• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir”

“Ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir”

Publika.Az Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevlə müsahibəni təqdim edir. – Məlumdur ki, Təhsil Nazirliyi ötən il ümumi təhsil sahəsi üzrə əsas prioritetləri açıqlamışdı.

Bu il isə ali təhsil sahəsində həyata keçiriləcək islahatların elan edilməsi müvafiq istiqamətdə mühüm dəyişikliklərin aparılacağından xəbər verir. Elə bir müddət öncə mətbuatda dövlət ali məktəblərində təhsil alan savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət “SABAH” qruplarının yaradılması barədə məlumatlara rast gəlmişdik. Bu qrupların təşkili necə aparılacaqdır?

– Ai təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində "SABAH" qruplarının təşkil edilməsi zəruri məsələdir. "SABAH" qrupları 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursu ən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Bu proses Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda – 79,5%, humanitar və sosial ixtisas qrupunda – 67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda – 57,3%, təbiət ixtisas qrupunda – 87,8%, texniki və texnoloji ixtisas qrupunda – 49,5% təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur. Müxtəlif ali təhsil müəssisələrində formalaşan "SABAH" qruplarının aid olduğu ixtisaslar üzrə kadr hazırlığı, elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə II kursdan təhsilini davam etdiriləcəkdir. "SABAH" qruplarına tələbələrin seçilməsi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uyğun aparılacaq.

– Bəs ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması dedikdə, nə nəzərdə tutulur?

– Ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin ölçülməsi bir çox səbəblərə görə aktualdır. Onlardan ən başlıcası cəmiyyətdə ali təhsilə olan böyük tələbatdır. Həmin göstəricilər ilk növbədə abituriyentləri, onların valideynlərini, həmçinin bu və ya digər ali təhsil müəssisəsində təhsilini davam etdirmək istəyənləri maraqlandırır. Bununla yanaşı, bu məlumatlar işəgötürənlər, təhsil idarəetmə orqanları və ali təhsil müəssisələrinin özləri üçün də istiqamətverici rolu oynayır. Ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini, eləcə də reytinqini müəyyənləşdirən indikatorlar: təhsil verənlərin intellektual potensialı, maddi-texniki baza, təhsilin keyfiyyəti, kadr hazırlığının peşəkarlığı, elmi tədqiqatların aparılması, beynəlxalq aləmdə tanınmaqdan ibarətdir. Bununla yanaşı, ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin səmərəliliyi məzunların seçdikləri ixtisas üzrə işlə təmin olunmasını təmin edə biləcək keyfiyyətli təhsil alması, nəticədə müvafiq bilik, bacarıq və vərdişlər qazanmaqla məzunlarının ixtisas üzrə işlə təmin olunmalarıdır.

– Tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsini necə başa düşmək olar?

– Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planı hazırlanarkən ölkənin sosial-iqtisadi inkişafı, kadr tələbatı və ixtisasların prioritetliyi təhlil olunmalıdır. Burada yanaşma ondan ibarətdir ki, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları, istər dövlət, istər özəl olmaqla, iki qrupa bölünməlidir - milli statuslu universitetlər və adi universitetlər. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməli, eyni zamanda bura qəbul olunmaq istəyən abituriyentlər üçün yüksək keçid balı müəyyənləşdirilməlidir. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir. Bu, yüksək reytinqə və daha yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərin hazırlıqlı kontingent ilə təmin edilməsinə zəmin yaradacaqdır. Digər tərəfdən, ali təhsil almaq istəyən və minimal tələblərə cavab verən hər bir şəxs təhsilini adi universitetlərdə davam etdirmək imkanı qazanacaqdır. Fəaliyyət göstəricilərindən asılı olaraq ali təhsil müəssisələri bir kateqoriyadan digərinə keçə biləcəklər.

– Burada bir məsələyə aydınlıq gətirməyinizi xahiş edəcəyik. Dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün bu prosesdə iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması hansı məqsədi güdür?

– Məlum olduğu kimi, 2010-2011-ci tədris ilindən başlayaraq ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət sifarişinin formalaşdırılmasında mövcud əmək bazarının xüsusiyyətləri və ölkənin perspektiv inkişafı amilləri nəzərə alınmalıdır. Bununla əlaqədar ali təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişinin həddi müəyyənləşdirilərkən ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı, maddi-texniki və tədris-laboratoriya bazalarının mövcud vəziyyəti ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafı üçün bu və ya digər ixtisasların prioritetliyi, habelə müvafiq dövlət qurumları tərəfindən ayrı-ayrı ixtisaslar üzrə verilmiş real tələbat əsas götürülməlidir. Təhsil Nazirliyi həmin real tələbatı təmin etmək iqtidarında olan universitetlər arasında seçim aparılması üçün obyektiv meyarların işlənib hazırlanmasını, bu prosesə rəqabəti stimullaşdıran elementlərin daxil edilməsini məqsədəmüvafiq hesab edir.

– Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi ən önəmli məsələlərdəndir. Bunun üçün ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması haqqında nə deyə bilərsiniz?

– Ali təhsilin Avropa məkanına inteqrasiyası ilə bağlı təhsil proqramları özündə məzunların bilik, bacarıq və vərdişlərini əks etdirməlidir. Bununla yanaşı təhsil proqramları peşə kompetensiyalarını müəyyən etməlidir. Bu sənəddə təhsilalanın ixtisas xarakteristikası və kompetensiyası, eləcə də təhsilin məzmununa qoyulan minimum tələblər, peşə fəaliyyətinin xarakteristikası və əsas istiqamətlər, peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər müəyyənləşdiriləcəkdir. Bu da fərqlilikləri idarə edə, çoxlu ehtimalları araşdıra bilən, sürəkli öyrənən insan resurslarının yetişdirilməsini ehtiva edir. Beləliklə, təhsil proqramları daha dinamik bir yanaşma ilə həyat boyu öyrənməyə, inkişafa açıq olmaq məqsədlərini əks etdirməlidir. Bu məqsədlə də təhsil proqramları (kurikulimlar) bacarıqlar əsasında formalaşmalıdır.

– Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Boloniya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin işi nədən ibarət olacaq?

– Avropa təhsil məkanına ali təhsil müəssisələrinin inteqrasiyasını təmin etmək üçün Boloniya prosesinin ölkəmizdə tətbiqini koordinasiya edən, tələbələrin və müəllimlərin mobilliyinə şərait yaradılmasına imkan verən və bununla bağlı hesabatları hazırlamaq, eləcə də normativ hüquqi sənədləri təkmilləşdirmək məqsədilə Təhsil Nazirliyində universitetlərarası komitənin yaradılması nəzərdə tutulur. İşçi qrupu Boloniya prosesinin müddəalarının ölkəmizdə tətbiqi ilə bağlı Təhsil Nazirliyinə mütəmadi təkliflər verəcək və cəmiyyəti bu sahədə maarifləndirəcəkdir.

– İslahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi, bu məqsədilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi qeyd olunur. Bu məsələyə münasibət bildirməyinizi xahiş edirik.

– Peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması təhsilin istehsalata inteqrasiyasını gücləndirir, peşə seçimi sistemində rəqabət mühiti yaradır. Təhsil alanların daha üstün təhsil pilləsinə keçidini təmin etmək üçün motivasiya yaratmaq, ixtisas hazırlığı profilini məqsədəuyğun planlaşdırmaq və ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvü əlaqə vacibdir. İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsilalanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır. Bu təcrübədən çıxış edərək ali təhsil müəssisələrinin təhsilin digər pillələrinə ixtisas hazırlığı profili nəzərə alınmaqla varislik və şəbəkələşmə prinsipi əsasında fəaliyyətinin təşkili effektiv nəticələr verilməsinə böyük ümid yaradır.

- Bu gün təhsil kreditlərinin verilməsi gündəmdə olan məsələlərdəndir. Təhsil Nazirliyində bu istiqamətdə görüləcək işlərin mahiyyəti nədən ibarət olacaqdır?

- Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil, bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur. AKTS (Avropa Kredit Transfer Sistemi) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempini, həmdə ödəmə imkanları sinxronlaşacaq. Bundan əlavə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq. Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaqdır. Bu tədris prosesinin yenidən qurulmasını, maliyyələşdirmə mexanizminin yaradılmasını və insan resursları imkanlarını artırılmasına ehtiyac yaradacaqdır. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcəkdir. Bu mexanizm ömür boyu təhsil və tədrisin iş bazarı ilə əlaqəsini daha da möhkəmləndirəcəkdir.

- Müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi barədə nə deyə bilərsiniz?

- Ali təhsildə müasir və şəffaf idarəetmə modelinin qurulması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini tələb edir. Bu baxımdan ali təhsil müəssisələrində təhsil prosesinin iştirakçıları arasında münasibətlərin yenilənməsi, tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsinə yenidən baxılması zəruridir. Burada ali təhsilin idarəolunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin ictimailəşməsi prosesi sürətlənməlidir. Maraqlı tərəflərin cəlb olunması ilə həyata keçiriləcək səmərəli idarəetmə, ilk növbədə, tələbə və təhsil prosesinin digər iştirakçılarını (işəgötürənlər, valideynlər, QHT nümayəndələri və sair) geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.

- Maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bu məqsədlə dövlət ali təhsil müəssisələrində maliyyə resurslarının istifadə olunmasında səmərəliliyin və şəffaflığın artırılması məqsədilə müxtəlif analitik və təhlil xarakterli məlumatları özündə tam əks etdirən əlavə sistemdaxili maliyyə hesabatı formalarının tətbiqi, dövlət ali təhsil müəssisələrinin əmlak və maliyyə vəziyyətini özündə əks etdirən göstəricilər hazırlanması və həmin göstəricilər sistemi əsasında əlavə maliyyə hesabatı formalarının müəyyənləşdirilməsi, eləcə də hesabat formalarının tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

- Təhsil alanların hüquqlarının qorunması və tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması necə dərk olunur?

- Təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması dedikdə, təhsil sistemi inkişaf etmiş dövlətlərin akkreditasiya mexanizmlərinin ölkəmizdə tətbiqi, təhsil müəssisələrinin özlərinin akkreditasiyadan keçməsində maraqlı olmalarının stimullaşdırılması, özünütəhlil işinin daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda akkreditasiyadan keçmiş ali təhsil müəssisələrində təhsilalmanın üstünlüyünün təşviqi, akkreditasiyanın institusional (təhsil müəssisəsinin ümumi akkreditasiyası) və proqram (ayrı-ayrı ixtisasların akkreditasiyası) üzrə aparılması, ölkəmizdə tətbiq olunan təhsil proqramlarının digər dövlətlərin təhsil proqramları və keyfiyyət meyarları ilə müqayisə edilməsi də bu sistemə daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR