• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sovet atom bombasının yaradıcılarından biri, külü Bakıda dəfn edilən gizli azərbaycanlı alim...

Sovet atom bombasının yaradıcılarından biri, külü Bakıda dəfn edilən gizli azərbaycanlı alim...

O, uşaq olarkən bir qaraçı təsadüfən onun falına baxır və gələcəyi haqqında iki nişan verir: birincisi, onu deyir ki, gələcəkdə böyük alim olacaqsan. Sonra da düz 90 il yaşında vəfat edəcəyini söyləyir. nədənsə bu sözlər sonradan böyük alim olan, kimya, nüvə reaktorları sahəsində ən peşəkar mütəxəssislərdən olan Abbas Çayxorskinin əbədi olaraq yaddaşında qalır.

Beləliklə, Modern.az elm xadimləri haqqındakı araşdırmalarını davam etdirir. Bu dəfə barəsində danışacağımız adam qədim Göyçədə doğulub sonradan bütün SSRİ-nin “atom”una nəzarət edən akademik Abbas Çayxorskidir.

SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1981), neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru Abbas Çayxorski 1917-ci ildə indiki Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olub. 1908-ci ildən sonra ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır.

Nəyə görə Çayxorski?

Alim tədqiqat sahəsinə görə SSRİ-nin “gizli alimlər” siyahısına daxil idi. Çünki “soyuq müharibə”nin əsas elementlərindən olan atom və nüvə reaktorları hələ Stalinin vaxtında SSRİ-nin ən güclü alimlərinə tapşırılırdı. Xüsusilə də Eynşteynin atom fizikası üzrə inqilabı kəşfindən sonra Stalin rəqibindən geri qalmamaq üçün ən akademik Kurçatovun rəhbərliyi altında ən güclü fiziklərin bu işə cəlb olunmasını istəyir. O vaxtdan bu sahənin alimləri təhlükəsizlik xidmətləri ilə bərabər çalışdığından adları çox zaman gizli saxlanılırdı. Professor Çayxorski də bu gizlinlərdən biri idi.

“Çayxorski ” soyadının yaranmasının maraqlı tarixçəsi var. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: ulu babası inanclı adam olduğundan soyad kimi “Çaxırlı” yox, “Çayxorlu” (“çay xoşlayan”) soyadını seçir. Onun həm də liberal baxışlı insan olduğunu xatırladan Aleksandr ulu babasının çar III Aleksandr tərəfindən Polşaya sürgün olunduğundan bəhs edir. Elə Polşada da həmin soyad polyak sayağı formasını alır - “Çayxorski”.

Elmdəki Çayxorski

A. Çayxorski neptun kimyası sahəsində bu gün də öz aktuallığını saxlayan nəzəriyyələrin müəllifidir. Həmin nəzəriyyələrə həsr etdiyi monoqrafiyalar bu gün də kimya və fizika sahəsində keçərlidir. Bundan əlavə, 12 il atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri olan alim dahi Mendeleyevdən sonra elementlərin dövri cədvəlini hazırlayır. 1970-ci ildə hazırladığı cədvəl Mendeleyev cədvəlinin modifikasiyası hesab olunur. Kimyaya beşinci kvant ədədinin gətirilməsi ideyasının müəllifidir. Çayxorskinin 1978-ci ildə yazdığı “Neptun kimyası” monoqrafiyası bu gün də öz sahəsində aktuallığını qoruyub saxlayır. Kitab ABŞ-da bir neçə patent də qazanıb. Bu sahədə onun adı Nobel laureatları – Q. Siborq, V. Qoldşmit, R. Penniman, A. Nesmenyayev və V. Spitsınla yanaşı durur. Onun tələbələrindən 2-si SSRİ Elmlər Akademiyasının akademiki seçilib, 12 elmlər doktoru isə onu öz elmi rəhbəri sayırdı. A. Çayxorski həmişə yenilik axtaran alim, həssas tədqiqatçı kimi nəzəri məsələlərlə məşğul olub.

O niyə boykot edildi?

Zaman elə gətirir ki, Çayxorski təhsil aldığı və elm sahəsində bərkidiyi illərdə müharibə başlayır. Hamı kimi onun da işlərinə müharibə tərəfindən sədd qoyulur. Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər. 1947-ci ildə o, Çelyabinskdə təşkil olunmuş atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir. Tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr dünyaya gəlir. Elə məqaləni yarım-başlığı da məhz bu cümlədən sonra, yəni oğlundan sonra qüvvəyə minir. Əks fikirli insan olan oğlu Aleksandr mühacirətə getmək üçün on il səy göstərməli olur. Bundan əvvəl isə 1973-cü ildə onu təhsil aldığı universitetdən uzaqlaşdırırlar. O zaman universitetin rektoru Çayxorskinin yaxın dostu olsa da, o oğlu naminə xahiş etməyi özünə sığışdırmır. Dövlət orqanları oğlunu boykot etsələr də, alimin xüsusi sahədəki peşəkar xidmətlərinə görə heç kim ona toxunmur.

SSRİ dönəmində yaxın adamına görə bir adamı narahat etmək, vəzifədən çıxarmaq adi iş idi. Lakin bu öz sahəsinin tək-tük mütəxəssisi olan Çayxorskiyə qəti aid edilmir. əksinə o, daha da irəliyə getməyi bacarır və “xalqlar həbsxanası”nın atom strategiyasına nəzarət edir. Yalnız 1997-ci ildə, müstəqil Rusiya dönəmində alimə qarşı bəzilərində illər ərzində qalaqlanmış kin özünü büruzə verir. Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına ABŞ-a gedərək yaşadığı Rusiya xüsusi orqanları tərəfindən səhv anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-da da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur. Amma həm qocalıq, həm də başqa psixoloji amillər alimə Amerika elmi cəmiyyətində uğur qazanmasına mane olur. 91 yaşında - 2008-ci ildə, Nevada ştatının Rino şəhərində başa vurur.

Çayxorski və Azərbaycan

Rusiya və Amerika kimi ölkələrdə yaşamasına baxmayaraq alim üçün Azərbaycan hər zaman ən böyük mənəvi zirvə olub. Oğlu Aleksandr da söhbətlərində bu amili hər zaman qeyd edib. Belə ki, ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilir, məqalələri Akademiyanın mətbu orqanında dərc olunur. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ona fəxri doktor adı verir. 2009-cu ildə 28 illik fasilədən sonra Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir. Həmin kül Bakıda köhnə qəbiristanların birində basdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR