Bazar baha, ciblər boş - REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bazar baha, ciblər boş - REPORTAJ - FOTOLAR

Rusiyanın Avropa ölkələrindən 9 milyardlıq məhsul idxalına veto qoyması azərbaycanlı fermerlərin üzünü güldürdü desək yanılmarıq.

Məhsulu ağacda xarab olanlar indi bir almanın belə yerə düşməsinə razı olmur. Fermerlərin üzü gülsə də, əhalinin kasıb təbəqəsinin vəziyyəti heç də ürək açan deyil.

Qərblə alış-verişi kəsən Rusiya ət, meyvə-tərəvəz almaq üçün Türkiyə, Gürcüstan və Azərbaycan bazarlarına üz tutub. Bu da adıçəkilən ölkələrdə yerli bazarları bağladı desək, yanılmarıq.

Ekspertlər isə, müsbət heç nə vəd etmir, Rusiya qapısının açılmasının qiymətlərin hələ bir neçə dəfə artacağına işarə olduğunu deyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Publika.z-a açıqlamasında son günlər bazarlarda qiymət artımı olmasını inkar etmədi. Lakin bunun nəzərəçarpacaq artım olmadığını dedi:

“Qiymətlərdə artım mövsümü xarakter daşıyır. Bazarlarda apardığımız monitorinqlər nəticəsində məhsullarda artımın olmadığını görürük. Əksinə bəzi məhsullarda qiymət azalması müşahidə edilib. Bazarda 50 qəpiyə alma, 3 kilosu bir manata badımcan tapmaq mümkündür. Rusiya bazarına çıxış normaldır və fermerlərin əlavə gəlir əldə etməsinə təsir edir. Bizim nazirliyin də əsas məqsədi fermerlərin daha çox məhsul istehsal edib, satmasıdır. Istehsala maraq artdıqca, istehsal da artacaq”.

M.Hacıyev onu da vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi qiymət tənzimləyən qurum deyil. Qiymət tələb və təklif əsasında müəyyən edilir.

Nazirlik rəsmisi qiymət artımının Rusiyaya idxalla əlaqədar olmadığını bidirib.

Bəs bazarlarda vəziyyət necədir? Hansı məhsulun qiyməti artıb, hansı azalıb? Bunun üçün də yolumuzu məhz bazarlardan saldıq.

Paytaxtın 3 bazarına baş çəkdik, məhsulların qiyməti və keyfiyyətinə görə aralarında xeyli fərq müşahidə edilirdi.

“Qiymət vursaq alıcılar qaçar”

Əvvəlcə, paytaxtın ucuzluğuna görə fərqlənən “8-ci km bazarı”nda olduq. Səhər saatları olduğundan alıcıların sayı çox deyildi. Biz də daha çox qiymətlərlə maraqlandıq. Satıcıların sözlərinə görə, əvvəl 40 qəpiyə satdıqları pomidoru, indi 1-2 manata satmaq məcburiyyətindədirlər. Çünki həm məhsul azalıb, olanlar da Rusiyaya aparılır. Satıcıların sözlərinə görə, pomidor qıt olduğundan onlar da bibəri pomidor qiymətinə satırlar ki, qazana bilsinlər. Qiymət artımı bazardakı bütün məhsullarda müşahidə edilirdi. Lobya 2, armud 3, əncir 2.5, üzüm 1 manata idi. Qarpız 0.4, gavalı 0.5, zoğal 1.5, yemiş 0.7, kələm 0.8 manatdır. Bazarda ən ucuz məhsul isə kartof idi, 0.6 manat.

Baş çəkdiyimiz ikinci bazar məhsulların daha çox topdansatışı ilə seçilən “Yaşıl bazar” oldu. Məhz buna görə də, bazarda xeyli bolluq müşahidə olunurdu. Lakin qiymətləri öyrənmək üçün bir-bir satıcılara yaxınlaşmalı olduq. Demək olar ki, heç bir malın üzərində qiyməti vurulmamışdı. Fotoqrafımız Elçin qiymət soruşmaq mərasimindən bezib satıcılardan birinə yaxınlaşıb, niyə qiymət yazmadıqlarını soruşur. Onlar da yarı zarafat, yarı-ciddi “qiymət vursaq alıcılar qaçar. Soruşandan sonra bəziləri məcbur qalır, ya da qiyməti 5-10 qəpik endiririk, alırlar”, deyə cavab verirlər.

Bazardakı qiymətlər isə təxminən belə oldu: pomidor 2, lobya 2.5, əncir 1, kələm 1, kök 1.5, şaftalı 1-2, gavalı 1, xiyar 1 manat idi.

Satıcı Gülnaz Səfərova deyir ki, pomidor, xiyardan tutmuş, bazarda bütün malların qiyməti qalxıb.

“Qıtlıqdı, yağış yaxşı yağmadı, məhsul az oldu. Həm də Rusiya bazarının açılması da qıtlıq yaratdı. Pomidorun bir yeşiyini 30-35 manata alıram, bir həftə əvvəl 10-15 manata alırdım. Badımcanın kisəsini 5 manata alırdıq, indi kilosu 80 qəpikdir, bibərin kisəsini əvvəl 3 manata alırdıqsa, indi 7 manatdır, xiyarın kilosunu 80 qəpiyə alırıq, 1 manatdan ucuz sata bilmirik”.

“Məhsulların 90%-ni Rusiyaya satırıq”

“Hər şeyin qiyməti qalxıb, gör nə vəziyyətdi ki, badımcanı 60 qəpiyə alırıq, 80 qəpiyə satmalıyıq. Bir-iki həftə əvvəl çox ucuz idi”. Bunu isə Xaqani İsmayılov deyir:

“Qiymətlərin artmasının səbəbi Rusiya bazarının açılmasıdır. Neçə ildir bu işlə məşğulam, son 3-4 ildə ilin bu vaxtı bu cür artım görməmişdim. Keçən il bu aylarda qiymətlər çox ucuz idi. İndi yollar açıldı, qiymətlər qalxdı. Gavalı 1.5 manatdır, keçən il ən yaxşı gavalı 0.8-1 manat idi. Alma keçən il bu vaxt 50 qəpik idi, indi 1.5 manatdır. Qapızın kilosu 30-40 qəpik, yemişin kilosu 1 manatdır”.

Üzüm satanların sözlərinə görə, keçən il topdansatışdan 1 manata alırdılarsa, indi 1.5 manata alıb, 2 manata satırlar.

Rayondan özü yetişdirdiyi meyvələri paytaxta gətirib satan Natiq Qasımov ən çox artımın zoğal, şaftalıda olduğunu deyir.

“Zoğalın kilosunu əvvəl 80 qəpiyə, indi 1.3 manata satırıq. Şaftalını əvvəl 50 qəpik, indi 1 manata satırıq. Keçən il gavalını 30 qəpik, bu il 1 manatdan satıram. Səbəblər çoxdur. Məhsulun axırıdır, əvvəl 20 maşın gətirirdiksə, indi 2-si gəlir. Bir də, Rusiya bazarının açılması da məhsulda qıtlıq yaradır. Bu il yığılan gavalının 90 faizini Rusiyaya satdıq. Keçən il əksinə idi. Çünki ora daha sərfəlidir, Rusiyada burdan 2 dəfə baha satırıq. Mən bazarda zoğalın kilosun 1 manata satıramsa, Rusiyaya satanlar həyətlərdən həmin qiymətə yığıb aparırlar. Burda da nə qədər satacam, nə qədər itkiyə gedəcək, bilmirəm. İndi burdakı malımın 2 min manat mayası var, onu çıxartmamışam. Bir həftə əvvələ qədər günə 500-700 manatlıq məhsul satırdım, indi 200-300 manat olmur. Qiymətlər qalxsa da, bizim gündəlik gəlirimiz azalıb, çünki alıcı yoxdu. Əvvəl bazara gələn hər meyvədən 2-3 kilo alırdılarsa, indi heç bir kilo almırlar, bəziləri də qiyməti soruşur, cibinə baxır, almır gedir”.

Arabaçılar boş qalıb

Satıcıların da dediyi kimi, məhsulun baha olması, alıcı kütləsinin də azalmasına səbəb olub. Fikrini öyrənməyə alıcı tapmaq üçün xeyli vaxt itirdik. Əllərindəki mallar əslində onların fikirlərini ifadə edirdi. Məhsul alarkən hətta 200-300 qram artıq çəkilməsinə razı olmamaları, əllərində hər məhsuldan ancaq 1 kiloqram olması qiymətlərin büdcələrinə uyğun olmadığını göstərirdi.

Bazara yeni girən Leyla xanım hələ ki ancaq pomidor aldığını, onun qiymətindən də razı qalmadığını deyir.

“Rusiya bazarı açılandan sonra qiymətlər artdı. Hələ daha da çox artacaq. Bu da bütün ailələrin büdcəsinə təsir edəcək”.

“Bazarlar qan ağlayır” deyən Aybəniz adlı alıcı, daha ucuz mal almaq üçün paytaxtın bütün bazarlarını gəzib:

“Əvvəl bazara gələndə aparmağa gücümüz çatmırdı, araba tuturduq. İndi hərəsindən bir kilo alıram. Bu bazarda topdansatış olduğuna görə bir az ucuzdur, o biriləri daha bahadır. Dünən Keşlə bazarına getmişdim, orda vəziyyət daha pisdir”.

Aybəniz xanımın da dediyi kimi, alıcıların azalması arabaçıların da işinə pəl vurub. Onlar alıcıların arxasınca gəzir, aldıqlarını arabaya qoymaları üçün az qala yalvarırdılar.

Burada işimizi bitirib, “Keşlə” bazarına yollandıq. İlk diqqətimizi çəkən məhsulların qıtlığı və keyfiyyətin aşağı olması idi.

Satıcılar deyir ki, bir həftədə pomidorun qiyməti 50-60 qəpik artıb.

Səadət adlı satıcı bu il meyvələrin qıt olması, topdansatışa da yaxşı məhsul gəlməməsindən şikayətlənir.

“Əvvəl armudun yeşiyini 12 manata alırdım, indi kilosunu 1.5 manata alıram. Qiymətin artmasına səbəb Rusiya bazarının açılmasıdır. Alıcılar da qiyməti soruşur, bahadır deyib, gedirlər”.

Bazarda badımcan və bibər 1 manata, üzüm 1.5, şaftalı, gavalı, zoğal 2 manata idi. Bu bazarda qiymətlər nisbətən normal idi, lakin məhsulların keyfiyyətsizliyi də diqqətimizdən yayınmadı.

Nazirlik etiraz edir

Kənd Təsərrüfatı Nazirliyi isə bu gün yaydığı məlumatda son günlər bəzi KİV-lərdə ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı əsassız informasiyalar yaydığını bildirib.

Nazirlik yaydığı məlumatda bildirib ki, ötən ilin iyul ayına nisbətən cari ilin iyul ayında kələmin qiyməti 25%, soğanın qiyməti 21%, sarımsağın qiyməti 15%, xiyarın qiyməti 13%, almanın qiyməti 21%, çiyələyin qiyməti 12%, alçanın qiyməti 10% aşağı idi və s. Ümumilikdə isə meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni ki, fermerlərin sahədən satış qiymətləri 4-5% aşağı idi.

Maraqlıdır ki, Rusiya Avropaya embarqonu avqustun əvvəlində qoyub, nazirliyin açıqlamasında isə iyul ayına olan qiymətlər yer alıb.

Gülxar Şərif

Fotolar Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm