• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Altıncı qrant müsabiqəsi elan edildi

Altıncı qrant müsabiqəsi elan edildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, yığıncağın gündəliyinə altıncı qrant müsabiqəsinin elan olunması, layihələrin icrasının yekunu ilə bağlı resipiyentlərdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son 2 ildə keçirilmiş 5 müsabiqə çərçivəsində 1457 layihənin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün Fond tərəfindən 8,9 milyon manatdan artıq vəsaitin ayrıldığını bilidirib. Qeyd edilib ki, yeni qrant müsabiqəsinin əsas məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarətdir.

Müsabiqə şərtlərini müzakirə edən Şura üzvləri "A" kateqoriyası (yerli layihələr) üzrə 8, "B" kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, "C" kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə 7 istiqamət müəyyənləşdiriblər. Altıncı qrant müsabiqəsinin sentyabr ayının 5-dən oktyabr ayının 20-dək keçirilməsi qərara alınıb.

Fondun icraçı direktoru Fərhad Hacıyev əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti barədə məlumat verib, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb. Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönəlmiş təkliflər irəli sürüblər.

İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının ötən iclasının qərarı ilə yaradılmış komissiya hazırladığı sənəd layihəsi barədə məlumat verib, məsələyə dair müvafiq dövlət orqanları ilə məsləhətləşmələrin aparıldığını diqqətə çatdırıb. Səsləndirilən təkliflər nəzərə alınmaqla, siyahı Şura tərəfindən təsdiq olunub.

Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də müəyyən dəyişikliklər edilib. Dəyişikliklər, əsasən, aşağıdakı məsələləri əhatə edib:

- müsabiqə zamanı "C" kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə müraciət edənlərin aşağı yaş həddinin 16

yaş müəyyən edilməsi;

- layihəsinin icrası başa çatmış, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixdən ötən 15 gün müddətində təsviri və maliyyə hesabatını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmaması;

- müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 aydan az, 12 aydan çox olmaması;

- maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləni Müşahidə Şurası tərəfindən müəyyən olunmuş müddətdə imzalamamış resipiyentlərin layihələrinə xitam verilməsi və s.

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR