• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlik Sumqayıtda “Açıq qapı” günü keçirib

Nazirlik Sumqayıtda  “Açıq qapı” günü keçirib

Sentyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Sumqayıt şəhərində keçirilən “Açıq qapı” günü-vətəndaş forumunda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb.

EİS-in önəmli cəhətlərindən söz açan ƏSMN yanında Dövlət Əmək Müfəttişliyinin mütəxəssisləri onun qeyri-leqal əməyə qarşı təsirli vasitə olduğunu da vurğulayıblar. Bildirilib ki, bu sistem işəgötürənlərlə işçilər arasında yaranmış əmək münasibətlərinin operativ, dəqiq və əhatəli uçotunun aparılmasına, əmək müqaviləsi bağlamadan qanunsuz işə cəlb etmə hallarına qarşı daha səmərəli dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır. İstənilən bir müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti həyata keçirilərkən, həmin müəssisədə işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi EİS-də onlarla bağlı əmək müqaviləsi bildirişinin qeydiyyatdan keçib-keçməməsindən asılı olaraq operativ şəkildə müəyyən ediləcək.

Bununla yanaşı, əvvəllər bağlanan əmək müqavilələrinin bir nüsxəsi bir çox hallarda işəgötürənlər tərəfindən işçilərə təqdim olunmurdu. Bu da sonradan işçilərin öz əmək fəaliyyətlərini təsdiqləyən rəsmi sənəd təqdim edə bilməmələri səbəbindən onların əmək, eləcə də sosial təminat hüquqlarının təmin olunmasında ciddi problemlər yaradırdı. EİS belə hallara son qoyacaq və hər bir işçi istədiyi vaxt bu sistemə daxil olmaqla, onunla bağlanmış əmək müqaviləsi bildirişinin surətini, bir işçi olaraq onunla bağlı məlumatları əldə edə biləcək.

Tədbirdə işəgötürənlərin EİS-dən istifadənin texniki proseduru barədə praktik bilgilərə yiyələnmələri, suallarının cavablandırılması təmin olunub. EİS-dən istifadədə işəgötürənlərə əməli köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən Sumqayıt şəhərində də “Yardımçı masa”nın yaradıldığı bildirilib, onun ünvan və əlaqə telefonları qeyd olunub. Əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bildirişlərin EİS-də qeydiyyatdan keçirilməməsi halları ilə əlaqədar hansı cəza tədbirlərinin görüləcəyi də nəzərə çatdırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR