“Kirayə mənzil axtarılır” – Fotoreportaj
Bizi izləyin

Qırmızı.az

“Kirayə mənzil axtarılır” – Fotoreportaj

Son aylarda kirayə ev bazarında qiymətlərin artması müşahidə olunur. Buna səbəb isə yeni tədris ilinin başlamasıdır. Avqust ayında qiymətlər bir az da artıb.

Oğuzdan paytaxta köçməyi planlaşdıran Qalib Mahmudov deyir ki, artıq bir həftəyə yaxındır ki, kirayə ev bazarına gəlir. Amma münasib ev tapa bilmir: “Bir həftədir kirayəyə ev axtarıram. Əvvəllər özüm burada tək idim, işləyirdim, 3-4 yoldaş birləşib qalırdıq. İndi ailəmi gətirmək istəyirəm. Amma münasib qiymətə ev tapa bilmirəm. Evlərin qiyməti qalxıb. Əvvəllər 100-120 manata ümumi həyətlərdə evlər tapmaq olardı, indi isə ümumi həyətlərdə evlərin qiymətləri qalxıb. 150-200 manatdan aşağı evlər yoxdur. Odur ki, hər gün gəlib-gedirəm. Amma nə fayda, hələ də tapa bilmirəm”.

20 ildir ev dəllalığı edən Əsəd İbrahimov da son ayda kirayə evlərin qiymətinin qalxdığını deyir: “Demək olar, artıq kirayə ev tapmaq mümkün deyil. Olanlar da bahadır. Kirayə ev axtaranlar isə çoxdur. Ev sahibləri kirayə evlərin qiymətini qaldırıb. İyulda evlərin qiymətləri indikindən aşağı idi. Demək olar, hər ay qiymətlər qalxır. Keçən ay 120-130 manata olan ümumi evlər bu ay 150 manata qalxıb. Əsasən metroya yaxın və şəhər mərkəzində yerləşən mənzil kirayəsi daha bahadır”.

Tələbələr də artıq kirayə ev axtarışına başlayıblar. Cavanşir Əliyev bu il Bakı Biznes Unversitetinə qəbul olub. Əslən Zaqatala rayonundandır. Təhsil alması üçün isə mütləq qalmağa kirayə ev lazımdır. İki gündür ev bazarına gəlib-gedir. Amma münasib qiymətə münasib ev tapa bilmir: “Birotaqlı həyət evlərini 150-200 manata təklif edirlər. Həyət də ümümidir. Bütün kirayə qalanların cəmi bir hamamı, bir tualeti var. Hamı da ordan istifadə edir. Bu da bizi qane etmir. Bina evlərində mənzilləri isə baha verirlər. Birotaqlı evin kirayəsi 300-350 manatdır. Buna isə maddi imkan yoxdur”.

Həmsöhbət olduğumuz digər zaqatalalı tələbə Məhərrəm Hacıyevdir. Bu il Baki Avrasiya Universitetinə qəbul olub. İnd isə qalmağa kirayə ev axtarır: “Unversitetimizin yataqxanası var, amma çox təəssüf ki, yataqxana yalnız qızlar üçündür. Oğlanlar üçün isə unversitetin yataqxanası yoxdur. Ona görə məcbur olub kirayə ev bazarına gəlmışik. Ev tapa bilmirik. Şəraitli evlərin qiyməti çox bahadır. Ucuz, normal şəraitli evlər isə şəhər kənarlarında və Bakı kəndlərindədir”.

On beş il dəllal işləyən İlqar Əliyev deyir ki, hər il satılan və kirayə verilən mənzillərin qiyməti qalxır: “Ötən il kirayəsi 200 manata olan evlər indi 300 manatadır. Qiymət artımının səbəbləri müxtəlifdir – Bakı şəhərində söküntülər, tələbələrin Bakıya axını. Bu il qiymətlərdə ciddi artım var. Ötən il satışa çıxarılan 1 otaqlı evin qiyməti 50000 manat idisə, indi həmin evlərin qiyməti 60-65 min manatdır. Sovetski sökülür, insanlar ordan köçür. Ən çox kirayə mənzilllər həmin ərazidə olurdu. İndi isə oranın sakinləri özləri kirayə ev axtarırlar. Ona görə ev bazarında ciddi qiymət dəyişiklikləri var. İki-üç otaqlı kirayə evlərin qiyməti 350-400 manat arasında dəyişir. O da baxır mənzilin şəraitli olub-olmamasına”.

Ekspertlər isə iyulda mənzil kirayəsi bazarında qiymətlərin tələbə uyğun dəyişdiyin bildirirlər. Publika.Az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun araşdırmasına istinadən bildirir ki, əgər ötən ilin iyul ayında kirayə mənzil bazarında orta qiymət 713 $/mənzil və ya 10.6$/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 693 $/mənzil və ya 12.03 $/kv.m olub. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində -10,58% azalma, 1 kv.m sahənin kirayə qiymətində isə 0,67% artım olub. Hesabat ayında kirayə verilən evlərin qiymətində azalma kirayə verilən evlərin sahəsinin az olması ilə izah edilir.

Tural Mustafayev

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm