"Həyat sənin baxışınla anlam qazanır"
Bizi izləyin

Qırmızı.az

"Həyat sənin baxışınla anlam qazanır"

(Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı)

İnsan hər zaman həyatın anlamı ilə bağlı suallara cavab axtarar. Həyatın anlamı nədir? – deyə bəzən öz-özünə, bəzən də başqalarına suallar verərək, cavab axtarmağa çalışar. Başqalarından aldığı cavablar bir çox hallarda onu razı salmaz. Səbəb çox sadədir: Çünki əslində "həyatın anlamı nədir?" – sualının cavabı hər bir insanın özündə gizlidir. Bir sözlə, Həyat sənin baxışınla anlam qazanır... Həyatın anlamı sənin baxışlarında gizlənir...

Qədim zamanlarda bu suala cavab tapmaq istəyən bir adamla bir müdrikin söhbətində deyildiyi kimi... – Bir adam həyatın anlamının nə olduğunu düşünür və tapmağa çalışırmış. Tapdığı heç bir cavabsa ona yetərli gəlmir və o, bu barədə başqalarından soruşmağı qərara alır... amma aldığı cavablar yenə də onu qane etmir.

"Bunun mütləq bir cavabı olmalıdır" – deyərək hər yeri dolaşıb, bunu hər kəsdən soruşmağı qərara alır. Kəndləri, qəsəbələri, ölkələri dolaşır və sualının cavabını tapmaq üçün bir neçə il vaxt sərf dir. Tam ümidini itirmişkən bir kənddə söhbət etdiyi insanlar ona: "bax, bu qarşıdakı dağları görürsənmi? – orada yaşlı bir müdrik yaşayır. İstəyirsən, onun yanına get, bəlkə o sənə axtardığın cavabı verə bilər" - deyirlər.

Çox çətin bir yolçuluğun sonunda adam müdrikin yaşadığı evə çatır. Qapıdan içəri girir və müdrikdən həyatın anlamının nə olduğunu soruşur. Yaşlı müdrik: “Sənə bunun cavabını söyləyərəm amma öncə bir sınaqdan keçməyin lazımdır” – deyir. Adam qəbul edir. Müdrik adamın əlinə bir çay qaşığı verir və içinə də qaşığı tam dolduracaq şəkildə zeytun yağı töküb, deyir: “Otaqdan çıx və bağçada bir dövrə vur, gəz, təkrar bura gəl; ancaq diqqət et, qaşıqdakı zeytun yağı əksilməsin, əgər bir damla da əksilsə, sirri sənə açmayacam.”

Adam gözü çay qaşığında bağçanı gəzib otağa qayıdır. Müdrik qaşığa baxır və deyir: “Doğurdan da qaşıqdakı yağ əksilməmişdir, de görüm, bəs bağça necə idi?”

Adam heyrət içində “...amma mən qaşıqdan başqa bir yerə baxmadım ki!..” – deyir. “İndi bağçanı təkrar dolaşacaqsan və qaşıq yenə də yağla dolu əlində olacaq; amma bağçanı incələyib gəl və mənə anlat, yoxsa sirri öyrənə bilməzsən” - müdrik deyir. Adam təkrar bağçaya çıxır, gördüyü gözəlliklərə heyran qalır. Çünki bağça çox gözəl idi... Adam geri qayıtdıqda müdrik ona: "Bağça necə idi?"-deyə soruşur. Adam gördüyü gözəlliklərə heyran qaldığını deyir. Müdrik gülümsəyir və deyir: “Amma qaşıqda heç yağ qalmayıb..!”

Adamın qaşığa baxdığını görən müdrik fikirlərini belə davam etdirir: – Həyat sənin baxışınla anlam qazanır. Ya sadəcə bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə varmazsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zamanın anlam qazanar... Həyatın anlamı sənin baxışlarında gizlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm