"Hakimiyyət milli hökumətin əlinə keçməlidir" - Gizli tarix
Bizi izləyin

Qırmızı.az

"Hakimiyyət milli hökumətin əlinə keçməlidir" - Gizli tarix

Plana görə, hakimiyyətin Azərbaycan hökumətinə keçməsi 14-15 dekabr tarixlərində başa çatmalıdır.

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: Bağırov: " Türkiyə ərazilərinin Ermənistanına birləşdirilməsi məqsədəuyğun deyil" – Gizli tarix )

Yemelyanovun M.C.Bağırova verdiyi məlumatla tanışlıqdan sonra bir daha aydın olur ki, Təbrizdə baş verən bütün proseslərə M.C.Bağırov Bakıdan bir başa rəhbərlik edir.

F № 1, siy. № 89, iş № 97

AZƏRBAYCAN K(b)P MK-nın KATİBİ BAĞIROV yoldaşa

"İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında" məruzənin layihəsini Sizə göndərirəm.

Əlavə: 2 nüsxə

AZƏRB.SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK XALQ KOMİSSARI GENERAL-MAYOR (YEMELYANOV)

Bakı şəhəri, 20 dekabr 1945-ci il

Tam məxfi

İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında

Azərbaycan Demokratik Partiyasının təşkili və noyabr ayının sonuna onun tərkibi

Son illər İran Azərbaycanında demokratik qüvvələrin fəallığı əhəmiyyətli dərəcədə artır və milli azadlıq hərəkatının genişləndirilməsi zərurəti yaranırdı. Mövcud siyasi vəziyyətdə fəaliyyətdə olan İran Xalq Partiyası "Tudə" qarşısına xalqın milli azadlıq hərəkatının inkişafı vəzifəsini qoymur və hazırkı mərhələdə öz proqramında İran Azərbaycanı əhalisinin geniş demokratik təbəqələrinin maraqlarını tamamilə əks etdirmirdi.

Bundan başqa, Xalq Partiyasının təmənnalı məqsədlər güdən və daha çox özünün şəxsi rifahı haqqında düşünən bir sıra üzvlərinin davranışı, həmçinin Xalq Partiyasının bəzi rəhbər işçilərinin (Ərdəşir Ovanesyan, Əmirxizi və s.) qarət və talanlara rəvac verən fitnəkar çıxışları əhalinin gözündə onun yerli orqanlarının nüfuzunu əhəmiyyətli dərəcədə aşağı saldı.

Beləliklə, milli azadlıq hərəkatına rəhbərlik etmək və bunun üçün İran Azərbaycanının bütün demokratik qüvvələrini birləşdirmək iqtidarında olan yeni siyasi partiyanın yaradılması zərurəti açıq-aydın hiss olunurdu.

Bizim direktiv orqanlarımızın bu məsələ ilə qərarına uyğun olaraq, bir sıra nüfuzlu şəxslər Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması üçün İrandan Bakıya çağrıldı. Müvafiq söhbətlərdən sonra yeni yaradılmış Azərbaycan Demokrat Partiyasına rəhbərlik demokratik dairələr arasında nüfuz sahibi olan görkəmli azərbaycanlılardan birinə – Seyid Cəfər Pişəvəriyə tapşırıldı.

Pişəvəri tərəfindən yaradılmış təşkilat bürosu sentyabrın 3-də partiyanın qurulması, onun məqsəd və vəzifələri haqqında İran Azərbaycanı əhalisinə müraciət etdi. Müraciət İran Azərbaycanı əyalətlərinin əksəriyyətini və əhalinin bütün təbəqələrini təmsil edən demokratik ruhlu görkəmli insanlar tərəfindən imzalanmışdı.

ADP-nin proqram tələbləri və milli azadlıq hərəkatı ilə bağlı məqsədləri geniş əhali kütlələri tərəfindən böyük rəğbət və fəal dəstəklə qarşılandı. İran Azərbaycanının bütün bölgə və şəhərlərindən əhalinin nüfuzlu, demokratik ruhlu nümayəndələri tərəfindən müraciətə qoşulmaqla bağlı teleqram və qətnamələr daxil oldu.

ADP-nin yaradılması ideyası həmçinin Xalq Partiyası üzvlərinin əsas kütləsi və Təbriz vilayət komitəsi tərəfindən də dəstəkləndi. Bu istiqamətdə həyata keçirilmiş müvafiq iş nəticəsində 6-7.09.45-ci il tarixdə Xalq Partiyasının vilayət konfransında Azərbaycan Demokrat Partiyasının müraciətinin hərtərəfli və fəal müzakirəsindən sonra böyük səs çoxluğu ilə vilayət təşkilatının Xalq Partiyası MK-dan ayrılması və ADP-yə birləşməsi haqqında qərar qəbul olundu.

Digər tərəfdən, təşkilat komitəsi tərəfindən partiya sıralarına üzvlərin cəlb olunması və Azərbaycan Demokrat Partiyasının təsis qurultayına hazırlığın həyata keçirilməsi üzrə ciddi və böyük təşkilatı-siyasi iş aparıldı.

1945-ci il oktyabrın 8-də Təbrizdə 237 həlledici və 4 məşvərətçi səs hüququna malik nümayəndənin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı keçirildi: qurultayda həmçinin 17 qonaq, o cümlədən, vali vəzifələrinin icraçısı, şəhərin başçısı, yerli polisin rəisi, maliyyə-iqtisad müdiri və b. iştirak edirdi.3 gün ərzində qurultay iki məsələni müzakirə etdi və onlar barəsində qərar qəbul etdi:

1. Partiyanın proqram və nizamnaməsinin təsdiq olunması.

2. Rəhbər orqanların seçilməsi.

Qurultay müəyyən əlavələr etməklə partiyanın proqram və nizamnaməsini yekdilliklə təsdiqlədi, o cümlədən, qurultay proqrama aşağıdakı maddələri əlavə etdi:

a) böyük kapitalla Milli Bankın yaradılması haqqında.

b) gənclərin Gənclər Təşkilatına cəlb olunması və bu təşkilatın ADP-yə tabe olması haqqında.

c) Qadınlar Təşkilatının yaradılması haqqında.

d) bütün partiya kargüzarlığının yerli Azərbaycan dilində aparılmasının zəruriliyi haqqında.

Qurultay 41 nəfərdən ibarət Mərkəzi Komitə (Plenum) və 12 nəfərdən ibarət təftiş komissiyası seçdi. (Adbaad siyahı əlavə olunur. Bax: qoşma № 1).

Sosial mənşəyinə görə, Azərbaycan Demokrat Partiyasının rəhbər orqanlarının tərkibi belədir:

Peşəkar partiya işçiləri............................................10 nəfər

Fəhlələr....................................................................4 nəfər

Qulluqçular..............................................................7 nəfər

Sənətkarlar...............................................................1 nəfər

Ziyalılar..................................................................11nəfər

Xırda mülkədar və xanlar.......................................10 nəfər

Tacirlər.....................................................................4 nəfər

Xırda fabrik sahibləri...............................................2 nəfər

MK (Plenum) öz tərkibindən Rəyasət Heyəti (büro) seçib ki, bura da aşağıdakı şəxslər daxildir:

1.Pişəvəri Seyid Cəfər - sədr

2.Rəfii Nizam Dövlə - müavin

3. Padeqan Sadıq – müavin

4. Şəbüstəri Hacı Mirzə Əli -üzv

5. Salamulla Cavid – üzv

6. Zəfiri Həsən – üzv

7. Maşınçı Əli – üzv

8. Fərşçi Qulam Hüseyn – üzv

9. Cəfər Ədib – üzv

Rəyasət Heyəti (büro) üzvlüyünə namizəd seçilmişlər:

1.Birənq Həsən

2. Cövdət Həsən

Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı tam həmrəyliklə yüksək siyasi səviyyədə keçdi. Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan əvvəl qurultay ayrı-ayrı əyalət və şəhər nümayəndə heyətləri rəhbərlərinin, həmçinin ermənilər, kürdlər və aysorların nymayəndələrinin çıxışlarını dinlədi. Natiqlər məqsəd və vəzifələri Azərbaycan xalqının köklü milli maraqlarını əks etdirən Azərbaycan Demokrat Partiyasını təbrik etdilər. Ərdəbil nümayəndəsi Cövdət demişdi: "... Azərbaycan xalqının siyasi və iqtisadi hüquqlarının pozulmasına son qoyan çoxdan gözlənilən bir gün gəldi. Biz çoxdan Azərbaycan xalqının təbii hüquqlarını özünə qaytarmaq və öz işlərimizi özümüz idarə etmək arzusunda idik".

_____________________________________

Atakişiyevdən, İbrahimovdan, Həsənovdan teleqraf məlumatları gəlir. Hazırlanmış plana görə, 14-15 dekabr 1945-ci il tarixdə Cənubi Azərbaycanda hakimiyyət Azərbaycan hökumətinin əlinə keçməlidir. Bu informasiya Yemelyanovun M.C.Bağırova göndərdiyi arayışdan məlum olur.

F № 1, siy. № 89, iş № 97

ARAYIŞ

Atakişiyev, İbrahimov və Həsənovun Təbrizdən teleqraf məlumatı əsasında dekabrın 12-də səhər Azərbaycan Məclisi açılır. Səhər iclasdan Məclisin nizamnaməsi təsdiq olunur, Məclisin Rəyasət Heyəti seçilir və Pişəvəriyə kabineti formalaşdırmaq tapşırılır.

Axşam iclasında Pişəvəri Azərbaycan hökumətinin tərkibini Məclisin təsdiqinə təqdim edir və Məclis tərəfindən təsdiq olunduqdan sonra yeni hökumətin proqramı haqqında məruzə edir.

Dekabrın 13-də səhər iclasında Pişəvərinin məruzəsi üzrə müzakirələr açılır və xalq qoşunları haqqında qanun qəbul edilir.

Axşam yeni hökumət İran hakimiyyət nümayəndələrindən öz səlahiyyətlərini dayandırmalırını tələb edir və dərhal işə başlayır.

Hakimiyyətin çox qan tökmədən yeni Azərbaycan hökumətinin əlinə keçməsi üçün bütün tədbirləri görürük.

Mümkün müqavimətin tezliklə qırılması üçün dekabrın 13-də Mərənd, Marağa, Üskü və Bostanabad rayonlarının "Fədai" dəstələri Təbrizə yaxınlaşaraq, onu hər tərəfdən əhatəyə alacaqlar.

Eyni zamanda dekabrın 13-də Azərbaycan hökumətinin yerli hakimiyyət nümayəndələri ilə öz səlahiyyətlərini dayandırmaq barədə danışıqları zamanı "Fədai" dəstələri şəhərə daxil olaraq, ən mühüm hökumət binalarını, qarnizonu və jandarmeriyanı mühasirəyə alacaqlar.Plana görə, hakimiyyətin Azərbaycan hökumətinə keçməsi 14-15 dekabr tarixlərində başa çatmalıdır.

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm