Qəbələdə antik dövrün zənginlərinin qəbri aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Qəbələdə antik dövrün zənginlərinin qəbri aşkarlandı

Qəbələdə antik dövrə aid qəbiristanlıq aşkar edilib.

Publika.az-ın məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın apardığı tədqiqatlar nəticəsində Soltan Nuxa kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlər aşkarlanıb. İlkin kəşfiyyat işləri zamanı 7 antik qəbir tapılıb.

Antik qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilir. Belə ki, tədqiq edilən qəbirlərin birində bükülü vəziyyətdə qoyulmuş skeletin ətrafına 40 ədəd saxsı qab düzülüb. Qablarla yanaşı, qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunub. Ehtimal ki, bu, varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub.

Bununla yanaşı, antik qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin, digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti xüsusi maraq doğuran dəfn ənənəsini nümayiş etdirir. Antik qəbiristanlıqda arxeoloji tədqiqatların davam etdirilməsi ilə paralel olaraq, aşkarlanmış qəbirlərin rekonstruktiv modellərinin olduğu kimi, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun muzeyində nümayişi də nəzərdə tutulub.

Layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir yaşayış yerində, həmçinin, ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri tərəfindən Dızaxlı kəndi ərazisində 4500-5000 il yaşı olan kurqanın arxeoloji tədqiqi də davam etdirilir.

Qeyd edək ki, Qəbələ ərazisində genişmiqyaslı arxeoloji tədqiqatlar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə aparılır.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm