Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma
İnstitutu ilə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.
Komitədən Publika.az-a verilən məlumata görə,
memorandum Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma
İnstitutunun direktoru Sabiq Abdullayev və “İnnovasiyalar Mərkəzi”
MMC-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.
Memorandumun əsas məqsədi dövlət və qeyri-dövlət təşkilatlarına
standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq
xidmətlərinin göstərilməsi, birgə təlimlərin təşkil edilməsi və bu
sahədə proqramın hazırlanması və əlaqələndirilməsidir.
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun
direktoru Sabiq Abdullayev qeyd edib ki, muasir tələblərə cavab
verən standartların tədbiqi ölkəmizdə innovasiyaların, yeni
texnologiyaların və qabaqcıl təcrübənin inkişafda böyük əhəmiyyət
kəsb etdiyindən hər iki qurumun potensiallarını birləşdirən müvafiq
dövlət və qeyri dövlət təşkilatlarının keyfiyyət infrastrukturu
sahəsində xidmətlərin göstərilməsi çox mühim haldır.
“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi
memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində
bir araya gətirən mükəmməl bir imkan olduğunu, həmçinin dövlət
qurumları və özəl sektor ilə fəal şəkildə əməkdaşlıq etməyə şərait
yaradacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma
İnstitutu elm və texnikanın inkişafına müvafiq olaraq məhsulların
keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların
həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf
mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların
mənafeyinin müdafiəsi, istehsalda və ticarətdə texniki maneələrin
aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin
artırılması və səmərəli iştirakının təmin edilməsi istiqamətində
fəaliyyət göstərir.
“İnnovasiyalar Mərkəzi” MMC isə informasiya texnologiyalarının
(İT), innovativ məsələlərin tətbiqi, texniki tapşırıqların və
proqram təminatının hazırlanması, informasiya sistemləri və
informasiya ehtiyatlarının yaradılması, xidmətlərin elektron
formada təşkili istiqamətində müvafiq texniki tapşırıqların, təlim
və treninqlərin təşkili, konsaltinq xidmətlərinin həyata
keçirilməsi, tədris-metodiki vəsaitlərin və texnologiyaların
hazırlanması ilə bağlı işlərin görülməsi ilə bağlı məsələlərin
həllini təmin edir.
|