“Nəqliyyatın idarə edilməsi sistemi bələdiyyələrə verilməlidir” – deputatdan TƏKLİF
Bizi izləyin

Qırmızı.az

“Nəqliyyatın idarə edilməsi sistemi bələdiyyələrə verilməlidir” – deputatdan TƏKLİF

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda nəqliyyatın idarə edilməsi sahəsinin yerli özünüidarəetmə orqanlarına həvalə olunmasını təklif edib.

Publika.az-a danışan deputat bildirib ki, nəqliyyatın idarə edilməsi sahəsini bələdiyyələr icra edərsə, o zaman bu sahədə ən yaxın zamanda müsbət irəliləyişlər müşahidə olunacaq.

“Yol mədəniyyəti Azərbaycan cəmiyyətində problem olaraq qalır. İlk növbədə yol sahəsinə rentabelli vasitə kimi baxmaq lazımdır. Yol ölkənin həm imici, həm iqtisadi potensialının göstəricisi, həm turizmin inkişafı, həm də mədəniyyət göstəricisidir. Ölkənin təqdimatı yolun üzərində qurulur. Yəni, hər kəsin Azərbaycan haqqında ilkin təəssüratı və fikri bu yoldan keçərkən yaranır. Əgər yolda qanunsuzluqlar və mənfi hərəkətlər varsa, bütün bunlar da Azərbaycan haqqında təsəvvür yaradır”.

F.Mustafa qeyd edib ki, son vaxtlar Azərbaycanda kifayət qədər yollar salınsa da, mədəni səviyyə qalxmır: “Azərbaycanda yolların qorunması sahəsində hər hansı təbliğat işi yoxdur. Azərbaycanda normadan artıq yüklərin daşınması, ayı-ayrı yolların tez-tez təmirə dayandırılması, keçidlərin az olması və bu kimi digər məqamlar indi böyük problemlər yaradır. Azərbaycanda bu sahədə ən böyük problemlərdən biri şose yol nəqliyyatından istifadəyə daha çox üstünlük verilməsidir. Sərnişin daşınmada qatar və digər bu kimi ictimai nəqliyyat növlərinə elə də ehtiyac duyulmur və bu sahədə ciddi proqramlar həyata keçirilmir. Misal üçün, elə nəqliyyat növləri var ki, onlardan ciddi istifadə olunması avtobus sərnişin daşınma nəqliyyatının və minik maşınlarının yükünü azalda bilər. Bütün bunlar olmadığı üçün isə Azərbaycanda yol mədəniyyətinin inkişafından danışmaq yersiz olar. Nəqliyyatın digər problemlərindən biri isə sərnişindaşıma nəqliyyat növündə ödənişin kart sisteminə hələ də keçilməməsidir. Kart sisteminin geniş tətbiq olunmaması məcbur edir ki, insanlar ciblərində hər zaman xırda pullar gəzdirsin. Hansı yolların tıxaclı olması barədə məlumatların vaxtında verilməməsi, nəqliyyatın hərəkətinin yaxşı təmin olunmaması, metroda bir sıra problemlərin olması və digər bu kimi halların hamısı təcili həll edilməli məsələlərdir.Bu gün bunların timsalında şəhər infrastrukturunun doğru qurulmadığını görürük. Bakı şəhərində illərdir ki, Böyük Şəhər Bələdiyyə sistemi yaradılmayıb. Ona görə də yollardakı problemlər həllini tapmır. Çünki bələdiyyə öz ərazilərində nəqliyyatla bağlı nəyin necə olunmasını daha yaxşı bilir. Ona görə də hesab edirəm ki, nəqliyyatın idarə edilməsi sistemi yerli idarəetmədə orqanlarına verilməlidir. Artıq buna misal kimi Türkiyə təcrübəsindən faydalanmaq olar. İstanbulda nəqliyyatın idarə edilməsi sisteminə Böyük Şəhər Bələdiyyəsi baxır və bilir ki, sərnişinlərin daşınmasının tam təmin olunması üçün şəhərdə nə qədər nəqliyyat vasitəsi olmalıdır. Bütün problemlərin həlli üçün çıxış yollarını dövlət qurumları özləri müəyyən edəndə, bəzən vətəndaşın vəziyyətini tam şəkildə anlamaq mümkün olmur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm