“Anti-milli qüvvələrə ölüm hökmü tətbiq olunmalıdır” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Anti-milli qüvvələrə ölüm hökmü tətbiq olunmalıdır” – MÜSAHİBƏ

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun Publika.az-a müsahibəsi

Bəzi beynəlxalq təşkilatlar, o cümlədən müxalifət partiyaları bir neçə QHT rəhbərinin həbsinə etiraz edir, onların müdafiəsinə qalxırlar. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

– Əslində, bu məsələ ilə bağlı dəfələrlə fikrimi bildirmişəm. Bir sıra bədxah dövlətlər Azərbaycana çox qısqanclıqla yanaşırlar. Bu dövlətlər hər seçki ərəfəsində Azərbaycanın daxili işlərinə qarışıblar. Bizim daxili işlərimizə müdaxilə zamanı da içərimizdə olan satqınlar çox mühüm rol oynayıblar. Vaxtilə Sovet İttifaqı dövründə də içəridəki satqınlar Kremldən göstərişlər alıb təxribatlar törədirdilər. Hazırda Azərbaycanda mövcud olan bəzi daxili qüvvələr də xaricdən göstəriş alaraq Londona, Parisə, Moskvaya, Berlinə və dünyanın hər yerinə işləyirlər. Bu adamlar üçün vətən eşqi, Azərbaycan dövlətinin təəssübkeşliyi hissləri yoxdur. Onlar üçün əsas məsələ maddi vəziyyətlərinin yüksəlməsidir. Bu qüvvələrin əksəriyyəti də milli və etnik baxımdan azərbaycanlı deyil.

Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ona görə də düşmənə və xarici müdaxilələrə qarşı birgə mübarizə aparılmalıdır. Azərbaycan müharibə şəraitində yaşayan dövlət olduğu üçün burada hərbi dövrün qanunları qüvvədə olmalıdır. Yəni, vətən xaini olan adamlar əsla bağışlanmamalıdır. İstər ABŞ, istər Avropa, istərsə də Rusiyada vətən xainlərinə qarşı ən ağır cəzalar tətbiq olunur. Hətta bu dövlətlərdə vətən xainləri elektrik stolunda oturdularaq ağır işgəncələrə məruz qalır. Mən deyərdim ki, bunu düzgün də edirlər.

Ancaq Azərbaycanda isə bunların heç biri yoxdur. Leyla Yunus vaxtilə qərargahda oturaraq ermənilərə hərbi məlumatlar ötürüb. Leyla Yunus o vaxtdan bəri Azərbaycan haqqında məlumatları xaricə ötürməklə anti-Azərbaycan təbliğatı aparıb. Azərbaycanda bir nəfər belə siyasi məhbus olmadığı halda, onlar özləri kimi vətən xainlərini “siyasi məhbus” hesab ediblər, hətta Azərbaycanın uğurlarına kor baxaraq xaricilərlə birləşiblər. Azərbaycan hələ ki, ABŞ, Fransa, Almaniya kimi tam oturuşmuş ölkə deyil. İndi Azərbaycan rəhbərliyi vətənimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizə aparır, biz müharibə şəraitində yaşayan dövlətik. Müharibə vəziyyətində olan bir ölkə isə hərbi dövrün qanunlarını işə salmalıdır. Eyni zamanda da vətən daxilində xainlərə və satqınlara yer olmamalıdır, onlar əsla bağışlanmamalıdır. Biz vaxtilə vətən xainlərinə qarşı qanunda nəzərdə tutulan bir sıra cəzaları, o cümlədən ölüm hökmünü ləğv etmişik. Düşünürəm ki, indi biz bu məsələyə yenidən baxmalıyıq. Vətən xaininin cəzası ən ağır cəza olmalıdır.

Yəni siz ölüm hökmünün yenidən bərpasını istəyirsiniz?

– Bəli, mütləq o cür adamlara ölüm hökmü tətbiq edilməlidir. Onlar üçün ən ağır cəza ölüm cəzası olmalıdır. Axı vətən xaini nə üçün bağışlanmalıdır? Vətən xaini nə üçün sərbəst yaşamalıdır? Vətən xaininin sərbəst yaşamasına əsla imkan verilməməlidir. Ona görə də bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyəti çox ciddi şəkildə araşdırılmalıdır, fəaliyyətində hər hansı qanunsuzluq faktları aşkar edilən təşkilatlar dərhal ləğv edilməli, rəhbərləri də cəzalandırılmalıdır. Bu təşkilatlara qarşı tədbirlər görülən zaman da Azərbaycan heç bir beynəlxalq təşkilatın və xarici dövlətin təzyiqlərinə məhəl qoymamalıdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycanın dövlət başçısının da fikirləri çox məntiqlidir, vətən təəssübkeşliyinə və hüquqa söykənən mövqedir. Mən Cənab Prezidentin bu siyasətini tam dəstəkləyirəm və alqışlayıram. Azərbaycanda mövcud olan anti-milli qüvvələrə ən ağır cəza verilməlidir. Xarici dövlətlərin və təşkilatların daxili işimizə qarışmasına imkan verilməməlidir.

Azərbaycan demokratik dövlətdir, ölkəmizdə tolerantlıq mühiti mövcuddur, ölkəmizdə dinə görə heç bir təqib yoxdur, bərabərlik var. Xarici dövlətlər bizdən daha nə istəyirlər? Ermənistan Azərbaycanın ərazilərini işğal edib, milyonlarla insanımızı şəhid ediblər. Axı bütün bunların qarşısında ermənilərlə hər hansı əməkdaşlıq necə mümkündür? Rauf Mirqədirov və Leyla Yunusla bağlı məsələlər qaldırılıb. Bütün bunlar yerində atılmış addımlardır. Hesab edirəm ki, anti-milli qüvvələrə qarşı gənclik də öz sözünü deməlidir. Azərbaycanın daxilində olan bütün vətən xainləri, satqınlar tamam təmizlənməlidir. Daxildəki bu qüvvələr tam təmizlənəndən sonra isə milli birlik daha da inkişaf edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm