Azərbaycanlı alim Hillari Klintonun təsis etdiyi proqrama qoşuldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı alim Hillari Klintonun təsis etdiyi proqrama qoşuldu

Bu il ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti məşhur “EspnW” televiziya kanalı və Tennessi Universitetinin “İdman, Sülh və Cəmiyyət Mərkəzi” təşkilatının birgə əməkdaşlığı ilə təşkil edilən Qlobal İdman Təlimi Proqramına (Global Sports Mentoring Program) Azərbaycan nümayəndəsi də qoşulacaq.

Publika.az-ın məlumatına görə, 2012-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Hillari Klinton və “İdman, Sülh və Cəmiyyət Mərkəzi”nin prezidenti John Skipper tərəfindən təsisi elan edilən bu proqram ilkin olaraq Amerikanın ştatlarında qadınların fiziki fəallıqlarını artırmaq, kütləvi şəkildə onların idmana cəlb olunmalarına nail olmaq və idman sektorunda qadınların fəallığını yüksəltmək məqsədi daşıyıb.

Effektivliyi nəzərə alınaraq, daha sonra proqram öz sərhədlərini genişləndirərək beynəlxalq status əldə edib və dünyanın bir çox ölkələrindən seçilmiş qabaqcıl qadın idman mütəxəssisləri proqrama cəlb olunublar.

Gərgin seçim mərhələsinin nəticələrinə əsasən elan edilmiş bu ilki proqramın 17 nəfər müxtəlif ölkələri təmsil edəcək iştirakçıları arasında Azərbaycan nümayəndəsi Səlhət Abbasova da olacaq.

S.Abbasova qadınların mütəmadi fiziki fəallığa cəlb olunmasının profilaktik nöqteyi nəzərdən, həm qadının şəxsi sağlamlığı, həm də ümumiyyətlə sosial prizmadan çox vacib olduğunu qeyd edir.

Belə ki, sağlam qadın cəmiyyətə sağlam övlad verə bilər və cəmiyyətdə əlillik probleminin səviyyəsi xeyli azalar. Mütəmadi fiziki fəallığa cəlb olunan və bu fəaliyyətin müsbət təsirini anlayan qadın, ailədəki rolundan və təsiretmə qüvvəsindən səmərəli, məqsədyönlü istifadə edərək ailə üzvlərinin də sağlam həyat tərzinə cəlb olunmasına təsir edə bilər.

İdman sektorunda qadınların sayının artırılması ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən daha asan gəlmək mümkündür. Bütün bunlarla yanaşı tanınmış qadın idmançıların və fəal həyat tərzinə üstünlük verən müvəffəqiyyətli qadınların müsbət nümunələri də cəmiyyətimizdə aktual olan bir çox problemlərin kompleks həllinə kömək edə biləcək vacib vasitələr kimi istifadə oluna bilər.

S.Abbasova iştirak edəcəyi tədbir zamanı müvafiq məsələlərin həllində beynəlxalq təcrübə və effektiv fəaliyyət proqramının hazırlanması haqqında geniş biliklər əldə edə biləcəyi və geriyə döndükdən sonra bu istiqamətdə müvafiq tədbirlərin təşkilinə çalışacağını bildirib.

Qeyd edək ki, Səlhət Abbasova Azərbaycanın fəlsəfə doktoru, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm