Redaktorlar Prezident Administrasiyasındakı görüşdən hansı nəticəni çıxardılar?
Bizi izləyin

Qırmızı.az

Redaktorlar Prezident Administrasiyasındakı görüşdən hansı nəticəni çıxardılar?

Rauf Arifoğlu: “Diqqətli olacağıq; çünki bilirik ki, bizim ciddi səhv etmək lüksümüz yoxdur”; Aynur Camalqızı: “Bunun qarşısını peşəkarlıqla almaq olar”; Aydın Quliyev: “Həbs olunan jurnalistlər də ola bilər, qapanan qəzetlər də”; Sücəddin Şərifov: “Mövqeyimiz olduğu kimi davam edəcək”

Xəbər verdiyimiz kimi, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev redaktorlar, televiziya və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə müşavirə keçirib. Müşavirədə geniş məruzə ilə çıxış edən R.Mehdiyev Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri də redaktorlarla müzakirə edib. R.Mehdiyev xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edildiyindən həmin məlumatların yayılması qanuna müvafiq məsuliyyət yaradır.

Bundan başqa, administrasiyanın rəhbəri avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginliklə bağlı məlumatların yayılmasında neqativ halların olduğunu deyib. O, həmin ərəfədə bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyət göstərdiyini vurğulayıb.

Redaktorların bu toplantıdan çıxardığı nəticələr isə media cameəsi, eləcə də oxucular üçün maraqlıdır. Görüş media azadlıqlarının daha da qısıtlanmasına səbəb ola bilərmi? Onu bir təhdid saymaq olarmı? Redaktorlar bundan belə işlərində, fəaliyyətlərində orada səsləndirilən tələb və təklifləri nəzərə alacaqlarmı? Müşavirə nələri dəyişdi?

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, R.Mehdiyevin çıxışında təkcə xəbərdarlıq yox, həm də hakimiyyətin və dövlət təsisatlarının adından narahatlıq da ifadə olundu. Onun sözlərinə görə, sonuncu daha çox hərbi məsələlərlə bağlı xəbərlərə aid idi: “Bu xəbərlərdə sistemsizliyin, xaosun olmasını, tiraj yarışına qapılaraq yoxlanılmamış məlumatların verilməsini vurğuladı. Administrasiya məmurlarının da çıxışlarından aydınlaşdı ki, onlar hərbi sferaya aid məlumatların, o cümlədən, girov götürülən hərbçilərlə, şəhid düşən əsgərlərlə bağlı məlumatların Müdafiə Nazirliyinin təsdiqindən və redaktəsindən keçmədən yayımlanmasına qarşıdırlar. Arqumentlər də səsləndirdilər, haqlı olduqları da vardı, haqsız arqumentlər də vardı. Məsələn, razılaşdım ki, şəhid olan əsgərin şəxsiyyətinin Müdafiə Nazirliyindən əvvəl açıqlanması düz deyil. Övladının şəhid olması xəbərini saytdan oxuyan bir ailənin, nəslin, kəndin vəziyyətini təsəvvür edin. Müdafiə Nazirliyi ailəyə xəbəri özü verib onları hazırlamalıdır bu duruma. Hərbi texnikanın, hərbi hissələrin yerlərini, adlarını açıqlayan məlumatlara da yol vermək olmaz. Sərhəd kəndlərindən hazırlanan reportajlara dair iradları da doğru hesab edirəm. Lakin ortalığa səsləndirilən iradlardan bizim ”Yeni Müsavat"a, musavat.com-a və minval.az-a aid olanları minimum buldum “...

R.Arifoğlu dedi ki, sözügedən müşavirədə daha çox diqqət çəkən o oldu ki, hakimiyyət son üçgünlük müharibə zamanı cəbhə xəbərlərinin yoxlanmadan, hətta bəzən dezinformasiya olduğu halda yayımlanmasından narahatlıq keçirib. Baş yazarın sözlərinə görə, hərbi texnikanın dislokasiyasının videoya çəkilməsi, bu barədə xəbər verilməsi də səslənən iradlar sırasında idi. Sözügedən toplantının “Yeni Müsavat” qəzetinin və musavat.com saytının işinə göstərəcəyi təsirə gəlincə, R.Arifoğlu vurğuladı ki, hakimiyyət və onun məmurları öz mövqelərini, təkliflərini bildirə bilərlər, buna əməl edib-etməmək müstəqil redaksiyaların işidir: “Biz bir neçə halı artıq nəzərə aldıq, müşavirədən çıxan kimi dərhal redaksiya ilə əlaqə saxlayıb, bildirdim ki, hərbi hissələrin adları və bu tipli məsələlərlə bağlı diqqətli olsunlar. Kəmərli kəndindən hazırlanan bir reportajı nömrədən çıxartdım. Bundan sonra Müdafiə Nazirliyindən gələn rəsmi xəbərlərə daha çox üstünlük verəcəyik. Onsuz da biz dezinformasiya, yalan xəbər yaymırıq. Sadəcə, imkanlarımız elədir ki, bəzən nazirliyi, başqa KİV-ləri xəbərdə qabaqlayırıq... Qalan məsələləri də kollektivlə müzakirə etdik. Qərarlar verdik. Diqqətli olacağıq. Çünki bilirik ki, bizim ciddi səhv etmək lüksümüz yoxdur. Lakin mənə bir sıra məsələlər hələ də axıra qədər aydın deyil. Onları da aydınlaşdırmağa çalışacam”.

"Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camalqızı artıq sözügedən toplantıda eşitdikləri iradlardan irəli gələn bir sıra addımlar atdıqlarını dedi. Kollektiv olaraq toplandıqlarını deyən baş redaktorun sözlərinə görə, burada mühüm qərarlar da qəbul ediblər: “Belə qərar verdik ki, Qarabağ münaqişəsinin hələ də həll olunmadığını, ordunun qapalı struktur olduğunu nəzərə alaraq bu struktura aid olan xəbərlərdə ancaq rəsmi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərini verəcəyik. Bu, ön cəbhədə baş verən son olaylardan sonra milli təhlükəsizliyimizə təhdid olan bəzi halların qarşısını almaq üçündür. Bunun qarşısını peşəkarlıqla almaq olar. Mən hələ ki təmsil etdiyim mətbu orqanlarda bu məsələnin prioritet olmasına çalışacam”.

A.Camalqızı sözügedən istiqamətdə verdikləri daha bir qərarı da açıqladı. Dedi ki, saytlar arasında olan qeyri-rəsmi yarışmaya son vermək üçün saytlarındakı sayğacları, oxunma sayı ilə bağlı bildirişləri yığışdırıblar: “Dünyanın heç bir media orqanında bu görünmür. Bunun oxucuya heç bir aidiyyəti yoxdur. Bunu hansısa formada reklam şirkətlərinə nümayiş etdirəcəyik. Bununla da saytlar arasında qeyri-sağlam rəqabətin qarşısı alına bilər. Həmkarlarıma da deyirəm ki, gəlin biz peşəkarlıq müstəvisində rəqabətimizi davam etdirək. Sayğacların 90 faizində hansı fırıldaqların baş alıb getdiyini bilirik. Bunu aradan qaldırmaqla oxucuya gerçək seçim imkanı yaratmaq olar”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, sözügedən toplantıda müzakirə olunan məsələləri nəzərə almadan fəaliyyət göstərmək olmaz. Onun sözlərinə görə, orada söhbət həm medianın hazırkı şəraitdə cəbhədə yaranmış yeni şəraitə uyğun olan, yeni davranışlarının tənzimlənməsindən, həm də bəzi hüquqi normativlərin dəyişdirilməsindən gedib: “Müzakirə olunan məsələlər bundan sonra nəzərə alınmadır. İnformasiya təhlükəsizliyi ilə bağlı məsələni hər zaman nəzərə almışıq. Televiziya və radioda bir neçə dəfə çıxışlarımız olub. Yeni mediaya tutulan bir çox iradları əsaslı qəbul edirik. Həmin iradlar bir sıra KİV-lərin fəaliyyətində iyulun 31-dən sonra daha qabarıq özünü göstərdi. Məncə, Azərbaycan mediası və jurnalistlər müharibə qanunları ilə tənzimlənən fəaliyyət qanunlarına keçməlidir. Bu keçid bəzi mətbuat orqanlarına çətinlik olacaq. Dövlət, informasiya təhlükəsizliyində konkret məhdudiyyəti gözləməyən qəzet və jurnalistlər üçün çətinlik olacaq. Həbs olunan jurnalistlər də ola bilər, qapanan qəzetlər də. Onlar özlərində bu məsuliyyəti hiss etməlidir”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirdi ki, bu toplantıdan çıxan nəticə Azərbaycan hökumətinin onun kimi düşünməyənlərə qarşı bir savaş elan etməsidir. Müsahibimiz bu günə qədər təmsil etdiyi mətbu orqanın ölkədə baş verən hadisələrə tənqidi yanaşdığını xatırlatdı: “Orda bizə də tənqid oldu ki, yaxşını görmürlər və sair. Biz bu ittihamlarla razı deyilik. Çünki bizim tənqidlərin ya zamanında, ya da bir müddətdən sonra doğru olduğu məlum olub. Zaman-zaman orduda, təhsildə korrupsiyadan yazmışıq, buna görə məhkəmələrə düşmüşük. Amma zaman keçəndən sonra Ramiz Mehdiyev səviyyəsində tutaq ki, təhsildə problemlərin olması barədə məqalə yazılıb. Ona görə də bu toplantıdan sonra da mövqeyimiz olduğu kimi davam edəcək”.

Konkret hərbi məsələlərlə bağlı deyilənlərə gəlincə, S.Şərifov dedi ki, hərbi məsələdə ölçülü-biçili və çox diqqətli olublar: “Ona görə də hərbi sahə ilə bağlı ittihamları özümüzə götürmürük”.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm