Gəncədə içməli su və kanalizasiya sistemləri yenilənir
Bizi izləyin

Qırmızı.az

Gəncədə içməli su və kanalizasiya sistemləri yenilənir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın ikinci böyük şəhəri olan Gəncədə istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərinin birinci mərhələsi yekunlaşıb.

Layihənin ilkin mərhələsində su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi işləri aparılıb. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək 3 su mənbəyi – Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilib.

Layihənin birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi üzrə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilib, tutumu 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilmiş və su mənbəyindən anbaradək 24,5 km uzunluğunda magistral su kəməri çəkilib. Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaqdır.

Şəhəri içməli su ilə təmin edən digər mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilib, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilib, 9,5 km anbarlararası su xətləri çəkilmişdir. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.

Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan götürüləcək su 27,5 km uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcəkdir. Hazırda magistral su kəmərinin inşası davam etdirilir.

Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Layihəyə əsasən inşası nəzərdə tutulan 576 km uzunluğunda paylayıcı su xəttinin 30 km-lik, 582 km uzunluğunda kanalizasiya şəbəkəsinin isə 32 km-lik hissəsi çəkilib. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.

Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarına smart-kart tipli su sayğaclarının quraşdırılmasına da başlanılmışdır. İndiyədək 119 binada 7 minə qədər abunəçi smart-kart sayğaclarla təmin olunub.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm