Belə bir oğul vardı...
Bizi izləyin

Qırmızı.az

Belə bir oğul vardı...

Əslində, yaşamaq elə də çətin deyil. “Çətin olan necə yaşamaq lazımdır ki, xatırlana biləsən” sualına cavab tapmaqdır...

Bir müqəddəsin həyat haqqında dediklərini günümüzün reallığına çevirsək, tamam başqa bir mənzərə ilə qarşılaşmış olarıq. O müqəddəs deyirdi ki, “həyat ancaq sənin baxışınla məna qazanar. Ya yalnız bir nöqtəni görərsən və həyatın axıb gedər, sən fərqinə varmazsan, ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan və zamanın məna qazanar”.

Zaman elə bir məfhumdur ki, onun içində hər şey var. O həm də qəlibdir, ölçüdür...

Hərdən ömrümüz mənə qum saatını xatırladır. Vaxtı doldurmaq üçün keçmişdən gələcəyə, gələcəkdən sonsuzluğa qədər uzanan bir ömür, yaxşı ki, qismətimizə yazılmayıb. Yaxşı ki, qədərin hər şeyi hədər edəcəyi qorxusu var içimizdə. Bizdən sonra nə qalacaq, qalanlar da, heç olmasa, xatırlanacaqmı? İnkar etsək də, etməsək də, həyat bizim üçün sualdan başlayır. Ömrümüzün əvvəli də sual, sonu da...

Bəlkə də, çoxumuzun tanımadığı bir şəhid qardaşımız haqqındakı bu yazımı niyə belə başlamağım özümə də qəribə gəldi. Hərdən düşünürəm ki, şəhidlərdən danışarkən elə bir məqamda olmalısan ki, o ucalığa yüksələnlərin ruhu inciməyə. Yəni bütün vücüdun ilahi bir eşqin nuruna qərq ola, özünü onlarla bir cərgədə hiss edəsən...

Şəklinin önündə durub onun son döyüşünü, aldığı sonuncu nəfəsi gözlərimin önündə canlandırmağa çalışdım. Bir anlıq hiss etdim ki, birlikdə döyüşürük. O, sanki ölümü ikinci, üçüncü dəfə yaşayıbmış kimi məni qoruyurdu. Mən qorxmayım deyə gözlərinin odunda əriyən qəzəbini atılan güllələrdən, partlayan mərmilərdən “sən hələ cavansan, həyat, yaşamaq gözəldir” ifadəsi ilə əvəzləyib yenə də özünü ölümün qucağına atırdı...

Mən onun şəkildən gülümsəyən gözlərinin içindəydim. Sanki, bir səs qulağıma pıçıldadı: “Biz ölməmişik, bizi xatırlayın. Nə qədər uzaq, əlçatmaz olsaq da bir o qədər də sizə yaxınıq”...

Kürdəmir RPŞ-nin inzibati binasının ikinci mərtəbəsində qarşısına tər qərənfillər qoyulmuş bu şəkillər şəhid polis Hamlet Tahir oğlu Həsənovundur. O, 1966-cı ildə Füzulinin Mirzəcamallı kəndində dünyaya göz açıb. Orta məktəbi Aybatanlı kəndində bitirib. 1982-ci ildə Bakıda texnikuma daxil olub. Hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə Kürdəmir RPŞ-də xidmətə başlayıb. 1993-cü ildə torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Şəklin aşağısında yazılmış sonuncu cümləni bütün şəhidlərimizə aid etmək olar...

“Axı bir şəkil bir ömürdən xatirə kimi özündə çox şeyləri əks etdirmir. Onu yaxından tanıyan, bilən, heç olmasa, xatırlayan yoxdurmu?”. Elə bu sualı RPŞ-nin rəisi, polis polkovniki Oktay Məmmədova ünvanladım. Düzü, şəkillə belə maraqlanmağım, şəhidimiz haqqında ətraflı öyrənmək istəməyim onun da marağına səbəb oldu və sual verdi: “Qohumunuzdurmu?”. “Yox” dedim. Rəis polis mayoru Hamletlə birgə döyüşlərdə iştirak edən Vaqif Əhmədovu yanına çağırdı və Hamlet Həsənov haqqında xatirələrini danışmasını xahiş etdi.

“Xatırlamaq insanın heç də həmişə sevincinə səbəb olmur. Qəribə olan budur ki, biz insanlar sevincimizdən çox dərdimizi, itirdklərimizi xatırlayırıq. Bəlkə də, bu min illərdir ki, beləcə davam edir. Bizi də nə vaxtsa bizsiz xatırlayacaqlar. Yəni xoşbəxt o insandır ki, o xatırlanır və yada düşür. Mən Hamleti 1990-cı ildən tanıyıram. Onun simasında, bəlkə də, çoxumuzda olmayan qəribə cizgilər vardı. Hərdən onunla söhbət zamanı mənə elə gəlirdi ki, Hamlet yer adamı deyil. İnsan da bu qədər sadə, səmimi ola bilərdimi? Biz dost idik. Hə, onun toyunda da iştirak etmişəm. Hərdən zarafatla deyirdim ki, füzulililər bir az çətin adam olurlar. Fikrimi gülüşlə, zarafatla da qarşılayardı və deyərdi ki, mən Füzulidə doğulsam da, gəncliyim Kürdəmirdə keçib, bu yerin istisi qanıma-canıma hopub, ona görə də istiqanlıyam. 1991-ci ildə Malıbəylidə və Quşçularda döyüşmüşük. Mənə qəribə gələn bilirsinizmi nədir? İnsanın ölümdən qorxmamasını mən onda gördüm. İnanın səmimiyyətimə, çox ürəkli oğlanıydı. O, şəhid olanda 6 ay idi ki, ailə qurmuşdu. Avqustun 23-ü haqq dünyasına qovuşdu”...

Mənə çoxlu şəkillər təqdim etdilər. Kürdəmirin Şəhidlər Xiyabanında Hamlet Həsənovun məzarı başında çəkilmişdi. Şəkillərə baxa-baxa bunu da dedilər: “Biz torpaqlarımız uğrunda canından-qanından keçən qəhrəman oğullarımızı, igid həmkarlarımızı heç vaxt unutmuruq, onları həmişə xatırlayıb keçdikləri döyüş yolu barədə gənc əməkdaşlarımızı məlumatlandırırq. Gənclər onların qəhrəmanlıq dolu döyüş yolunun davamçıları olduğunu unutmamalıdırlar. Sabitliyi, ictimai asayişi qorumaq vəzifə borcumuz olsa da, torpaqlarımız uğrunda şəhid olmaq, onun bütövlüyünü qorumaq hər birimizin vətəndaşlıq borcudur”...

Kim deyir ki, biz unutqanıq? Xatırlamağı bacarırıqsa, xatırlayıb əziz tuturuqsa, deməli, Vətənin həm də şəhid qanıyla yoğrulduğunu daha yaxşı dərk edirik.

Yeri gəlmişkən, bir nüansı da xatırlatmaq istəyirəm. Ölkə başçısının Füzuliyə olan səfəri və “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır – Xankəndi, Şuşa. Sadəcə, müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir” deməsi inanıram ki, Hamlet kimi qəhrəman oğullarımızın da ruhunu şad etdi.

Hafiz Təmirov,

polis kapitanı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm