• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Elşad Eyvazlı: "Beş yaş - böyük zaman, həm də çox kiçik vaxtdır"

Elşad Eyvazlı: "Beş yaş - böyük zaman, həm də çox kiçik vaxtdır"

Bu gün modern.az saytının 5 yaşı tamam olur. Həmkarlarımızı Publika.az kollektivi adından təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Bu ad günündə saytın baş redaktoru Elşad Eyvazlı ürək sözlərini bölüşüb:


- Elşad müəllim, sentyabrın 1-i Modern.az-ın 5 yaşı tamam olur. Əvvəlcə sizi və rəhbərlik etdiyiniz kollektivi AzNews.az adından təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.
Bəllidir ki, bu illər ərzində kifayət qədər nüfuz qazanmısınız və ciddi bir imiclə fəaliyyət göstərirsiniz. Amma istərdim bu 5 il müddətində hansı uğurları qazandığınızı öz dilinizdən eşidim...


- Təşəkkür edirəm təbrikinizə görə.
Beş yaş Modern.az üçün böyük bir zaman və həm də belə baxanda çox kiçik bir vaxtdır. Bu illər ərzində hesab edirəm ki, rəhbəri olduğum sayt ölkənin media bazarına daxil ola bilib. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, rəhbəri olduğum sayt ölkə mətbuatında müəyyən mənada öz sözünü deyib. Təbii ki, qarşıya qoyduğumuz hədəflərə tam çata bilməmişik. Amma hər halda öz ciddi xəbərləri və o cümlədən etibarlılıq məsələsində Modern.az saytının ölkəmizin media bazarında müstəsna yeri var. Buna sübut olaraq deyə bilərəm ki, hər hansı bir dövlət qurumu ilə bağlı saytımızda məlumat gedəndən 5-10 dəqiqə sonra həmin məsələyə müvafiq qurumdan konkret reaksiya verilir. Bir sözlə, şou, erotika, porno, dezinformasiya xəbərlərin baş götürdüyü indiki vaxtda etibarlılıq məsələsini saytımız qazanıb.

- Təbii ki, bu işlər problemsiz ərsəyə gəlmir...

- Əlbəttə... Sözüsüz ki, iş varsa, çətinliklər də var. Bu illər ərzində xeyli çətinliklər keçmişik. Saytın ikinci ilində bağlanmaq təhlükəsi var idi. Burada konkret ad çəkəcəm. O vaxt “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid olmasaydı, yəqin ki, bu gün Modern.az saytı olmayacaqdı. O, saytın çətin günündə davam dedi və bu işdə bizə stimul verdi. O, mənə bildirdi ki, bir az güclü və səbirli olmaq lazımdır. Həmin vaxt əməkdaşlara belə əmək haqqı vermək gücümüz yox idi. Belə vəziyyətlər hazırda da tez-tez təkrar olunur. Biz ən çox gənclərlə işləməyə üstünlük veririk. Uzun illər mətbuatda çalışan dostlarımızla bir arada çalışmağı çox arzu edirəm. Sadəcə, onlara yaxşı məvacib verilməsi məsələsində xeyli problemlərimiz olduğuna görə bunu edə bilmirik. Bir sözlə, çətinliklər və yaxşı günlərimiz də olur. Keşməkeşli yollarla gəlib 5 ilə çata bilmişik. Amma hər halda hesab edirəm ki, internet portallarının çox olduğu bir zamanda fəaliyyət göstərmək asan bir məsələ deyil. O mənada ki, sıradan sayt olmaq təbii, bizim arzu və istəyimiz deyil.

- Xəbər portallarında “kopiyalama” xəstəliyi sürətlə yayılır. Bəziləri bunu xəbər qıtlığı ilə əlaqələndirirlər. Siz də xəbər qıtlığı hiss edirsinizmi?

-Bəzi sayt rəhbərləri hansısa bir xəbərin və yaxud yazının onlara rəqib olmadığını deyirlər. Açıq şəkildə deyirəm ki, dostlarımız birmənalı şəkildə bilməlidirlər ki, onlara xəbərlər "podnos"da göndərilir. Amma bu günə qədər bizə "podnos"da hər hansı bir xəbər verilmədiyinə görə də müəyyən problemlərimiz olub. Hazırda da bu problemlər yaşanmaqdadır. Amma hesab edirəm ki, iş varsa, problemlər də var. Bunun öhdəsindən də gəlməyi qarşımıza məqsəd qoymuşuq. Xəbər qıtlığı ola bilməz. Xəbər həmişə var, onu tapıb cəmiyyətə təqdim etmək lazımdır. Bununçün də çalışmaq, zəhmət çəkmək gərəkir.


- Gələcəkdə hansı planlarınız var? Hıədəfləriniz daxili bazardadır, yoxsa xarici ölkələrdə də tanınmaq, istinad mənbəyinə çevrilməyi arzulayırsız?

- General olmaq arzusunda olmaq istəməyən əsgərin qəhrəman bir əsgər olmasına inanmıram. Təbii ki, ola da bilməz. Biz də istərdik ki, modern.az daha qabağa getsin. Qafqazda və dünyanın hər bir yerində tanınsın. Amma təbii ki, istəklə imkanlar bəzən üst-üstə düşməyə bilər. Gələcəkdə modern.az saytında müxtəlif xarici dillərdə xəbərlərin verilməsini istərdik. Bugünkü saytın maddi imkanı hələ ki, buna çatmır. Digər tərəfdən bizdə gedən yazılara dəfələrlə ermənilər reaksiya veriblər. Almaniya, Türkiyə və dünyanın ayrı-ayrı yerlərində bu cür reaksiyalar olub. Bu gün modern.az saytının maddi imkanın o qədər yaxşı olmaması ucbatından, saytın daha öndə olması üçün arzularımızı sandığa qoyub saxlayırıq.

- Daxili bazarda hansı xəbər saytını modern.az-a rəqib görürsünüz?

- Demək olar ki, ölkədə hər gün yeni xəbər portalları yaranır. Buna da çox sevinirəm. Desəm ki, bəzi xəbər saytlarına rəqib kimi baxmıram, bu, səmimi cavab olmaz. Təbii ki, öndə gedən saytlarımızla rəqabət var. Amma bizim getdiyimiz yolda bizə rəqiblər çox azdır. Bizim aparıcı saytların və agentliklərin rəhbərləri var ki, Modern.az hər hansısa maraqlı xəbər verəndə buna qısqanclıqla yanaşırlar. Məndə isə qısqanclıq yoxdur. Açıq şəkildə deyə bilərəm ki, Azərbaycanda saytların 90 faizindən çoxu şou xarakterli xəbərlərə üstünlük verirlər. Amma modern.az ölkəmizdə özünə məxsus üslubu və yolu olan saytdır. Bizim üslubumuzda gedə biləcək xəbər portal görmürəm. Bunun da səbəbi var. Azərbaycanda bəlkə də 5 jurnalist ola bilər ki, mənim qədər informasiyalı olsun. Amma mən informasiyanın heç birini dəqiqləşdirməmiş verə bilmərəm və bunu düzgün hesab etmirəm. Bəzi həmkarlarımız harada nə eşidirlərsə, dəqiqləşdirməmiş sayta yerləşdirirlər. Bu kimi məsələlər şəxsən modern.az saytından uzaqdır.

- Bu günün KİV mətbəxində aktual problemlərdən biri də xəbərlərin oğurlanması, istinad edilməməsi problemidir. Sizin də xəbərləriniz tez-tez oğurlanırmı?

-Hər bir mükəmməl xəbər hansısa bir saytda yerləşdiriləndə biz təbii ki, bunu istinadla götürüb saytımızda yerləşdiririk. Çünki bu jurnalistin və saytın öz əməyidir. Bu gün artıq xəbəri saytdan götürüb özlərinin malı kimi saytlarına yerləşdirən portalların sayı kütləvi şəkil alıb. Modern.az başlayanda bu cür hallarla rastlaşanda zəng vurub, xəbərə istinad etdirə bilirdik. Amma hazırda bu məsələ kütləvi hal alıb. Vaxt edə bilmirik ki, sözü gedən saytlara zəng edib istinad elətdirək. Bu məsələ də ölkə mətbuatında ciddi problem olaraq qalır. Hesab edirəm ki, əksər aparıcı sayt redaksiyaları bu problemlərlə üzləşir. Bunu bir gün qarşısı alınmalıdır. Dəfələrlə olub ki, anspress.az bizim saytımızda xəbəri götürərək istinadsız verib. Özəl olaraq xəbər ilk modern.az və yaxud digər saytlarda çıxırsa, başqa saytlar niyə istinadsız bu xəbəri verməlidirlər ki? Aparıcı informasiya agentliklərində də bəzən bu cür hallara əl atırlar. Modern.az-dakı xəbəri aparıcı agentliklər istinadla verməyi özlərinə sığışdırmır və istinadsız verirlər. Hesab edirəm ki, bütün KİV-lər istinad məsələsinə həmrəyliylə yanaşsa, daha yaxşı olar.

-Yeri gəlmişkən, modern.az üçün əsas “İp”dir, yoxsa xəbər?

- Modern.az heç zaman “İp” dalınca qaçmır. “İp” bütün saytlar kimi bizdə də önəmli məsələdir. Amma mən milli maraqlarımızın əleyhinə olan xəbərlərlə “İp” yığmağın əleyhinəyəm. Bu gün ölkədə fəaliyyət göstərən saytların “İp”də ciddi problem var. Bəziləri erotik, porno xəbərlər yaymaqla, bəziləri də xüsusi robort kompüterlər vasitəsi ilə saytın “İp”nin artırılması ilə məşğuldurlar. Amma modern.az saytı heç zaman bu cür yollarla oxucu sayı özündə toplamır.

- Nədənsə modern.az-da reklamlar azdır... Şirkətlər media ilə işləməyə cəhd etmir?

-Bəzi xəbər saytları yuxarıda qeyd etdiyim kimi, oxucu deyil, müxtəlif yollarla “İp”ni qaldırıb şirkətlərdən reklam alırlar. Bəzi şirkətlər də “İp”si cüzi olan xəbər saytlarına reklam verirlər. Adam bunu görəndə lap dəhşətə gəlir. Bu onu göstərir ki, sayta hər hansısa bir şirkətdən reklam almaq üçün gərək, özünün şəxsi imkanlarından istifadə edəsən. Azərbaycanda reklam bazarında ciddi problemlər hələ də yaşanır. Bu gün media orqanlarına reklam verən şirkət özlərinin xeyri deyil, əksinə şəxsi münasibətlərə daha çox üstünlük verirlər. Hər bir xarici ölkələrdə iri transmilli və eyni zamanda yerli şirkətlər sosial məsələlərlə bağlı vəsait ayırırlar. Bu vəsaitlərin müəyyən hissəsi mediada reklam məsələsinə yönəldilib. Azərbaycan mediasının bu məsələdə Türkiyə təcrübəsindən yararlanması kifayət qədər yaxşı hal olardı və hesab edirəm ki, bu da saytların inkişafına müəyyən dərəcədə müsbət təsir göstərə bilər.


AzNews.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR