Məktəblilər sevinir, valideynlərsə… - REPORTAJ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Məktəblilər sevinir, valideynlərsə… - REPORTAJ/FOTOLAR

Yeni tədris ilinin başlanması ilə əlaqədar məktəb ləvazimatları satılan mağazalarda dirçəliş var. Hərçənd, bazarlığı əvvəldən edənlər də az deyil. Çünki yay tətilinin sonu çatır, məktəbə hazırlıqlar başlayır, məktəb ləvazimatları satılan mağazalarda sıxlıq olur.

Dərs ilinin başlaması uşaqlara sevinc gətirsə də, bəzi ailələr üçün məktəb ilinin başlanğıçı əsl faciədir. Səbəb isə məktəb ləvazımatlarının qiymətinin ildən-ilə artmasıdır. Çoxuşaqlı ailələrdə isə vəziyyət daha da gərgindir. Belə ailələrdən biri də Rzayevlərdir. Ailənin 3 uşağı var. Ən kiçiyi Əli bu il məktəbə qədəm qoyacaq. O biri uşaqlar isə 5 və 7-ci siniflərdə oxuyurlar.

Ataları Aydın Rzayev deyir: "Keçən il iki uşağın məktəbə getməsi ailəmizə 310 manata başa gəldi. Məktəbli geyimindən tutmuş qələmədək hər bir ləvazimatı almışam. Bu il isə üçünçü uşaq da məktəbə gedir. Məktəbli geyimini almışam, indi də məktəb ləvazimatların almağa gəlmişəm. Keçən illə müqayisədə qiymətlərdə fərq var. Demək olar, hər il qiymətlər artır. Ötən il çantanın birini 10 manata almışdım. Dubay istehsalı idi. Bu il isə çantaların qiyməti 12 manatdan 40 manat arasında dəyişir".

Ümümilikdə, topdan və pərakəndə satış yerlərində qiymətlərdə ciddi fərq görünür. 12 vərəqli dəftər 8-10 qəpikdir. İstehsal olunduğu ölkələrdən asılı olaraq dəftərlərin qiymətləri də fərqlidir. 40 vərəqlı Azərbaycan istehsalı olan dəftərlər 35-45 qəpik, Rusiya istehsalı 50-60 qəpik, Türkiyə istehsalı 70-90 qəpik təşkil edir. 100 vərəqli dəftərlər isə 50 qəpiklə 1 manat arasında dəyişir. Qələm 20 qəpikdən 1 manatadək, karandaş 10 qəpikdən 40 qəpiyədək, xətkeş 20 qəpikdən 50 qəpiyədək, pərgar 1manat 20 qəpikdən 8 manatadək, pozanın qiyməti isə 20 qəpiklə 1 manat arasında təklif edilir.

Mağazaların çoxu hətta şənbə və bazar günləri də işləyir. Mağaza sahiblərindən biri, Adil Əhmədov deyir ki, keçən illə müqayisədə bu il məktəb ləvazimatlarının qiyməti azı 10-15 faiz artıb. Ən çox bahalaşan isə şagirdlərin tez-tez istifadə etdiyi dəftərlərdir: "Baxmayaraq ki, bizdə də dəftər istehsal olunur, amma yenə bahalıqdır. Keçən il 40 vərəqli dəftəri 15 qəpiyə alıb, 20 qəpiyə satmışıq. İndi 18 qəpiyə alıb, 20-22 qəpiyə satırıq. Rusiyadan, Türkiyədən gələn məktəb ləvazimatları isə keyfiyyətdə fərqləndiyi üçün qiymət də nisbətən bahadır".

Birinci sinfə gedən şagirdlər üçün təxmini hesablamalar göstərir ki, bir ailə yalnız bir uşağı məktəbə göndərmək üçün, ən azı, 40-50 manata yaxın pul xərcləməlidir. Təbii ki, bura məktəbli formaları və digər geyimlər daxil deyil. Təxmini hesablamalara görə, ibtidai sinifdə oxuyan bir məktəblinin xərci 120-150 manat arasında dəyişir. Sonrakı siniflərdə bu qiymətlər bir az da artır, yəni 170- 200 manata başa gəlir. Bir məktəbli formanın qiyməti 40-50 manat arasındadırsa, bu, o deməkdir ki, bir evdən iki uşaq məktəbə gedərsə, o zaman valideyn 80-100 manat xərcləməlidir. Bu isə təxminən elə minimum əməkhaqqı deməkdir. Məktəbə gedən şagirdin də, ailənin də digər xərcləri var. Ümumilikdə ölkənin gəlir səviyyəsini nəzərə alanda 50 manat heç də hamı üçün kiçik rəqəm kimi görünməyə bilər. Nəzərə alsaq ki, ölkədə aztəminatlı, ünvanlı sosial yardım alan, heç bir üzvü çalışmayan ailələr var və onların bu qiymətə forma və məktəb ləvazimatları almaq imkanı yoxdur, deməli, ən azı, bu cür ailələrə güzəştlər nəzərdə tutulmalıdır.

Bakı Tikiş Evinin hazırladığı məktəbli formalarının rəsmi qiymətləri isə belədir: 1-4-cü siniflər üçün nəzərdə tutulan məktəbli formaları 40 manat, 5-6-cı sinif şagirdlərinin geyimləri 45 manat, 7-11-ci sinif şagirdlərinin geyim formaları isə 53 manat. Bakının müxtəlif yerlərində BTE-nin 24 mağazası fəaliyyət göstərir. Bundan əlavə, başqa dövlətlərin istehsalı olan məktəbli formaları da satılır ki, onların qiymətləri isə 25-50 manat arasında dəyişir. Amma bu məktəbli formaları əsasən paytaxtdan kənar rayon və şəhərlərdəki məktəblər üçün nəzərdə tutulub.

Tural Mustafayev

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm