Cəzaçəkmə müəssisələrində həkim çatışmazlığına RƏSMİ CAVAB
Bizi izləyin

Qırmızı.az

Cəzaçəkmə müəssisələrində həkim çatışmazlığına RƏSMİ CAVAB

“Cəzaçəkmə müəssisələrində həkim və orta tibb işçiləri üzrə vakansiyalar mövcuddur. Penitensiar müəssisələrdə tibb işçiləri tələb olunur. Bunu Publika.az-a açıqlamasında Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin vakansiyaların bağlanmasına çalışılır. Bununla bağlı nazirlik mətbuatda vaxtaşırı elanlar verir. Müraciətlərə şəffaf işə qəbul qaydalarına uyğun olaraq xüsusi komissiya tərəfindən baxılır.

Həkimlərin cəzaçəkmə müəssisələrində işləmək istəməməsinə gəlincə, R.Mehdiyev bunu iş şəraitinin ağır olması ilə əlaqələndirib:

“Cəzaçəkmə müəssisələrində iş ağırdır. Tibb işçilərinin daha yaxşı iş imkanı olan tibb müəssisələrində işləmək istəməsi normaldır. Lakin bu problem təkcə bizdə deyil, inkişaf etmiş ölkələrdə cəzaçəkmə müəssisələri ilə bağlı belə bir problem var. İnsanlar cəzaçəkmə müəssisələrində işləməyə çətinliklə gedirlər. Xüsusən də tibb işçiləri rahat iş şəraitinə uyğunlaşdıqlarına görə onlar daha çox problem yaşayırlar”.

Cəzaçəkmə müəssisələrində tibb işçilərinin gecə növbələrinin təşkil edilməsi məsələsinə gəlincə, R.Mehdiyev bu təcrübənin nə Sovet, nə də sonrakı illərdə olduğunu bildirib:

“Gecə təcili həkim lazım olduqda həkim evindən çağırılır, ya da təcili yardım vasitəsilə tibbi xidmət təmin edilir. Gecə növbələri yalnız penitensiar xidmətinin hospitallarında, müalicə müəssisələrindədir. Cəzaçəkmə müəssisələrində tibb işçilərinin gecə növbələrinin təşkili nəzərdə tutulmur”.

R.Mehdiyev bütün cəzaçəkmə müəssisələrinin əsas ixtisaslar üzrə həkim kadrları ilə komplektləşdiyini bildirib:

“Tələb olduqda Ədliyyə Nazirliyinin Hospitalından xüsusi həkim briqadaları, ayrı-ayrı ixtisaslar üzrə həkimlər göndərilərək yerlərdə də məhkumlar müayinə edilir. Bundan başqa, il ərzində vərəmin aşkarlanması, xəstəliyin profilaktikası üzrə də xüsusi briqadalar işləyir. Cəzaçəkmə müəssisələrində kütləvi baxışlar, həkim müayinələri təşkil edilir. Vərəm çöpləri qısa müddətə müəyyən edilməsi üçün cəzaçəkmə müəssilərinə xüsusi avadanlıq yerləşdirilib. Bu da vaxt itkisinin qarşısını almağa xidmət edir. Bu işlər cəzaçəkmə müəssisələrində ölüm hallarının azalmasına səbəb olub. Yoluxucu xəstəliklərin kütləvi baş verməsi müşahidə edilmir, vərəmdən ölüm halları və ağır vərəm xəstələrin sayı kəskin aşağı enib. Yəni kadr çatışmazlığı olsa da, çalışırıq ki, bu, məhkumlara göstərilən xidmətin keyfiyyətinə təsir etməsin”.

R.Mehdiyev tibb işçilərini cəzaçəkmə müəssisələrində işə cəlb olunması üçün atılan addımlara da toxundu.

“Həkimlərin cəzaçəkmə müəssisələində işə cəlb edilməsi üçün elanlar veririk. Orta tibb işçilərinin cəlb olunması üçün tibb texnikumlarında görüşlərimiz olub. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə hərbi tibb fakültələrinə qəbul olan tələbələr gələcəkdə penitensiar müəssisələrdə işə cəlb ediləcək. İlk qəbul olunan tələbələr 6-cı kursdadırlar, onlar universiteti bitirib, hərbi xidməti başa vurduqdan sonra dövlət hesablı hazırlıqdan keçib cəzaçəkmə müəssisələrində işə qəbul ediləcəklər. Cəzaçəkmə müəssisələrində işləyən həkimlərin əməkhaqqında əlavə artımlar var. Zabit kimi, cəzaçəkmə müəssisələrində rejim qaydalarına uyğun olaraq, vərəm müəssisəsində işlədiklərinə görə, əməkhaqlarına əlavə artım alırlar. Bundan başqa, sosial təminatlar var, həmin həkimlər 13-14-cü dərəcəli maaş alırlar, məzuniyyətə gedəndə 2 aylıq əməkhaqqı həcmində, xəstəliyə görə əlavə müavinət alırlar”.

Qeyd edək ki, Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm qrupunun rəhbəri Vüqar Məhərrəmov mətbuata açıqlamasında bildirib ki, Ombudsman Aparatı bir neçə cəzaçəkmə müəssisəsində tibb xidmətinin vəziyyətinin yoxlanılması məqsədi ilə monitorinq keçirib və qrup bu sahədə xeyli sayda nöqsanlar aşkar edib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində feldşer, stomatoloq, nevropatoloq, terapevt, narkoloq sahələrində çalışan həkimlərə ciddi ehtiyac var.

“Cəzaçəkmə müəssisələrində tibbi personalının əlçatan olmamağından şikayət olundu. Əsas problemlər isə həkim çatışmazlığı ilə bağlıdır. Mövcud vakansiyalara uyğun olaraq, müəssisələrdə həkim kimi çalışmaq istəyən insanların sayı çox azdır. Digər problem isə növbətçiliklə bağlıdır. Hazırda müəssisələrdə az heyətlə çalışan həkimlərin iş qrafiki səhər saat 9:00-dan axşam saat 18:00-dəkdir. Amma bundan sonrakı vaxtda, yəni gecə növbəsində heç kim çalışmır. Bu da bir sıra problemlərə gətirib çıxarır. Baş Tibb İdarəsinə ştat vahidi imkan vermir ki, bu məsələ də öz həllini tapsın”, - deyə V.Məhərrəmov qeyd edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm