Oğlu ölən ata: “Sənin qanını stəkana töküb içəcəm”
Bizi izləyin

Qırmızı.az

Oğlu ölən ata: “Sənin qanını stəkana töküb içəcəm”

Cəlilabad rayon sakini Sərraf Ataşov bacısının həyat yoldaşını xuliqanlıq zəminində qətlə yetirməkdə ittiham olunur.

2007-ci il dekabrın 31-də Səbail rayonu "20-ci sahə" deyilən ərazidə qətl hadisəsi baş verib. Sərxoş vəziyyətdə olan 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakin Sərraf Ataşov şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində bacısının həyat yoldaşı Rauf Yarəliyevə bir bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarəti yetirib. Sonra da yaralını xəstəxanaya aparıb. Kliniki Tibbi Mərkəzin həkimlərinə Raufun qaynı olduğunu və onun tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyərək yalan məlumat verib. Raufu həkimlərə təhvil verdikdən sonra hadisə yerindən qaçıb. Həkimlər Rauf Yarəliyevə ilkin tibbi yardım göstərsələr də, yaralı qan itirdiyinə görə dünyasını dəyişib. Bu barədə dərhal polisə məlumat verilib. Tibbi ekspertlərin iştirakı ilə meyitə baxış keçirilib. Mərhumun aldığı xəsarət dərin olduğundan venaya toxunub. Nəticədə, Raufun qan itirmə səbəbindən dünyasını dəyişdiyi sübuta yetirilib.

Özü polisə təslim oldu

Hadisəni törədən Sərraf Ataşov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gedərək təslim olub. O, polisə ifadəsində "20-ci sahə"də fəaliyyət göstərən 6 saylı texniki peşə məktəbinin ərazisində yeznəsi Raufla mübahisə edərək dalaşdığını, hadisə zamanı üzərində olan cib bıçağı ilə ona xəsarət yetirdiyini etiraf edib. Eyni zamanda, həmin gün həm özünün, həm də Raufun sərxoş olduğunu bildirib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Sərraf Ataşov barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sonradan cinayət işi Bakı Şəhər Prokurorluğuna həvalə olunub. Beləliklə, Sərraf Ataşovun işlətdiyi cinayət sübuta yetirildiyindən barəsində həbs qətimkan tədbiri seçilib və iş baxılması üçün məhkəməyə göndərilib.

Spirtli içkinin təsiri...

Məhkəmədə müttəhim qismində ifadə verən Sərraf Ataşov Rauf Yarəliyevin onun bacısının həyat yoldaşı olduğunu etiraf edib. Onun sözlərinə görə, hadisə baş verən gün qardaşı Həbib Ataşovun kirayədə yaşadığı evdə bacısının həyat yoldaşı Raufla qarşılaşıb. Qardaşı ilə yeznəsinin yeni ilin gəlişini qeyd etmək üçün bir süfrə ətrafında toplaşdığını görəndə özü də onlara qoşulub: "Həbibgildə yeyib-içəndən sonra üçümüz də böyük qardaşım Vəlinin kirayə yaşadığı evə getdik. Orada da içki qəbul etdik. Növbəti dəfə məclisi mənim kirayədə yaşadığım evdə davam etdirdik. Hamımız birlikdə yenə də yeyib-içdik. Hamımız sərxoş idik. Rauf mənə onlara getməyi təklif etdi. Mən də təklifi qəbil etdim və Raufla birlikdə onlara gedəndə yolda mənə dedi ki, atamgil bizdədir. Dedim onda mən qayıdıram, getmirəm. O, mənə zarafat etdiyini bildirdi. Onlara gedəndə qapıda məni Raufun yoldaşı, yəni bacım və uşaqları qarşıladı. İçəri girəndə Raufun atası Gülağanı gördüm. Başa düşdüm ki, Rauf əslində zarafat eləməyib, düz deyib. Gülağa mənə əl uzadıb salam verdi. Mən isə onun salamını almadım, əli uzalı qaldı. Beləliklə, tez evdən çıxdım. Çünki Raufun ailəsi ilə aramızda problem vardı. Elə Raufla da problemlərim olurdu. Amma onunla tez-tez küsüb-barışırdıq. Ailəsi ilə, ümumiyyətlə, danışmırdım. Çıxanda da bacıma "Allah sizi mehriban eləsin" deyib getdim".

Salam qanlı olaya yol açdı

Uzun illərdir ki, Gülağa ilə küsülü olmasına baxmayaraq, bayram günü evdə qanqaraçılıq salmaq istəmədiyini deyən Sərraf evdən çıxandan sonra Rauf qaynını təkidlə geri qaytarmaq istəyib. Sərraf isə onun atasını görmək istəmədiyini deyib. Yol boyu onların söhbəti mübahisəyə çevrilib. Rauf ondan niyə atasının salamını almadığını, əlini uzalı qoyduğunun səbəbini soruşub: "Rauf mənə irad bildirdi ki, atamı saymadın. Gedək atamdan üzr istə. Onun bu sözləri məni özümdən çıxardı. Dedim ki, sənin atan dəfələrlə məni söyüb. Ondan niyə üzr istəyim?

Beləliklə, Raufla əlbəyaxa davaya çıxdıq. O, mənə yumruq vurdu, söydü. Hətta yerə yıxıb boğmaq istədi. Özümü müdafiə etmək üçün üzərimdə olan cib bıçağı ilə ona bir zərbə vurdum. Heç bilmədim bıçaq hara dəydi. Onun yıxıldığını görəndə başa düşdüm ki, zərbə güclü olub. Qardaşım Həbibə zəng elədim ki, Raufu vurmuşam, maşın götür gəl, aparaq xəstəxanaya".

Sərraf qardaşı ilə birlikdə Raufu xəstəxanaya aparıb, özü evə qayıdandan sonra həyat yoldaşının polis bölməsinə aparıldığını eşidib. O da törətdiyi cinayətin polisə məlum olduğunu bilib Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək təslim olub.

"Sənin qanını stəkana töküb içəcəm"

Zərərçəkən şəxs qismində ifadə verən mərhum Rauf Yarəliyevin atası Gülağa Yarəliyev Sərrafın verdiyi ifadənin yalan olduğunu dedi. Onun iddiasına görə, Sərraf Raufu öldürəndən sonra kömək etməyib. Əksinə, 20-ci sahədə xəstəxananın həyətinə atıb. Öləndən sonra isə xəstəxanaya aparmaq məcburiyyətində qalıb. Oğlunun ölümündə Sərrafı günahlandıran ata "Sənin qanını stəkana töküb içəcəm" deyə müttəhimi hədələdi.

Qayınlarının oğlunu soruşması atanı şübhələndirdi

Gülağa Yarəliyev bildirdi ki, gəlininin qardaşı Sərrafla uzun illərdir ki, küsülüdürlər. Hətta qohumlar arasında yaranan ədavət polisə qədər gedib çıxıb: "Sərraf mənim oğluma dəfələrlə xəsarət yetirib. Hətta məni də döyüb. Hadisə baş verən gün Yeni ili birlikdə qeyd etmək üçün ailə üzvlərimlə birlikdə oğlum Raufun kirayə yaşadığı evə toplaşdıq. Sərraf ora gələrək Raufu soruşdu. Biz az keçəndən sonra qardaşı Həbib gəldi. O da Raufu soruşdu. Dedim məndən niyə soruşursan? Mən Yeni Suraxanıdan bura qonaq gəlmişəm. Nə bilim, Rauf haradadır? Bir az keçmişdi böyük qardaşları Vəli gəldi, o da Raufu soruşanda artıq əsəbiləşdim. Dedim bu nədir, nə məsələdir, hamınız gəlib Raufu soruşursuz? Həm də şübhələndim ki, nəsə edərlər. Çünki bayaq qeyd etdiyim kimi, o, oğlumu dəfələrlə döyüb, hədələyib. Elə bu şübhələrlə həyətə çıxanda gördüm polislər var. Onlar məndən Raufun yoldaşını, yəni gəlinim Nüşabəni soruşdular. Dedim nə baş verib? Dedilər ki, Raufu bıçaqlayıblar. Hadisəni törədən Sərraf adlı şəxsi axtarırıq".

"Oğlunun qanlı ayaqqabısını anası hadisə yerindən tapıb"

Xəbəri polisdən eşidən Gülağa Yarəliyevə oğlunun xəstəxanada olduğunu deyiblər. Amma ata övladının şəhərin hansı xəstəxanasına çatdırılması barədə heç kimdən məlumat ala bilməyib. Odur ki, bir neçə xəstəxanaya baş çəksə də, Rauf Yarəliyev soyadlı birinin burada olmadığını deyiblər. Valideynləri Raufu tapa bilmədikləri üçün polisə üz tutmaq məcburiyyətində qalıblar: "Polis bizə məlumat verəndə dedi ki, yaralı vəziyyətdə xəstəxanaya aparıblar. Amma onlar da bilmədi ki, hansı xəstəxaya çatdırılıb. Dedilər ki, bizdə də məlumat yoxdur, araşdırırıq. Həyat yoldaşım Xanım Yarəliyeva ilə 8-ci bölməyə gedəndə o, oğlumun qanlı ayaqqabısının bir tayını hadisənin baş verdiyi yerdən tapdı. Qan içində olan ayaqqabını görəndə öz-özümə düşündüm ki, yəqin ölüb. Amma yoldaşıma heç nə demədim. Bu an yoldaşım qanlı ayaqqabıları götürüb ağladı. Dedi ki, evimiz yıxılıb. Biz polis bölməsinə çatanda Sərrafı əliqandallı vəziyyətdə gördüm. Əsəblərimi cilovlaya bilməyib onu nalayiq söyüşlərlə təhqir etdim. Sonra da oğlumun meyitinin morqda olduğunu öyrəndim".

"Balamı öldürüb, meyitini sürüdülər"

Mərhum Rauf Yarəliyevin anası, zərərçəkən Xanım Yarəliyeva bidirdi ki, oğlu Rauf Ataşovlar ailəsini xırda bizneslə məşğul olan zaman tanıyıb. Bir müddətdən sonra o, Sərrafın bacısı Nüşabə ilə ailə həyatı qurub. Qohumların münasibəti əvvəllər normal olsa da, Sərraf Ataşovun onlara qarşı etdiyi səhv addım isti münasibətləri sərtləşdirib. Belə ki, Sərraf torpaq almaq adı ilə onlardan 3200 dollar borc pul alıb. Amma dəfələrlə o, pulu geri qaytarmaq üçün min bir bəhanə gətirib. Qarşı tərəf süründürməçilik etdiyinə görə, ailələr arasında mübahisə düşüb. Məsələ polisə qədər gedib çıxsa da, bu günə qədər Yarəliyevlər ailəsi pullarını geri ala biməyiblər: "Pulu almaq məqsədilə bir neçə dəfə onlara getmişəm (əlini Sərrafa uzadır-red) amma bu alçaq arvadı ilə birləşib məni döydülər. Başımı da yarıblar. Onun böyük qardaşı Vəli məsələyə qarışdı. Dedi ki, sizin pulunuzu mən verəcəm, bir az bizə möhlət verin. Pulu ayın 31-nə qədər verəcəklərini vəd etdilər. Amma həmin gün balamı öldürüb meyitini sürüdülər".

"Həbib, Vəli və Sərraf oğlumun başına toplaşıb onu döyürdülər"

Xanım Yarəliyevanın sözlərinə görə, 9 yaşlı qızı Günel qardaşı Raufun kirayə yaşadığı evdən 100 metr kənarda döyüldüyünü deyib: "Mənim xəbərim yox idi. Qızım dedi ki, bir az əvvəl Həbib, Vəli və Sərraf Raufun başına toplaşıb onu döyürdülər. Mən hadisə yerinə gedənə qədər orada heç kim yox idi. Orada yalnız oğlumun gödəkcəsini tapdım, qanın içində idi. Siqaret və alışqanı bir tərəfə düşmüşdü. Ayaqqabısının bir tayını elə oradan tapdım, o biri isə qan içində digər küçəyə düşmüşdü. Biz polis bölməsinə gedəndə Sərrafın o biri qardaşlarını gördüm. Üstləri balamın qanına boyanmışdı".

Raufun 1 övladı olduğunu bildirən qadın gəlininin 2-ci uşağa hamilə qaldığını deyərək göz yaşları axıtdı.

11 il həbs

Son dəfə dindirilən Sərraf Ataşov əslində özünü müdafiə etmək məqsədilə yeznəsi Raufu öldürdüyünü iddia edərək məhkəmədən cəzasının nisbətən yüngülləşdirilməsini xahiş edib. Lakin araşdırmalar onun yalan ifadə verdiyini üzə çıxırıb. Belə ki, Sərraf Ataşovun cinayəti xuliqanlıq zəminində törətdiyi sübuta yetirilib. Ona görə də, məhkəmənin çıxardığı hökm heç də təqsirləndirilən şəxsin və onun yaxınlarının gözlədiyi kimi az cəza ilə qiymətləndirilməyib. Beləliklə, Sərraf Ataşov bacısının həyat yoldaşını öldürdüyünə görə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm