• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Lütfizadə - 93 illik epoxa

Lütfizadə - 93 illik epoxa

Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişdir.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya Universitetlərində magistr, doktorluq elmi dərəcələrini almışdır.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik etmişdir.

Hal-hazırda prof. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

L.Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir. ABŞ-ın Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılmışdır (ZIFIT İnstitutu).

L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı.

Alimin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmilərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

L.Zadənin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kompüterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.

Onun təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar sün'i təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.

Qeyri-səlis məntiq, idarəetmə və Soft Computing sahəsində 54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur.

Lütfi Zadə AMEA-nın fəxri üzvü seçilmişdir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR