Elektron ticarət, yoxsa fırıldaqçılıq?
Bizi izləyin

Qırmızı.az

Elektron ticarət, yoxsa fırıldaqçılıq?

Corabdan hazırlanan zənbil, saxta pul yoxlayan qələm, dollar-tualet kağızı, limon sıxan, lak qurudan, yumurta qıran, iynə saplayan və s. kimi unikal dəstlər....

Yəqin ki, sizə də maraqlı gəldi. Qiymətləri də çox baha deyil; 3-4 manatdan başlamış 10-15 manata kimi.

Elə kompüter qarşısında oturanları da onlayn mağazalar belə aldadır. İlk baxışda cəlb olunursan, onlayn ödənişdən sonra evinə gətirdikləri çox keyfiyyətsiz bir qurğunu gördükdə aldandığını və pulunu mənasız və lazımsız bir əşyaya verdiyini anlayırsan. Bəziləri aldıqları məhsulu 1-2 dəfə istifadə etsələr də, sonra onun keyfiyyətsiz, yararsız olduğunu gördükdə oyuncaq əvəzi balaca uşaqlara verirlər. Bütün dünyada əlverişli alış-veriş üsulu - elektron ticarət inkişaf etsə də, Azərbaycanda bu sahəyə maraq nədənsə azdır. Bu, bir tərəfdən onlayn ticarət vərdişinin olmaması və mentalitetlə əlaqələndirilirsə, digər tərəfdən elektron ticarətlə məşğul olan şəxslərin istehlakçıları aldatması ilə bağlıdır.

Azad İstehlakçilar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında birliyə onlayn sifarişlə alınan bu tip şikayətlərlə xeyli sayda müraciətin olduğunu deyir: “Şikayətlər daha çox onlayn ticarətçilərin əslində işə düzəltmə müəssisəsi kimi fəaliyyət göstərməsi, daha çox gəlir əldə etmək istəyilə bağlıdır. Bəzən müştəri elektron qaydada pulu ödəsə də, sifariş verdiyi mal gəlib çıxmır. Bəzən isə məhsul reklam olunduğu kimi keyfiyyətli olmur”.

Tanınmış brend mağazalar adətən alıcıya keyfiyyətinə əmin olduqları məhsulları təqdim edirlər. Həmin şirkətlərin qaydalarına görə, müştəri 2 ay müddətinə şikayət edə bilər və bu zaman satış tərəfi məktuba cavab verməzsə, onlayn hərrac şirkəti avtomatik olaraq onun hesabından pulu çıxararaq müştərinin hesabına keçirir. Azərbaycanda ingilis dilini az da olsa bilən şəxslər onlayn sifarişləri yalniz xarici ölkələrdən edirlər. Yerli onlayn satış şirkətləri vasitəçi kimi çıxış etdiyindən eyni mal onlarda 20-30 faiz baha çıxır. Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda istehlakçılar daha çox onlayn sifarişlə aldıqları məhsulun tələblərinə uyğun olmadıqda, onun geri qaytarılma mexanizminin olmamasından şikayətənirlər: “AİB-ə belə şikayətlər daxil olur. Alıcı malı alır, malın ya ölçüsü, ya rəngi uyğun gəlmir. Onu qaytarmaq istəyir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, istehlakçı 7 gün ərzində malı dəyişmək, qaytarmaq, pulunu geri almaq hüququna malikdir. Lakin elektron ticarətdə bu çox zaman mümkün olmur”.

Əslində, elektron ticarət olduqca rahat və əlverişlidir, biz evdən, ofisdən çıxmadan, internet vasitəsilə alış-veriş edə bilirik. Elektron ticarətin bir üstünlüyü də müqayisə və geniş çeşidin olması, o cümlədən vaxta qənaət etməkdir.

Publika.az-ın araşdırmasına görə, 2013-cü ilin yekunlarına əsasən, elektron ticarətin həcmi 2,6 milyon manata çatıb. Bu əvvəlki illə müqayisədə 1,6 dəfə artım deməkdir. Lakin bununla belə elektron ticarət ümumi pərakəndə ticarətin 1%-ni belə təşkil etmir. Bəs elekton ticarətin inkişafina nə mane olur?

Elektron ticarətə inamın aşağı olması, xüsusən də, elektron ticarət zamanı vəsaitlərin götürülə bilmək təhlükəsinin mövcudluğu elektron ticarəti əngəlləyir. Digər bir səbəb isə heç də hamıda plastik kartların olmamasıyla bağlıdır. Məlumat üçün bildirək ki, ölkədə 5 milyona yaxın plastik kart var və orta hesabla hər 3 nəfərə 1 plastik kart düşür. Ekspertlər hesab edirlər ki, elektron ticarəti inkişaf etdirmək üçün birmənalı şəkildə plastik karta sahib olmaq və ödənişləri plastik kartla etmək lazımdır. Vüqar Bayramovun Publika.az-a verdiyi məlumata görə, elektron ticarətin inkişafina maneə yaradan səbəblər içərisində yerli internet səhifələrinin təhlükəsizliyinin zəif təminatı məsələsi də var. Digər bir səbəb isə elektron ticarət vərdişlərinin olmamasıdır. Xarici ölkələrdə elektron ticarəti yüksəltmək üçün ƏDV və satış vergisi tətbiq edilmir.

Ekspertlərin fikrincə, elektron ticarətin inkişafı həm də nəqdsiz ödənişlərlə bağlıdır. Qardaş Türkiyədə nəqdsiz ödənişlərlə bağlı bonus sistemi tətbiq olunur. Alıcının ödədiyi məbləğin bir hissəsi ilin sonunda bonus şəklində onun özünə qaytarılır. Bəs elektron ticarəti inkişaf etdirmək üçün nə etmək lazımdır?

Ekspertlər hesab edirlər ki, inkişaf etmiş ölkələrin praktikasında nəqdsiz ödənişlərlə bağlı inzibati metodlar tətbiq olunur. Məsələn, elə nəqd ödənişlərə məhdudiyyətlər qoyula bilər.

İstənilən halda, elektron ticarət ənənəvi ticarətdən daha sərfəli ola bilər. Sahibkarın buna görə böyük işçi korpusu saxlamasına ehtiyac yoxdur. 1 otağı kirayə etmək və anbarın olması kifayətdir. Bəlkə də, bu sektora xüsusi diqqət yetirməyin zamanıdır. Əgər bu sahədə fəaliyyət göstərən bütün qurumlar vergi nəzarəti altına salınsa, böyük həcmdə vəsait büdcədən yan keçməz.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm