• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kazbek həbsxanada necə öldü – Kədərli

Kazbek həbsxanada necə öldü – Kədərli

Bir səhər Kazbekin ölüm xəbəri yayıldı. “Zon”da söz-söhbət gəzirdi ki, Kazbekin ölümü sifarişli imiş. Bu xəbər məni sarsıtmasa da, çox pis təsir etdi. Gərək Kazbek belə qətlin qurbanı olmayaydı...

Bu ölüm xəbərini yazmazdan öncə bir qədər əvvələ qayıtmaq istəyirəm.

10 saylı Cəza Çəkmə Müəssisəsi ilk günlərdə mənə rahatlığı ilə xoş təsir bağışlamışdı. Bayıl türməsindən fərqli olaraq burada demək olar ki,azad idik. Səhər yuxudan ayılandan, axşam yatana qədər Müəssisənin geniş həyətində gəzməklə vaxtı öldürüb günü sovurmağınçəmini tapmışdıq. Yadıma düşür ki, Bayıl türməsindən ayrılacağımız səhərin axşamı 6-cı korpusun 106-cı kamerasında qeyd olunan vidalaşma “ziyafətində” köhnə “koterjanlar” mənə belə də demişdi:

- Azadlığın mübarək!

Əslində, dustaqlar üçün bu, azadlıq deyildi. Amma azadlığa gediləsi yolun üstünə çıxmaq idi. Artıq hər şey arxada qalıb. Məhkəmə olub, hakim haqlı, və ya haqsız olaraq hökm verib, cəzanı müəyyən edib. Qalır hər ötən günlə təqvim vərəqi kimi illəri ələməyin.

Ötən yazılarımda yazmışam. Əvvəlki günlər təmsil olunduğun əhldən sənə dəstək olur. Ta o vaxta qədər ki, çöldən sənə dəstək gəlir. Yaxud 15 gündən sonra özün öz seçimini edirsən. Bu haqda danışmışıq.

Kazbeklə tanışlıq

Cəza evində vaxtı öldürmək üçün müxtəlif yollar aranır, ağıla gəlməyən işlər görülürdü. Dustaqların əl işləri, yaxud onların maraq dünyası çox müxtəlif olur. Boş vaxtlarını taxta üstündə oyma işləri görənlər, təsbeh hazırlayanlar, mücrü, sandıqça, nərd, şəkil taxmaq üçün çərçivələr düzəldənlər, əslində, bir yaradıcılıq mərkəzinin nümayəndələri idilər.Bundan əlavə, Cəza Müəssisəsində günlərini pişik saxlamaqla səmərəli keçirənlər, kino həvəskarları, idmanla məşğul olanlar və sairlər də yetərincə idi. Mən “zona” daxil olarkən orada 1200 dən artıq dustaq vardı. Kazbeklə də mən elə Cəza evindəki ömrümün ilk günlərində tanış olmuşdum.

Bu dəfə mən oxucularıma ondan bəhs edəcəyəm. Kazbek cəza evində dustaqlara elə qaynayıb-qarışmışdı ki, hər kəsə “ərk” edə bilirdi.O sevilirdi vəbu sevgiyə səbəb onun özünün bacarığı idi.

Mənə Kazbeki kəndçim “Qara kəl” ayamalı İlyas Əvəz oğlu Şükürov nişan vermişdi.

- Bu yekəqarını görürsən?

- Hə görürəm, - demişdim.

Ağıllı Kazbek

Sonra o əlində süpürgə müəssisənin həyətini süpürən “opartaçyonnu”dustağı göstərib dedi:

- Kazbekbu Baltadan çox ağıllıdır. Bax, indi Baltanı çağırıb“laryok”a (Müəssisənin həyətindəki dükan) getmək üçün pul verəcəm.Başa çatdırmaq üçün mənə 50 sual verəcək.

Sonrada cavabımı gözləmədən: - Aya, Baltasan, kəlbətinsən-nəsən, gəl bura, get “laryoka” mənimçün kolbasa al.

Balta ayaqlarını yerə sürtə-sürtə:

- Elə indi gedim? “Obed”in vaxtına qalıb axı...

Baltanın bu cavabından sonra İlyas mən tərəfə döndü:

- Gördün? İndi Kazbekə fikir ver, deyibdə bir qədər aralıda,qonşu əhlin “besedka”sında özünü kölgəyə verən Kazbekə tərəf möhkəmdən qışqırdı:

- Kazbek!

Kazbek gərnəşərək ayağa qalxdı. “Əllərini” torpağa möhkəmcə basıb ayaqlarını geri itələdi, sanki dartıldı, bədənini çırpırmış kimi hərəkətlər edib, kal yuxunu özündən qovdu. Yenidən möhkəmcə gərnəşdi. Sonra ağır-ağır bizim oturduğumuz kətilə yaxınlaşdı. İlyas cibindən minmanatlıq(20 qəpik) çıxarıb Kazbekin boynundakı sancağa keçirtdi:

- Qaç, “laryok”a sosiskadan, kolbasadan al, ye.

Kazbek həmən dükana tərəf götürüldü. Durub ardınca getdik. Biz ora çatdıqda o artıq dükanın qapısı qarşısında iki nazik dilim kolbasanı iştaha ilə yeyirdi. Mən təəccübləndim. İlyas:

- Hələ bu nədir, sən Kazbeki sonradan daha yaxından tanıyacaqsan, - dedi.

Və tanıdım da.

Qumarbaz Kazbek

Marağımı görüb Kazbek haqda mənə hər kəs bildiyini danışırdı. Ümumiyyətlə, Cəza evinə gələn dustaqların əksəriyyəti ilk günlər Kazbeklə maraqlanırdı. Bir müddət keçdikdən sonra isə Kazbek də adiləşir və qarışırdı köhnə ölülərə - müəssisənin həyətində veyl-veyl gəzən həmcinslərininsırasına.

Danışırdılar ki, Kazbekdə güclü intuisiya var. O,nəzarətçilərilap uzaqdan tanıyıb, adi dustaqlardan fərqləndirə bilir. Məhz ona görə də dustaqlar qumar oynayanda onu barakın 2-ci mərtəbəsində pəncərənin qarşısında otuzdururdular ki, nəzarətçilər gələndə “xəbər eləsin”. Deyilən görə də Kazbek formada olan nəzarətçiləri görcək ucadansəs edirmiş, əlləri ilə ayaqlarının altını cırmaqlayırmış. Deyilənlərə inansaq, nəzarətçilər bunu bilirmiş və guya qumar oynayanları tutmaq zamanı Kazbekin gözündən yayınmaq üçün başlarına dustaqların əksəriyyətinin geydiyi toxunma idman papağı geyinirmişlər. Hər halda mən Kazbekin pəncərə ağzında oturduğunu görsəm də, nəzarətçilərin gəlişini xəbər verməsini görməmişdim. İlyas deyir ki, Kazbekə hər oyundan sonra qumarda əli gətirən dustaq yarım kilo sosiska alarmış.

Konfet kağızı ilə bazarlıq edən Kazbek

Bir dəfə İlyas dedi ki,dükanda işləyən dustağın başına oyun açacağam, ondan xoşum gəlmir. Mən ona dedim ki, o, mastovikdir və türmə rəhbərliyinə işləyir, sənin üçün “prokladka” hazırlayar, pis vəziyyətdə qalarsan. İlyas:

- Kazbek mənə kömək edəcək, - dedi.

O, Kazbeki yanına çağırdı və boynundakı sancağa səliqəli şəkildə pul bağlayırmış kimi konfet kağızını ilişdirib, “irəli, laryoka!” - deyə, əmr etdi. Kazbek bir göz qırpımında irəli şığıdı. Biz də ardınca.

Biz dükana girdikdə Kazbek artıq şüşə xəfəngin üstündə oturmuşdu. Boynundakı bərkidicidə konfet kağızı yox idi. Satıcı dustaq kağızı açıb atmışdı və təbii ki, Kazbekə yemək üçün heç nə verməmişdi. Kazbek çox narahat idi. Gözləri ilə satıcının hərəkətlərini izləyirdi. Dustaqlar hər dəfə kolbasa, sosiska aldıqda yazıq bir qədər səsini avazıdırdı. Və elə başa düşürdü ki,bu dəfə soyuducudan götürülən kolbasa onun üçün doğranır. gümanı yanıldıqda isə yenidən şüşəni cırmaqlayır və hirsli-hirsli mırıldanırdı.

İlyası görcək bir qədər sakitləşdi,gözlərinə sanki işıq gəldi. Qəribə səslər çıxarıb satıcı dustağa tərəf boynunu uzatdı. İlyas satıcıya:

- Adə, “çurban”,bunun pulunu alıb, sosiskasını niyə vermirsən? Bilmirsən ki, o, düzdür, əliboş gəlməz bura?

Satıcı:

- Onun boynunda konfet kağızı idi, pul yox idi, – desə də, dodağının altında mızıldana-mızıldana iki nazik dilim kolbasa kəsib qapıdan bayıra - daşın üstünə atdı.

Kazbek anında bayıra sıçradı.

Onun bir özəlliyi haqda da danışırdılar. Deyilənlərə görə, Kazbek ac olanda “qaragün”ə (“Qaragün” dustaqların özləri üçün yemək hazırladığı böyük bir mətbəx idi, burada eyni vaxtda 50-yə yaxın adam yemək hazırlayır, çay qaynadardı) gəlir və hansısa dustağın ayaqlarına sürtünərək xoşhallanır, sanki yemək üçün yalvarışlar edirdi. İlyas deyirdi ki, Kazbek ona yemək verməyən dustağın ayaqlarına “çiş” eləyib aradan sivişərmiş.

Kazbekin ölümü

Kazbekə diqqət doğurdan da çox idi. Onunla həmişə maraqlananlar vardı. Və bunlar da əsasən Cəza Müəssisəsinə gələn yeni dustaqlar olardı ki,ona pul xərcləyər, kolbasa, sosiska alardılar. Köhnə dustaqlar bəzən onun üstünə acıqlanardı da... Buna səbəb onun kifayət qədər qarınqulu olması idi.

Keçmiş döyüşçü, dava-dalaşa və narkotik maddələrdən istifadə etdiyinə görə həbs olunan ağdamlı Arzuman deyirdi ki, Kazbek şortudu. O bir qarın yeməyə bütün müqəddəsləri satar. Eynən müharibə zamanı torpaqlarımızı erməniyə satanlar kimi...

Bir səhər Kazbekin ölüm xəbəri yayıldı. Onu Cəzaçəkmə Müəssisəsinin rəis müavini Vəli Şirinovun kabinetinin qapısında duran “dnivalni”si “mostavik”dustaq, balakənli Hüseyn Vəli müəllimin “Mercedes”inin təkərlərinin altında qoymuşdu. “Zon”da söz-söhbət gəzirdi ki, Kazbekin ölümü sifarişli imiş...

Kazbek yaxşı pişik idi. Onunla Cəza Müəssisəsinin həyətində dolaşan itlər də bacarmamışdı...

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR