“Bizdə xoruz səsi eşitməyən elə faktlar var ki!..”
Bizi izləyin

Qırmızı.az

“Bizdə xoruz səsi eşitməyən elə faktlar var ki!..”

YENƏ YOL POLİSİNƏ BÖHTAN ATIRLAR

Bu dəfə kimlər və nə üçün?

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan mətbuatının ən çox müraciət etdiyi mövzulardan biri də daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərdir. Mətbuatımızda gedən bu səpkili yazılarda polisin işini təqdir edənlər də olur, tənqid edənlər də.

DİN-in Mətbuat Xidməti kimi gündəlik olaraq polisin fəaliyyətinə aid belə yazıları, əsasən də tənqidi yazıları, xəbərləri, müraciətləri izləyir, əgər orada reallıq varsa, haqlı tənqid və iradları müvafiq instansiyalara məruzə edirik, araşdırırıq və sonda həmin KİV-ə cavab veririk. Bu bizim gündəlik işimizin bir hissəsidir. Lakin polisin fəaliyyəti ilə bağlı son günlər mətbuatda gedən iki yazı - bir müraciət, bir müxbir yazısı üzərində xüsusi dayanıb, bəzi fikirlərimi oxucularla da bölüşməyi vacib bildim.

Avqustun 20-də saytlardan birində özünü Azərbaycan Ziyalılar Birliyinin sədri kimi təqdim edən Eldəniz Quliyevin ölkənin Daxili İşlər nazirinə müraciəti dərc edilmişdi. Özünün iddiasına görə, Ziyalılar Birliyinə rəhbərlik edən şəxsin nazirə müraciəti sizcə necə olmalıdır? Sözsüz ki, müəllifi buna vadar edən səbəb çox ciddi, həm də cəmiyyəti bərk narahat edən bir məsələ olmalı və ziyalıcasına yazılmalıdır. Çox təəssüflər olsun ki, bu vətəndaşın müraciətini oxuyanda müəllifi ilə “titulları” arasında dərin bir uçurum görünür. Və göz önünə nəinki kəmsavad, hətta ibtidai təhsilin, kitab-dəftərin belə nə olduğundan xəbərsiz biri gəlir. Guya polis adının, qanunlarımızın və dövlətçiliyimizin təəssübünü çəkən bu dırnaqarası ziyalı Dövlət Yol Polisinin fəaliyyətindən narazılığını bildirir. Yayın cırhacır istisində, qışın şaxtasında gecə-gündüz yollarda insanların, nəqliyyatın hərəkət təhlükəsizliyini təmin edən, cinayətkarlıqla mübarizə aparan Dövlət Yol Polisinə - böyük bir kollektivin ünvanına təhqir və həqarətlər yağdıran bu adam mundirində dövlətimizin müqəddəs atributlarını daşıyan insanların qarasına "mal oğrusunu xatırladan polis formalı gədələr", "ova çıxmış tülkü kimi şöngüyüb gizlənən" kimi küçə söyüşləri yağdırır.

Ziyalı adına ləkə yaxan, bu ada xələl gətirən, bu adın arxasında gizlənərək başqalarına çirkab atan Eldəniz Quliyev yəqin onu da bilmir ki, daxili işlər orqanlarının işgüzar nüfuzunu gözdən salmağa, polis əməkdaşlarının şərəf və ləyaqətinin təhqirinə yönəlmiş cızmaqarasına görə qanun qarşısında məsuliyyət daşıyır. Hətta olmuş olsa belə, bir nəfərin neqativ hərəkətinə görə onun təmsil etdiyi quruma qarşı əsassız ittihamlar irəli sürmək, onların ünvanına KİV vasitəsilə təhqirlər yağdırmaq birbaşa cinayətdir.

Hiddətlənən DYP əməkdaşları yığılıb onu məhkəməyə versələr, başçılıq etdiyi o birliyin özü kimi 500 şəriki də gəlsə, onu məsuliyyətdən qurtara bilməz. Ayıbdır, E.Quliyev! Heç nəyinə də olmasa, öz saç-saqqalına hörmət elə...

Barəsində danışmaq istədiyim ikinci məsələ isə adlarını çəkib reklam etmək istəmədiyim bir qəzet və onun dəmtutan saytında dərc edilmiş "Nuşirəvan Səfərovun oxuması vacibdir" adlı yazıdır. Bakı Şəhər DYPİ-nin bir əməkdaşının guya qanunsuz hərəkətlərinə həsr olunmuş bu söz yığını niyə məhz N.Səfərova ünvanlanıb? “Mənim səndən-sənə şikayətim var”ın əsl niyyəti nədir?

Çoxsaylı vətəndaşların müraciəti əsasında uzun müddət Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sında yer alan bu qəzeti hazırlayanlar yaxşı bilirlər ki, DYPİ Daxili İşlər Nazirliyinin vacib bir xidmət sahəsi olmaqla dövlət orqanıdır. Oranın əməkdaşları da başda Nuşirəvan Səfərov olmaqla, dövlətin müəyyən etdiyi vəzifələri nazirliyin rəhbərliyi altında icra edirlər. Elə buna görə də həmin idarənin əməkdaşları haqqındakı ictimai rəyi də onların rəislərindən min dəfə çox DİN-in və ən əsası da dövlətimizin, xalqımızın bilməsi vacibdir.

Yol hərəkət qaydasını kobud şəkildə pozan, polisin qanuni tələbinə məhəl qoymayaraq söyüşlə, təhqirlə cavab verən sürücünü müdafiə edərək qanun keşikçisini əsassız ağır ittihamlarla suçlayan belə bir cızmzqaranı dərc edən qəzet və sayt, əslində, bu yolla öz dar düşüncələrinə görə ən çox işləri düşən DYPİ-yə "xox gəlirlər”. Yəni, istəyirsənsə, belə yazmayaq, onda bizimlə hesablaşmalısan, başqa sözlə, tez-tez pozduğumuz YHQ-na görə yazılan protokollar üzrə ödəməli olduğumuz cəriməni bizdən soruşmayın, işıqforun qırmızı işığına məhəl qoymamağımıza, avtomobili sənədsiz, yaxud da sərxoş vəziyyətdə idarə etməyimizə göz yumun, bizdən qorxun və çəkinin. Ancaq unudurlar ki, onlar çox təhlükəli bir yoldadırlar və bu yolla çox da uzağa gedib çıxa bilməyəcəklər. Çünki əlahəzrət Qanun hamı üçün eynidir - özünü ziyalı, müxbir sayanlar üçün də, həkim, çoban üçün də. Qanunun tələblərinə hamı riayət etməlidir.

O ki qaldı adıçəkilən yazıda qeyd olunan Dövlət Yol Polisinə yönəli əsassız iddialara, onları ətraflı şəkildə təkrarlamağa lüzum görmürəm. Mahiyyəti ondan ibarətdir ki, avqustun 18-də saat 24 radələrində BMV-X6 markalı avtomobil qayda pozuntusuna yol verdiyi üçün ərazidə xidmətdə olan YPX əməkdaşları tərəfindən saxlanılıb. Xanım sürücü polisin sənəd təqdim etmək tələbini aqressiv formada qarşılayaraq maşını hərəkətə gətirib. Polisdən qaçmağa çalışan sürücü tezliklə saxlanılıb. Elə əsl mərəkə də bundan sonra başlanıb. Polis əməkdaşlarını nalayiq sözlərlə təhqir edən sürücü xanım, ən nəhayət, heç bir sənədinin olmadığını etiraf edib. Belə olan halda şəxsiyyətini müəyyənləşdirmək və barəsində inzibati protokol tərtib edilməsi üçün sürücü aidiyyəti üzrə polis bölməsinə dəvət olunub. Burada da o öz aqressiv hərəkətlərini davam etdirib.

Bölməyə gələn sürücünün bacısı onun sənədlərini təhqiqatçıya təqdim edib. Məlum olub ki, gecə yarısı heç bir sənədi olmadan BMV-X6 markalı avtomobili idarə edən, yol hərəkət qaydalarını kobud şəkildə pozan, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən bu şəxs Bakı şəhər sakini Samidə Rəhimovadır. Yaxınlarının və özünün üzrxahlığı, eləcə də qadın olması nəzərə alınaraq, S.Rəhimova ilə bağlı yalnız törətdiyi qayda pozuntusuna görə inzibati protokol tərtib edilib. O da öz növbəsində sənəddə qeyd edilənləri imzası ilə təsdiqləyib, heç bir şikayətinin olmadığınlı bildirib.

Yeri gəlmişkən, yol polisləri ilə sürücü arasında olan bütün söhbətlər və hərəkətlər YPX avtomobilinə quraşdırılmış kamera və səsötürücülər vasitəsi ilə qeydə alınıb. O ki qaldı guya polis əməkdaşlarının bu zaman onun paltarını cırması və sifətinə xəsarət yetirmələrinə, bu da açıqca iftiradır. Azca vicdanı olan hər bir vətəndaşımız etiraf edər ki, hətta, belə deyək, ən kobud yol polisi əməkdaşı da qadınlara güzəştə gedir, bəzi xırda qüsurlarına göz yumurlar. Qadının paltarını cırmaq, onun sifətinə xəsarət yetirmək, belə zərif məxluqa qarşı bir neçə polisin güc tətbiq etməsini iddia etmək gülünc olduğu qədər də iyrənc şər və böhtandır.

Fikir verdinizmi, yol hərəkəti qaydasını pozan, polisin qanuni tələblərinə riayət etməyənləri bəzi üzdəniraq yazarlar necə cani-dildən müdafiə edirlər? Çünki onları bir məqsəd, bir hədəf birləşdirir - vəzifə borcunu fədakarcasına, qanunun tələbləri çərçivəsində həyata keçirən polis! Qanuna hörmət edən şəxs onu həyata keçirən dövlət nümayəndəsinə hörmət və sayğı göstərməlidir. Bizim yüzminlərlə belə həmvətənimiz, soydaşımız var. Amma nə edəsən ki, atalar sözündə deyildiyi kimi, meşə...

Sonda onu da xıtırladım ki, öz şəxsi mənafeləri üçün Azərbaycan mətbuatı adına xələl gətirən, jurnalist etikasından xəbərsiz olan belə şəxslər haqqında, onların gündəlik fəaliyyətləri barədə bizdə - DİO-da xeyli "xoruz səsi eşitməyən" faktlar var ki, açıb ictimaiyyətə təqdim etsək, gərək onlar ölkədən baş götürüb qaçalar...

Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm