• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mason elementləri, zorakılıq, seksual kadrların təbliği və ya... Uşaqlarımız nəyə baxır?

Mason elementləri, zorakılıq, seksual kadrların təbliği və ya... Uşaqlarımız nəyə baxır?

Bu günlərdə təsadüfən avtobusda qarşımda əyləşən iki xanımın dialoqunun şahidi oldum. Xanımlardan biri o birinə özünün 5 yaşlı oğlu haqqında danışırdı. Belə başa düşdüm ki, uşaq anasından “Hörümcək adam” cizgi filminin qəhrəmanının geyimini almağı xahiş edib. Anası oğlunun bu arzusunu reallaşdırmaq üçün mağazaları ələk-vələk etsə də, onu tapmayıb. Qadın elə dəhşətlə “Yaxşı ki, o geyimi tapmamışam” dedi ki, bütün avtobus ona baxdı. Səbəb isə uşağın bu geyimlə eyvandan uçmaq arzusu olub. Bu qorxu valideynin həmin geyimi almaqdan birdəfəlik imtina etməsinə səbəb olub.

Əslində, bəlkə də, bu qərar doğru deyil, amma uşağın niyyəti istənilən ananı buna məcbur edə bilər. Uşaqlar cəmiyyətin ən həssas təbəqəsi olduğundan onlara yanaşmada da çox ehtiyatlı olmaq lazım gəlir. Mütəxəssislər hesab edirlər ki, uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün cizgi filmləri önəmli rola malikdirlər. Amma bu rol heç də həmişə müsbət olmur. Televiziyalara, hətta uşaqlar üçün nəzərdə tutulan kanallara belə diqqət yetirsək, cizgi filmlərinin böyük əksəriyyətinin uşağın psixologiyasına, düşüncəsinə, əxlaq və tərbiyəsinə mənfi təsir edəcək elementlərlə dolu olduğunu görmüş olarıq. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq ekranda gördüklərini həyatında da görmək istəyəcək. Cizgi filmlərində olan mason elementləri, tanış olmayan vahiməli varlıqlar, qəddarlığın, zorakılığın, əxlaqsızlığın, seksual xarakterli kadrların təbliği üçün cizgi filmləri ən yaxşı vasitədir.

Övladlarımızı bir neçə saatlıq “əylənməsi” onların bütün həyatı bahasına başa gəlir. Bir araşdırmanı diqqətə çatdırmaq kifayətdir: uşaqlarımızın asanlıqla girdiyi “Youtube” videoportalında olan Amerika istehsallı cizgi filmlərini analiz etdikdə "25-ci kadr" vasitəsilə bizim görmədən, xəbərimiz olmadan alt şüurumuza yazılan bir sıra informasiyalar mövcuddur. Bu sahədə çalışan mütəxəssislər bilirlər ki, normal videokadrda 1 saniyədə 24 kadr dəyişir, buraya 25-ci kadr yerləşdiriləndə, biz onu görməsək də, beynimiz onu qəbul edir və o, alt yaddaşa yazılır. Bu kadr bizə iradəmizdən kənar hisslər təlqin edir. Məsələn, araşdırma zamanı aşkar olunmuş kadrlarin birində belə bir yazının olduğu meydana çıxıb: "Coca-cola iç!". Hətta daha dəhşətli təlqin və əmrlərin yerləşdirildiyi faktlar da var. Heç kim təminat vermir ki, belə cizgi filmlərində “Özünü öldür!”, “Yaxınlarını doğra!” kimi əmrlər verilməyəcək.

Psixoloq Narınc Rüstəmova Publika.az-a verdiyi açıqlamasında bildirib ki, valideynlər birmənalı şəkildə uşaqlarının izlədikləri cizgi filmlərinə nəzarət etməlidirlər. Uşağın qorxu, qəzəb, nifrət təlqin edən cizgi filmlərinə baxması onun bütün psixologiyasını alt-üst edir. Valideynlər birinci növbədə uşaqların öz yaşlarına uyğun olan cizgi filmləri izləmələrinə imkan verməlidirlər: “Bəzən valideynlər animasiya görürlərsə, elə bilirlər, uşaq buna baxa bilər. Lakin hər uşaq öz yaşına uyğun cizgi filminə baxmalıdır. Valideynlər bilməlidirlər ki, elə animasiya filmləri var ki, uşaqlar onlara ümumiyyətlə baxa bilməzlər, bunlar böyüklər üçündür”.

Psixoloq hesab edir ki, bəzi valideynlər çıxış yolunu uşaqlara Sovet dövründə çəkilmiş cizgi filmləri izlətməkdə görürlər. Lakin bu da çıxış yolu deyil: “Hamının sevə-sevə izlədiyi “Tıq-Tıq xanım” cizgi filmində əslində Pıs-Pısa xanımın evdən qaçması təbliğ olunur. Və ya “Qoğalın nağılı”nda qoğal nənədən qaçır. Yəni, ola bilər ki, bu cizgi filmlərində heç bir qan, zorakılıq yoxdur, amma valideynlər cizgi filmin uşağa verdiyi mesaja birinci növbədə diqqət yetirməlidirlər”.

Ekspertlərin fikrincə, cizgi filmləri uşaqlara bir neçə formada mənfi təsir edə bilər:

1. Zorakılığa yönləndirmə: araşdırmalar göstərir ki, şiddət, qorxu məzmunlu cizgi filmini izləyən uşaqlar digər yaşıdları ilə müqayisədə daha dalaşqan və üsyankar olurlar. Daim ətraflarına zərər vermək barədə düşünür, hədsiz aqressivlikləri ilə seçilirlər.

2. Diqqətsizlik: mütəxəssislərin fikrincə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əskikliyi olur. Onlarda aktivlik yaşıdlarına nisbətən 30-40% aşağı düşür.

3. Həqiqətdən uzaqlaşma: uşaq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayır, reallığa adaptasiya oluna bilmirlər.

4. Ehtiyatlı davranışın azalması və risk artımı: xüsusilə, 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməkdə çətinlik çəkirlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.

Psixoloq Narınc Rüstəmovanın bildirdiyinə görə, 6 yaşınadək uşaqlarda diqqət 3-5 dəqiqə bir yerə cəmlənə bilir. Əgər uşaq bu müddətdən çox cizgi filminə baxırsa, bu onda ciddi problemlər, o cümlədən diqqət əskikliyi, yaddaş problemləri yaranır, artıq o, həmin cizgi filminə mexaniki olaraq baxır. Psixoloqun sözlərinə görə, kiçik yaşlı uşaqların baxdıqları cizgi filmlərində süjetlərin olması çox vacibdir. Uşaqların yaddaş həcmi çox kiçik olduğundan, onlara kiçik həcmli cizgi filmləri izlətmək lazımdır. Psixoloq hesab edir ki, 0-3 yaş arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaş arası uşaqlar 1 saata qədər (fasilələrlə), 6-10 yaş arası uşaqlar 1,5- 2 saat cizgi filmlərinə baxa bilərlər.

Azərbaycanda əksər valideynlər milli cizgi filmlərinin olmamasından şikayətlənirlər. Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. İlk cizgi filmləri olan "Ayı və siçan" və "Şir və öküz" mikrofilmlərdir. “Pıspısa xanım və Siçan bəy" (1974) və "Cücələrim" (1980) , 1971-ci ildə Abdulla Şaiqin eyni adlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" cizgi filminin çəkilməsindən illər keçsə də, uşaqlar hələ də bu cizgi filmlərini sevə-sevə izləyirlər. "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sən belə cumbulusan", "Sehrli ləçək ", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Tıq-tıq xanım", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu", "Sakit Yonun macəraları", "Ana ağaca qonub", "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Uşaq və külək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" , “Oynaq topum” və s. kimi cizgi filmlərimiz olsa da, lakin təəssüf ki, onların böyük hissəsi nə telekanallarda yayımlanır, nə də satışda var.


Psixoloqlar hesab edirlər ki, cizgi filmləri uşaqların xəyal dünyasına güclü təsir etdiyindən, uşaqlar, şiddət məzmunlu cizgi filmlərinidəki qəhrəmanlarla eyniləşmək meylindədirlər. Xüsusilə film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənirlər və onlar kimi olmaq arzusuna düşürlər.

Müasir cizgi filmlərinin bu qədər “qan-qada”lı olması cizgi film mütəxəssislərini də narahat edir. Elçin Hami Axundovun Publika.az-a bildirdiyinə görə, senzuradan keçməyən, televiziyalarda psixoloji baxımdan araşdırılmayan mövzularda cizgi filmlərinin nümayişinə imkan vermək olmaz: “Telekanallarda nümayiş olunan cizgi filmləri ilə bağlı psixoloqla məsləhətləşmək lazımdır. Hər bir televiziya kanalının özündə senzura olmalıdır. Bizim “Azanfilm” studiyasının çəkdiyi cizgi filmləri sovet dövründə çəkilən filmlərə oxşayır, amma onlar çox dəyərli filmlərdir. Uşaqların tərbiyəsinə çox müsbət təsir edir”.

Mütəxəsis bu filmlərin böyük tərbiyəvi əhəmiyyətə malik olmasını söyləsə də, razılaşır ki, bunların sayı çox azdır. Səbəb isə aydındır - mütəxəssis çatışmazlığı: “Əvvəllər bizdə bu sahədə çalışan 40-45 mütəxəssis var idisə, indi onların sayı 4-5 nəfərdir. Yaşları da 60-70-i keçib. Cavan, yaradıcı gənclərə böyük ehtiyac var. Kurslar açılmalı, mütəxəssis hazırlanmalıdır. B u sahədə kurslar açılsa, il ərzində, heç olmasa, 15 nəfər mütəxəssis hazırlansa, xeyli cizgi film çəkilərdi. Ona görə də, hazırda il ərzində 1-2 belə film çəkilir”.

Bir neçə il əvvəl Azərbaycanda uşaq televiziyasının yaradılmasıyla bağlı mətbuatda xeyli müzakirələr aparıldı. Dünyada bu sahədə böyük təcrübə olsa da, biz bundan yararalana bilmədik. Təbii ki, uşaq televiziyası açılsa, orada milli cizgi filmlərimizə geniş yer ayrılacaq. Bu da milli cizgi filmlərinin çəkilməsi deməkdir. Hər bir millətin öz etnopsixologiyası, öz adət-ənənələri olduğundan, uşaq televiziyası açılarsa, biz alman, fransız, amerikan cizgi filmlərinə baxmaq məcburiyyətində qalmarıq. Hələ ki, nə uşaq televiziyası barədə danışan var, nə də zorakılıq təbliğ edən cizgi filmlərə qadağa qoyan. Odur ki, ən yaxşısı, valideynlərin nəzarəti və diqqətidir. Bu məsələdə azca səhlənkarlıq isə uşaqlarımızın həyatı bahasına başa gələ bilər”.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR