. Qəbiri təmizləmək üçün özümüzlə vasitə götürmüşdük, gördük artıq təmizləyiblər.

Orada bir-iki qadın da vardı. Dedi ki, səhər saatlarında bu hadisəni görüblər. Sonra Səbayel Polis İdarəsinə getdik, təhqiqat aparmaq üçün iddia ərizəsi yazdıq. Sonra qayıtdıq ki, prokurorluğun işçiləri də gəlib ora. Bu dövləti cinayətdə hansı şərəfsizin əli var, ümid edirik ki, tapılacaq. İlhamla Fərizə təkcə bizim ailənin nümayəndəsi deyil. Bütün Azərbayacana məxsusudur. Hər iki ailə bu cinayətdə kimin əli varsa, həbs olunmasını istəyir!”

Şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Şəhidlər xiyabanında nalayiq hərəkətlərə yol verilməsi birinci dəfə deyil. O, bununla bağlı indiyədək Bakı Şəhər İcra hakimiyyətinə, millət vəkillərinə rəsmi müraciət də edib: “Ailəmlə birgə Şəhidlər xiyabanının gecə saat 12-dən sonra da ziyarət etdiyimiz olub. Dəfələrlə şahid olmuşuq ki, bahalı maşınlardan enən gənc qız və oğlanlar yanlarındakı itləri, köpəkləri qəbir daşlarının üzərindən tullandıra-tullandıra, hay-küylə keçib gediblər. İradımı bildirdikdə mənə, ailəmin yanında deyiblər ki, get işinlə məşğul ol!

Bununla bağlı dəfələrlə mətbuatda çıxış etmişəm, oğlum Mirbəhram da “525-ci qəzet”də “Şəhidlər xiyabanı qınaq obyekti” başlıqlı məqalə ilə də çıxış edib, Bakı Şəhər İcra hakimiyyətinə yazmışam. Heç bir cavab verilməyib.

Hətta bir müraciətimdə də bildirdim ki, vətən uğrunda, keçmişimiz, gələcəyimiz uğrunda canını fəda etmiş şəhidlərimizin uyuduğu bir yer protokol halına salınmalıdı. Xalqımızın müqəddəs ziyarətgahına qarşı bu cür qeyri-əxlaqi, nalayiq, natəmiz münasibət göstərən şəxslər ora buraxılmamalıdır və onlar cəzalanmalıdır.

Şəhidlər Xiyabanı Azərbaycanın bəlkə də ən əxlaqsız insanların gecə saat 1-dən sonra görüş yerinə çevrilib. Düşünürəm ki, bu məsələyə dövlət başçısı özü reaksiya verəcək. İnanıram ki, innən belə Şəhidlər xiyabanının müqəddəs məkan olduğu insanların ictimai şüuruna, mənəviyyatına hopdurulacaq.
Dövlətin Şəhidlər xiyabanına ciddi mühafizə ayırması vacibdir. İki polisin mühafizəsi kifayət deyil. Ora əsgər keşik çəkməlidir. Deyirlər, orada kamera yoxdur. Bu, rəzalətdir”

Seyid Camal Əzimbəylinin fikrincə, bu rəzalətin baş verməsi erməni mənşəli şəxslərin, o cümlədən özlərini radikal islamçı kimi təqdim edən, Azərbaycanda son 11 şəhidi “leş” adlandıran, özlərini vəhhabi təriqətindən hesab edən bir qrupun da işi ola bilər: “Bayaqdan mənə durmadan zənglər gəlir, onlar arasında mənəviyyat adamları ilə yanaşı, dövlət adamları da var. Onlarla bu məsələni analiz edəndə bildirdim ki, bu, erməni təxribatı da ola bilər. Azərbaycanda xüsusən son 11 şəhidimizi kafir elan edən, özünü islam təəssübkeşi sayan, təkfirçi, şəhidlərimizə “leş” deyən radikal vəhhabilərin də işi ola bilər”.

Artıq məsələyə hüquq-mühafizə orqanları da müdaxilə edib. Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi açıb.

İstintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinə tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm