Ehsan nədir və necə verilməlidir?
Bizi izləyin

Qırmızı.az

Ehsan nədir və necə verilməlidir?

“Azərbaycanda yas mərasimləri həddini aşmamalıdır, yəni burada müəyyən nizam qorunmalıdır.Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir". Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Bu günlərdə bir-birinin ardınca icra başçılarının yas mərasimlərindəki israfçılığın qarşısını almaları ilə bağlı qərar vermələri xəbəri yayıldı.

Naxçıvandan sonra ilk belə xəbər Tovuzdan gəldi. Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tapşırıq verdi ki, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda, yemək, meyvə-tərəvəz məhsulları mənzil istismar sahələrinin əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Gəncənin icra başçısı Elmar Vəliyev sakinlərlə görüşündə yas mərasimlərinin 3 gün keçirilməsini, ehsan olaraq isə ancaq çay süfrəsi açılmasının məqsədə müvafiq hesab edib. O, həmçinin dəfn xərclərinin də nəzarətə götürülməsi ilə bağlı ciddi tapşırıqlar verib.

İcra başçıları qərar verdilər. İndi əsas məsələ sakinlərin bu qərara nə qədər əməl edəcəkləridir. Bunu isə zaman göstərəcək.

Rayon icra hakimiyyətlərinin yeni qəbul etdikləri qərar artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikasında tətbiq edilib.

Qaydanın tətbiqinin ilk dəstəkçilərindən olan Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin sabiq rəisi, şərqşünas, doktor İdris Abbasov görülən işlər və bu qərarın verilməsinin önəmi barədə Publika.az-ın suallarını cavablandırıb.

O əvvəlcə, ehsan və israf sözlərinə aydınlıq gətirib.

“Ehsan" ərəb dilində "hüsn" kökündən törəyib. Əsas dini-terminoloji mənası "başqasına yaxşılıq etmək", "etdiyi işi gözəl etmək" və s.-dir. Hz.Əli (ə.s.): "İnsanlar işlərini ehsanla etdiklərinə görə dəyər qazanırlar" deyərkən bunu nəzərdə tutmuşdur. Allahın hər şeyi ehsanla yaratdığını əks etdirən ayədə "ehsan" istilahı məhz "gözəllik" mənasındadır.

Ehsan ədalətin fövqündə dayanan bir dərəcədir, yəni "daha çox yaxşılıq etmək" deməkdir. Qısaca olaraq, qeyd edim ki, ayə və hədislərin işığında insana aid edilən "ehsan" termini iki mənada anlaşılır. Birinci məna "etdiyini gözəl etmək". Bu zaman qul Allaha qarşı dərin sevgi, bağlılıq və itaət ruhu hiss edir.

Ehsanın, başda ata-ana olmaqla, digər insanlara qarşı sevgi və mərhəmətlə davranışını ifadə edir.

Yenə bir Quran ayəsinə müraciət edək: "Onlar bolluqda da, qıtlıqda da Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları əfv edərlər. Allah yaxşılıq edənləri sevər..."(Ali-İmran, 3/134). Eyni zamanda ifratçılıqdan qaçma, qətilik, cəsarət, gözütoxluq və comərdlik də ehsan məfhumunun əhatə etdiyi fəzilətlərdəndir.Təfsir kitabları ilə yanaşı əxlaq və təsəvvüf kitablarında da ehsan məfhumu üzərində dayanılmışdır.

"Şübhəsiz, Allah ədaləti və ehsanı əmr edir..." (ən-Nəhl, 16/90) ayəsi yaxşılıq və pislik mövzusunda Quranın ən əhatəli ayəsi hesab olunur. İslam israfçılığı qadağan etməklə xüsusi mülkiyyət haqqına bir hədd qoyub. Sərvət kimin olursa olsun, bu sərvətdə cəmiyyətin haqqı vardır. Məhz bu prinsipdən çıxış edən İslam israfçılığı qəti surətdə qınayır.

Ümumiyyətlə, yas mərasimləri necə təşkil edilməlidir? Yaxını dünyasını dəyişmiş insanların təmtəraqlı ehsan süfrələri açmaları nə dərəcədə İslam qaydalarına uyğundur?

– Gördüyümüz kimi, ehsanın nə linqvistik, nə də dini-terminoloji mənaları bu gün yas mərasimlərində tətbiq etdiyimiz "ehsan"la uyğun gəlmir. Bu, yas sahiblərinin başsağlığına gələnlərə ifrat ehtiramından qaynaqlanıb və zaman-zaman ənənə halını alıb. Halbuki yas sahiblərinə ehtiram göstərmək, rəhmətə getmiş insanın dəfni üçün bütün lazım olan şeyləri yerinə yetirmək, hüzn sahiblərinə təsəlli və təskinlik vermək dinimizin tövsiyə və təşviq etdiyi yaxşı əməllərdəndir. Elementar məntiqlə yanaşsaq, rəhmətə getmiş şəxsin yaxınlarına əziyyət vermək nə dərəcədə etikdir? Yaxud birinə ehsan (yaxşılıq) etmək üçün gözləməliyik ki, hansısa yaxınımız rəhmətə getsin? Və ya ehsan yasda verilən o yeməklə məhdudlaşır? Məsələn, imkanlı bir şəxsin imkansızlara kömək etməsi, kimsəsizlərə əl tutması əsl ehsan deyildirmi?

– Bəs real islami mənzərə necə olmalıdır?

– Yaxını dünyasını dəyişmiş şəxs dərd, kədər və hüzn içində olur. Onsuz da onun başını itirəcək dərəcədə ən ağır günüdür. Bir insanın ağır günündə nə edərlər? Əlbəttə, kömək edərlər. Bax, dinimizin də bizə tövsiyə etdiyi budur. Yəni qonum-qonşu, dost-tanış, qohum-əqrəba yığışıb dəfni təşkil edir. Mərhumun yaxınlarına yemək hazırlanır, onlara ürək-dirək verilir və s. Əslində, yas mərasiminin məğzi və mahiyyəti dəfn mərasimi ilə sona çatır. Dəfndən sonra bəzi yaxınların bir-iki gün yas sahiblərinin yanında qalaraq onlara mənəvi dəstək olmaları, el dili ilə desək, onları yasdan çıxarmaları bəyəniləsi davranışlardır. Hər şeyin öz axarı ilə davam etməsinə çalışılır və tez bir zamanda yas düşən evdə həyat öz təbii ritminə qayıdır. Yaxınını itirmiş şəxsin "ehsan" süfrələri açması, israfçılıq və ifratçılıq etməsi İslam ədəb-ərkanına sığmır. Yəni İslamda belə bir qayda yoxdur və bu kimi davranışlar xoş qarşılanmır. Qeyd etdiyimiz kimi, istər zəngin, istərsə də, kasıb olsun, ehsanı yas sahiblərinə yeyib-içmək məclisləri hazırlatdırma şəklində qavramaq yanlışdır. Ehsanı hər gün, hər saat, hər an istənilən zamanda və məkanda etmək olar. Ehsan məfhumunu daraldıb, yas sahiblərinin yemək-içmək süfrələri açmaq öhdəliyi ilə dəyərləndirmək olmaz. Xüsusi ehsan menyusu deyilən bir şey yoxdur. Zamanından və yerindən asılı olmayaraq hər bir insanın yaşaması üçün qida qəbul etməsi təbiidir. İsrafçılıq isə haramdır. Ehsanın mənasını isə yuxarıda müəyyən qədər aydınlaşdırdıq.

– Naxçıvanda israfçılığın qarşısını almaq barədə qərar necə yarandı və tətbiqi necə baş tutdu? Bir sözlə, bu məsələ sərt qadağa qoymaqla həllini tapa bilərmi?

– Naxçıvandakı iş təcrübəmdən deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinin islami və humanist qayda-qanunlara uyğun yola verilməsi əhalinin öz istəyi olmaqla yanaşı, muxtar respublika rəhbərliyinin dövlətçilik və xalqın rifahı naminə istənilən mütərəqqi addımı dəstəkləməsi ilə bağlı olmuşdur. İsrafçılığın qarşısını almaq barədə qərara gəlincə, hələ 7-8 il bundan qabaq Naxçıvanda İslam Dini İcmalar Birliyinin yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı təşəbbüsü yerli rəhbərlik tərəfindən müsbət qarşılandı və əhali tərəfindən minnətdarlıqla qəbul olundu. O zaman bəzi KİV-lər tərəfindən haqsız tənqidlərə məruz qalsaq da, bu günkü hadisələr bir daha göstərdi ki, dövlətçilik maraqlarının hər şeyin fövqündə dayandığı Naxçıvanda vətəndaşların mənafeyinə uyğun məsələlərin sivil yolla həllini tapması təbiidir. Unutmaq olmaz ki, bu kimi məsələlərdə sərt qadağa tətbiq etməklə heç nəyə nail olmaq olmaz. Bu kimi sosial yönümlü məsələlərin pozitiv həllini tapması Naxçıvan Muxtar Respublikasında din-dövlət münasibətlərinin düzgün tənzimlənməsindən, səriştəli idarəçilikdən, ağla və məntiqə söykənən maarifçilikdən, xalqın və dövlətin maraqlarının üst-üstə düşməsindən irəli gəlir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm