Satıcılar qızıl xırdalayır, alıcılarsa... REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Satıcılar qızıl xırdalayır, alıcılarsa... REPORTAJ

Avropalıların bütün adətlərini əllərindən alıb özümüzünküləşdirsək də, bircə bu toy adətlərində möhkəm dayanmışıq. Birindən danışaq, məsələn, götürək elə gəlinə aparılan qızıl-zinət əşyalarını. "Qonşudan dala qalma" prinsipi ilə qohumlardan, tanışlardan, banklardan, oradan-buradan borc pul tapıb gəlinə bahalı qızıl aparırıq ki, bizi barmaqla göstərib “filankəs 10 minlik qızıl aldı” desinlər. Elə Rəbiyyə xala kimi. Oktyabr ayında oğluna nişan aparmağı planlaşdıran Bakı sakini mağazalarda qızılın qiymətinin baha olmasından şikayətlənir. Qadının sözlərinə görə, toy həyatda bir dəfə olduğundan məcbur olub borc-xərc lazım olan qızılları alacaq. Amma qızıl o qədər bahadır ki, heç yaxın düşmək mümkün deyil: “Əslində oğlumun bəyəndiyi üzük çox bahalıdır, bir tək üzüklə məsələ bitmir axı, hələ bunun boyunbağısı, qolbağı, sırğa-üzük dəsti də var, 3000 manat bir üzüyə necə verək?”

Son vaxtlar qiymətli metala etibar edənlərin sayında azalma hiss olunsa da, Azərbaycan qızıl satışına görə MDB məkanında birincilər sırasındadır. Bunun əsas səbəblərindən biri isə insanların qızıla olan marağıdır. Toy məclisləri bir yana qalsın, adi iş günlərində də xanımlarımızı qızılsız təsəvvür etmək mümkün deyil. Qızıl taxmaq həm də adət-ənənədən irəli gələn tendensiyadır. Elə buna görə də, paytaxtın əksər məkanlarında qızıl mağazalarına rast gəlmək olar.

Bazarda qızılın qiymətində artıb-azalma varmı? Alıcılıq qabiliyyəti necədir? Alıcılar daha çox hansı mallara üstünlük verirlər? Bu və digər suallarla Bakıda ən çox qızıl alış-verişi edilən Mərkəzi Univermağa (MUM) yollandıq. Mağaza bərq vuran qızıllarla dolu olsa da, yaxınlaşıb almaq istəyən tək-tək alıcı müşahidə etdik. Alıcılar qiymətlərdən narazılıq etsələr də, satıcılar qızılın qiymətində son iki ayda heç bir artım olmadığını deyirlər.

Burada 7 ildən artıqdır ki, satıcı işləyən Arif Baloğlanov Publika.az-a açıqlamasında bildirdi ki, alıcılar yalnız xeyir iş edənlərdir. Bunlar da qızıl almağa məcburdurlar: “Artıq bir neçə aydır ki, alıcı yoxdur, özünüz də görürsünüz, tək-tək alıcılar gəlib nəsə soruşurlar. Düzdür, qiymətdə artım yoxdur, amma paytaxt əhalisi, görünür, istirahət edir, hələ ki mağazaya gələn yoxdur”.

Satıcıların sözlərinə görə, MUM-da daha çox Dubay, Türkiyə və Honq-Konqdan gətirilən qızıllar satılır. Onların sözlərinə görə, burada yerli mal azdır və səbəbi isə yerli mala tələbatın olmamasıdır. Əhali daha çox 750 əyarlıq İtaliya qızılına üstünlük verir.

Moskva Univermağında da eyni vəziyyət hökm sürür. Lakin müqayisə etdikdə, Mərkəzi Univermaqdan fərqli olaraq, burada daha çox alıcıya rast gəldik. Söhbət etdiyimiz satıcıların isə, demək olar ki, hamısı alıcı qıtlığından şikayət edirdilər. Satıcıların bildiridiklərinə görə, bir ildən artıqdır ki, alıcılarının sayı olduqca azalıb. Satıcı Şamil Qasımov bunu əvvəllər dövriyyədə pulun çox olmasıyla əlaqələndirdi: “İndi dövriyyədə pul azaldığından alıcılıq qabiliyyəti də azalıb. Qızılın unsiyası 1280 dollardan 1310 dollar arasında dəyişir, bu məbləğ son bir ayda, demək olar ki, stabildir”.

Satıcının Publika.az-a söylədiklərinə görə, Moskva Univermağında onların əsas alıcıları yenə də toy bazarlığına gələnlərdir: “Əhalinin alıcılıq qabiliyyəti çox aşağı düşüb. Məsələn, 3 il bundan əvvəl toy bazarlığı üçün gələnlər təxminən 5000 manatlıq qızıl alırdılarsa, indi bu məbləğ 2000-2500 civarında dəyişir. Əhali əsasən 585 əyarlı yüngül qızıllar almağa üstünlük verir”.

Qızıl bazarında ən çox satılan mal isə 150-200 AZN civarında olan hədiyyəlik üzüklərdir. Bununla belə, satıcılar 15000 manata qədər qiyməti olan qızılların da satıldığını deyirlər. Lakin bunlara müştərilər çox nadir hallarda müraciət edirlər.

Qiymətli daşlara gəlincə, satıcılar bildirirlər ki, daha çox brilyant qaşlı zinət əşyaları alınır. Brilyantlar isə Rusiya, Cənubi Afrika, Hindistan, Fransa, Kanada, İsraildən gətirilir. Mərkəzi Univermaqda daha çox Rusiya istehsalı olan brilyantlar satılsa da, Moskva Univermağının alıcıları əsasən Belçika istehsalı olan brilyantlara üstünlük verirlər. Mağazada 300-400 manata da brilyant üzük tapıldığını deyən satıcılar bildirirlər ki, 4-5 min manata olan üzüklərə də rast gəlmək olar. Bunlar əsasən, brend mallardır. Satıcı Qərənfil Mustafayeva bildirir ki, onların öz alıcıları olsa da, çox satılmır: “Cəmi 1500-2000 manatlıq toy alış-verişi edə bilən alıcı başqa nə tələb edəcək, ancaq Belçika brilyantı istəyirlər. Sibir brilyantı, demək olar ki, heç yoxdur”.

Alıcılar qızılların qiymətinin baha olmasından narazılıq edirlər. Səmayə Aşurovanın Publika.az-a bildirdiyinə görə, mağazada ürəkləri istəyən mallar olsa da, ona yaxın düşə bilmirlər: “Gəlinimlə gəlmişik, əlbəttə, bəyəndiyimiz qızıllar var, amma çox bahadır. Məcburuq, bəyəndiyimizi deyil, cibimizə uyğun olanı alaq”.

Digər bir alıcı Aytəkin Məmmədova isə qohumunun yeni doğulan körpəsi üçün qızıl aldığını və əslində çox kiçik bir hədiyyəyə bu qədər pul verməyə ürəyi gəlmədiyini dedi.

Satıcılar isə qiymətləri şişirtmədiklərini, aldıqlarına uyğun da satdıqlarını bildirirlər. Qızıl bazarında qiymətlərdə təxminən 20%-dən 50-70%-dək endirim edilir. Bəzi satıcılar bunu dünya bazarındakı qiymətə mütənasib olaraq etdiklərini desələr də, bunu insanların psixologiyası ilə əlaqələndirən də tapıldı. Satıcı Müşfiq Əliyev deyir ki, endirim olanda alıcı da çox olur. “Dünyanın hər yerində belədir, etiketdə 5000 manat yazılır, yarı qiymətə satılır. Hətta həmin malı 2000-1800 manata da satırlar. Biz orada yazdığımız qiymətə malı satsaq, onu heç kim almaz”.

İqtisadçı ekspert Vüqar Bayramovun Publika.az-a verdiyi açıqlamaya görə, bütövlükdə son bir ildə dünya bazarında qızılın qiyməti 10 faizə yaxın azalıb. Son 6 ayın yekunları da neqativdir. Bu müddətdə qızıl 7 %-ə yaxın dəyər itirib. Qızılın qiymətinin aşağı düşməsi dünya bazarında qızıla olan tələbatın azalması ilə bağlıdır.

Ekspertin sözlərinə görə, ABŞ iqtisadiyyatında müşahidə edilən iqtisadi artım və eləcə də, valyuta bazarındakı stabillik fonunda investorlar vəsaitlərini qızıl bazarından çəkirlər. “Adətən sentyabr ayında qızıla tələbatın artması müşahidə edilir və bu baxımdan sentyabr ayından başlayaraq bu qiymətli metalın qiymətində stabilləşmənin olacağı gözlənilir. Bununla belə, dünya bazarında bu ayda qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır”.

Ekspert bildirdi ki, daxili bazarda mövsümi olaraq qızıla tələbatın artması səbəbindən müəyyən məbləğdə qiymət artımının olacağı gözlənilir. Bütövlükdə ilin sonunadək qızılın hər qramının 42 dollar intervalında stabilləşəcəyi proqnozlaşdırılır.

Gülnar Əliyeva

FOTOLAR Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm