• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanın su ehtiyatı tükənir

Azərbaycanın su ehtiyatı tükənir

Çaylarda suyun həcmi 9,6 kub kilometr azalır

Ötən ay BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında Azərbaycan da daxil olmaqla region ölkələrini su qıtlığı gözlənməsi barədə məlumat yayıldı. Məlumatda bildirilir ki, hazırda Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalır və bu da regionu su qıtlığı ilə təhdid edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan hələ qış aylarından proqnozlaşdırılmışdı ki, bu yay qıraqlıq olacaq. Proqnoz özünü doğrultdu. Hətta bir çox rayonlarda çaylar quruyub, bölgələrdə əhali xüsusən suvarma işlərində xeyli əziyyət çəkir, quraqlıq meşə yanğınlarının da sayını bu il artırıb. Məsələn, Oğuz sakinləri yazır ki, Oğuz Qəbələ-Bakı su kəmərinin çəkilişindən sonra rayonlarında susuzluq problemi yaşanır. Oğuz çayı quruyub, Oğuz meşələri yanır. Aidiyyəti qurumlar isə bunu yalnız təbii fəlakətlə əlaqələndirir. Regionlarda əhali Susuzluqdan əziyyət çəkir. Sosial şəbəkələrdə quraqlıqla, susuzluqla bağlı şikayətlər yer alır.

Quraqlıq illərdə suyun həcmi 32,2 mliyard kub kilometrdən 22,6 milyarda enir

Azərbaycanın su ehtiyatı tükənirmi?

ETSN-inin saytında yazılır ki, Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay var ki, onların da çoxunun (7860) uzunluğu 10 kilometrdən azdır. Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır. Respublikanın daxili suları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış və onların axımının əsas hissəsi yaz dövrünə düşür. Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

“Kür” qəzeti yazır ki, Azərbaycanda yerüstü su ehtiyatları 32,2 mliyard kub kilometrə (mlrd.kbm) təşkil edir və quraqlıq illərdə 22,6 mlrd.kbm-ə qədər azalır. Yeraltı su ehtiyatları isə 5,2 mlrd.kbm-dir və Azərbaycanda orta illik su çatışmazlığı 4,5-5 mlrd.kbm arasında dəyişir.

Su resurslarının azalması bütün dünyada müşahidə olunur

Mühəndis-geoloq Vaqif Behbudoğlunun sözlərinə görə, su resurslarının azalması bütün dünyada müşahidə olunan haldır. Geoloq bildirir ki, hazırda Afrikada, Qızılqum çölündə böyük su qıtlığı var. Aral dənizinin quruması gələcəkdə katostrafik problemə səbəb ola bilər. Geoloqun sözlərinə görə, Azərbaycan üçün belə bir təhlükə yoxdur, çünki ölkəmiz Böyük və Kiçik Qafqaz sıra dağları, şərqdən isə Xəzər dənizi ilə əhatə olunub və Xəzərin suyunun duzluluğu okean sularından 3 dəfə azdır. Mütəxəssis bildirir ki, bütün bu imkanları nəzərə alsaq, gələcək 500 ildə Azərbaycanın su ehtiyatlarında problem gözlənilən deyil. Amma mütəxəssis hesab edir ki, sudan istifadənin metodu dəyişməlidir: “Bu vaxta qədər axar çaylar əsas su mənbəyi idi. Amma indi bu təsəvvürlər dəyişib, həmin su mənbələri istənilən nəticəni vermir".

Azərbaycanda yeraltı saylardan yetərincə istifadə edilmir

Vaqif Behbudoğlunun sözlərinə görə, Azərbaycanda yeraltı çayların sayı çox olsa da, bunlardan yetərincə istifadə edilmir: “Xudat-Xaçmaz zonasından Xəzər dənizinə il ərzində 12 kub kilometr şollar suyu gəlir. Bunun kimi digər yeraltı su mənbələri dənizə, çaylara axır. Onların sayı kifayət qədərdir. Bu mənbələrdən intensiv istifadə etmək lazımdır. Bundan başqa, kəhrizlərdən də istifadəyə ehtiyac var. İndi texnika yüksək inkişaf edib, kəhrizlərin qazılması da çətin deyil. Ən çox su ehtiyatı Xaçmaz rayonundadır, Qusarçay, Samurçay ən iri yerüstü çaylar hesab edilir. Kiçik Qafqaz ətəklərində böyük su ehtiyatları var. Təəssüf ki, onların əksəriyyəti işğal altındadır”.
Oğuz-Qəbələ-Bakı su kəmərinin Oğuzda quraqlıq yaratmasına gəlincə ekspert bildirdi ki, həmin ərazinin geoloji xüsusiyyətini öyrənmədən belə böyük layihəni reallaşdırmaq düzgün olmayıb., çünki ərazinin quruluşu mürəkkəbdir: “Orada su keçirməyən laylar və qumlu ərazilər var. Bu səbəbdən qazma zamanı və ondan sonra çökmələr baş verir. Su ehtiyatları tükəndikcə dağətəyi kəndlərdə quraqlıq artır. Eyni zamanda yerin altında su ehtiyatlarının cəmləşdiyi yerlərdə çökmələr, konusvari oyuqlar əmələ gələcəyi, uçqunlar olacağı ehtimalı çoxdur. Bu ərazini Şollar və Xaçmaz əraziləri ilə eyniləşdirmək olmaz. Şollar suyunun mənbəyi və Xaçmaz rayonu dəniz səviyyəsindən 10 metr yüksəklikdə yerləşir. Buradan götürülən suyu dəniz və yüksək dağ zirvələrindən gələn çay suları əvəz edir. Oğuzun su ehtiyatları isə yalnız yağıntılardan asılıdır, ona görə də bu fəsadlar yaranır”.

Yaşıllığı artırsaq, şirin su ehtiyatı da artar!

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov hesab edir ki, ölkədə suvarma suyundan israfçılıqla istifadə olunur və bunun qarşısı təcili şəkildə alınmalıdır: “Bu istilərdən sonra payız aylarında intensiv yağışlar başlayacaq. Bu zaman çaylarda yaranan su bolluğundan istifadə etmək lazım olacaq. Ölkədə suvarma suyundan israfçılıqla istifadə olunur. Ötən il 11 milyard kub təbii su mənbəyindən su götürülüb. Bunun 4 milyard kubu itkiyə gedib. Hardasa içməli suyun 40 faizi israf olunub. Bu, əlbəttə yolverilməzdir. Bundan əlavə meşələrin həcmini və ağacların sayını artırmalıyıq. Bu da şirin suyun miqdarını artırar”, - deyə Vahid Məhərrəmov bildirir.

Fasiləsiz su alanlar fasilə ilə alanlardan az su işlədir

Bəs quraqlıq içməli su ehtiyatına nə dərəcədə öz təsirini göstərib? “Azərsu” ASC ölkə boyu fasiləsiz su təminatı vəd edir və bir çox yerlərdə artıq 24 saat fasiləsiz su təminatı ilə bağlı tədbirlər görülüb, Bir halda ki, rəsmi statistika Azərbaycanda şirin su ehtiyatının az olduğunu bildirir, o zaman fasiləsiz su təminatı israfçılıq yaratmırmı?

Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının bildirdiyinə görə, fasiləsiz su rejimi əksinə suya qənaət deməkdir, amma sayğaclaşma prosesinə tam əməl olunarsa: “Çünki aparılan monitorinqlər də onu deməyə əsas verir ki, fasiləsiz su alanlar, fasilə ilə su alanlardan az su işlədir. Sayğac olmadıqda, yəni suyun pulunu ailə üzvlərinin sayına görə ödəyənlər əksər hallarda israfçılığa yol verir. Məsələn, Əhmədlidə qrafiklə su alan sakinlər ehtiyat edərək hamam vannasını belə su ilə doldurur, axşam su gələndə onu boşaldıb yenə də həmin vannaya ehtiyat su yığır. Amma orada sayğac quraşdırılan və 24 saatlıq rejimə keçən abunəçilər bunu etmirlər. Əlbəttə sayğac olmayan yerdə fasiləsiz su vermək böyük itkidir. Hazırda biz Bakının təqribən 78 faizinə fasiləsiz su veririk, öz növbəsində sayğaclaşma sürətləndirilir”.

Suya qənaəti smart-sayğac tənzimləyir

Anar Cəbrayıllı dedi ki, qeyri-əhali abunəçilərinin 90 faizə yaxını sayğacla təmin olunub və gələn il onlar tam sayğaclaşdırılacaq. Əhali qrupunda isə bu rəqəm 50 faizdən bir qədər artıqdır: “Smart kart tipli sayğaclar quraşdırılmazdan əvvəl pilot layihə icra olundu. Yeni Günəşli qəsəbəsinin Q massivində 28 çoxmənzilli binada tam sayğaclaşma həyata keçirdik və 24 saatlıq su rejiminə keçdik. Nəticə çox yüksək oldu. Əvvəl səhər-axşam su verməklə 28 binanın ay ərzində 31 min kub metr su sərfiyyatı vardı, fasiləsiz su təminatından sonra sərfiyyat 18 minə düşdü və biz birdən-birə 13 min kub metr suya qənaət etmiş olduq, eyni zamanda itkini sıfıra endirdik”.
İçməli su təminatında azalma müşahidə olunmur

Anar Cəbrayıllı onu da bildirdi ki, Oğuz rayonunda yaranan su problemi Oğuz-Qəbələ-Bakı su kəməri ilə əlaqəli deyil: “Hazırda tək Oğuzda deyil, İsmayıllı, Qəbələ, Şamaxı və digər rayonlarda da meşələr quruyur. Bu isə iqlimlə bağı - ilin quraqlıq keçməsi ilə əlaqədardır. Çayların və yaxud da bulaqların quruması və ya suyunun azalmasının Oğuz-Qəbələ-Bakı su kəmərinə aidiyyəti yoxdur. Bu, sırf təbiət hadisəsidir”.

“Azərsu” rəsmisi bildirdi ki, hazırda Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasının içməli su təminatında heç bir problem yoxdur. “Abşeronu su ilə təmin edən 5 su mənbəyindən paytaxta gələn suyun həcmi ötən ilki qədərdir, mənbələrdə heç bir azalma müşahidə edilmir. Bakıya saniyədə 18 kubmetr su gətirilir. Abunəçilərin sayının artmasına baxmayaraq bu, təminatı ödəyir”.

teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR