Aynur Camalqızı: “Onlayn medianın qeydiyyatı sərtləşdirilməlidir” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Onlayn medianın qeydiyyatı sərtləşdirilməlidir” - FOTOLAR

“Bu gün səsləndirilən əksər fikirləri bölüşürəm. Düşünürəm ki, bu təkliflər hamısı redaktorlar tərəfindən yazılı şəkildə Mətbuat Şurasına təqdim edilməli və buna uyğun mexanizmlər hazırlanmalıdır”. Bu fikirləri “Gündəlik Teleqraf” Media Holdinqin rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının bugünkü tədbirində səsləndirib.

A.Camalqızı vurğulayıb ki, çap mediası heç bir səhv etmədi, səhvlər daha çox onlayn mediada oldu: “Onlayn-media yeni yaranıb və bu sahədə qanunvericilikdə boşluqlar var. Səhvlər də bundan irəli gəlir. Bu boşluqlar dolmayana qədər belə tədbirlərin keçirilməsinin təsiri olmayacaq. Milli Məclisdə bu məsələnin gündəmə gətirilməsinə ehtiyac var”.

A.Camalqızı bildirib ki, heç bir kollektivi olmayan şəxslər domen alır. Halbuki televiziyaların lisenziya alarkən tətbiq edilən qaydaları saytların qeydiyyatı üçün də tətbiq olunmalıdır. Belə bir tələbə ehtiyac var.

Onun sözlərinə görə, bir saytın yaydığı xəbəri sonra digər saytların istinadlı və ya istinadsız yaymaları düzgün deyil. Türkiyə və digər ölkələrin mediasında bu ənənəni müşahidə etmirik.

A.Camalqızı Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevinin redaktorlarla son görüşündən sonra rəhbərlik etdiyi media orqanlarında atılan addımlardan da danışdı: “Artıq sayğacları və oxu saylarını götürmüşük. Düşünürük ki, oxucunun bu məlumatları bilməsinə ehtiyac yoxdur. Oxucu ən çox oxunan yazını deyil, ona maraqlı olan yazıları oxumalıdır. Artıq cəbhə ilə bağlı qeyri-rəsmi xəbərlərdən imtina etmişik və yalnız Müdafiə Nazirliyinin verdiyi rəsmi xəbərləri yayacağıq”.

A.Camalqızının sözlərinə görə, bu məsələdə təkcə medianı ittiham etmək olmaz: “Medianı ittiham etmək olar, lakin müvafiq nazirliklərin mətbuat xidmətləri də məsuliyyəti dərk etməlidirlər. Müdafə Nazirliyi lazımsız və zərərli hesab edilən xəbərlər barədə mətbuata məlumat verməlidir. Çünki həmin günlərdə buna ehtiyacımız oldu. Yayılması məqbul sayılmayan məlumatların əksəriyyəti yüksəkçinli məmurlar tərəfindən mediaya ötürülmüşdü. Onlar da öz məsuliyyətlərini dərk etməlidirlər”.

13:20

"Bu məsələdə birtərəfli cəza verilməsinin tərəfdarı deyiləm. Çünki bu həm də dünya miqyasında diqqətə səbəb ola bilər. Neqativləri pozitivə çevirmək barədə düşünməliyik". Bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının bu gün keçirdiyi tədbirdə səsləndirib.

“Burada səsləndirildi ki, bir otaqda fəaliyyət göstərən saytlar var ki, dezinformasiyanı da məhz onlar yayırdılar. Lakin düşünürəm ki, onların fəaliyyətini dayandırmaqdansa, həmin saytları dövlətin, millətin mənafeyinə xidmət edən istiqamətə yönləndirmək olar. Bu istiqamətdə çalışmalıyıq. Rəhbərlik etdiyim mətbuatda milli maraqları hər şeydən üstün tuturam. Dövlət strukturunda nələr ediləcəyini deyə bilmirəm. Lakin Mətbuat Şurası olaraq biz fövqəladə vəziyyətdə fəaliyyət göstərəcək informasiya mərkəzi qura bilərik. Bu işdə redaktorlar iştirak etməlidir. Onlar dövlət qurumlarının mətbuat xidmətləri ilə də işləməlidirlər”.

13:02

“Müdafiə Nazirliyində keçirilən görüşdə, jurnalistlər hansısa hərbi hissənin komandiri dəyişəndə bunun niyə mətbuata açıqlanmadığını deyirlər. Bu məlumatı ermənilərdən gizlətmək lazımdır, çünki onlar biləndə deyirlər ki, həmin komandirin ailəsini öldürəcəyik”.

Bu fikirləri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasında bu gün keçirilən tədbirdə çıxış edərkən deyib.

O vurğulayıb ki, informasiyanın yayılması ilə bağlı həssas məqamlar var:

“Bəzi məsələlər isə dövlət sirridir, qorunmalıdır. Bəzi məqamlarda isə vətənpərvərlik, milli maraqların sərhədi müəyyən olunmalıdır. Bu, bir az mübahisəlidir. Azadlıq radiosunda gedən reportaja, yəqin, hamı baxıb. Erməninin həbs olunduğu kənddən reportajda əhali danışdırılır və kənd sakininin erməni ilə heç bir problemi olmadığı göstərilir. Reportajda jurnalist deyir ki, Tovuzun erməni saxlanan kəndində Ermənistanla Azərbaycan arasında post yoxdur. Burada vətənpərvərlik haradadır? Müharibə şəraitində olan ölkədə belə informasiya vermək düzgün deyil”.

12:59

Keçmişdə tarixi həm də jurnalistlərin yaratdığı deyilərdi. Yanlış məlumat verənlər yanlış ictimai rəy və saxta tarix formalaşdırır. Bu fikirləri millət vəkili Musa Quliyev Mətbuat Şurasının bu gün keçirilən tədbirində səsləndirib.

Onun sözlərinə görə, qəzet redaktoru polisi, ordunu gözdən salmağın düzgün olmadığını bilməlidir:

“Cəbhə ilə bağlı 11 əsgərin öldüyünü yazırlar, lakin adlar qeyd edilmir. Azərbaycanda hər iki ailədən birinin övladı əsgərdir, bu ailələri necə intizarda qoya bilərlər?

Jurnalistlər cəbhə xətti ilə sərhədi bir-birindən ayıra bilmirlər. Bu da jurnalistlər arasında ixtisaslaşma olmamasını göstərir. Hər sahə üzrə ayrı-ayrı jurnalist yazmalıdır. Mətbuatın azad olması hələ hər şeyi yazması demək deyil. Sadalanan problemlərin həlli üçün jurnalistlər məsuliyyəti dərk etməli və ixtisaslaşma olmalıdır”.

12:49

“Bu gün təklif olundu ki, qeydiyyat məsələsində dəyişiklik edək. Bu, mümkün deyildi. Çünki internet tam şəkildə azaddır.

Bu fikirləri “Səs” qəzetinin Baş Redaktoru Bəhruz Quliyev Mətbuat Şurasının bu gün keçirdiyi tədbirində səsləndirib:

“Sosial jurnalistika var. Hər insan özünə bloq yarada, profilində istənilən informasiyanı paylaşa bilər. Və həmin informasiyanı paylaşırsa, kiminsə mənafeyinə xidmət edir. Kimsə profilində özünə lazım olan informasiyanı ictimailəşdirə bilir. Efirlərdə problemlər var idi, indi də qalır. Uşaqlarımız özünü artistlərə oxşatmağa çalışırdı. Həmin dövrlərdə Ramiz Mehdiyev məqalə ilə çıxış etdi, bir müddət düzəldi, lakin bu kampaniya xarakterli oldu. Bizdə bütün tədbirlər kampaniya xarakterlidir. Heç bir KİV-də vətənpərvərliklə bağlı heç bir infomasiya getmir. Türkiyədə adicə reklamlarda da türklük, fanatizm var. Bizdə isə bu yoxdur. Vətənpərvərlik ruhunu aşılamaq lazımdır”.

12:44

"Ramiz Mehdiyevin redaktorlarla görüşündən sonra məsələ bir həftədir müzakirə edilir. Lakin artıq bundan sonrası barədə düşünmək lazımdır". Bu fikirləri KİV DF-ni sədri Vüqar Səfərli Mətbuat Şurasının tədbirində səsləndirib:

“Gələcəkdə bu hadisələrin olmaması üçün hansı addım atılmasını müəyyən etməliyik. Qəzetlərdən fərqli olaraq portallar yalnız domen almaqla qeydiyyatdan keçiblər. Onların sahibi araşdırılarkən başqa ölkələrdən tapmaq olar. Cəbhə xəbərlərində aktiv olan və tanınmayan saytlar informasiyaları araşdırmadan yazırdılar. Digərləri də mənbəni bilmədən onlara istinad edirdilər. Ona görə də elektron KİV-in qeydiyyatına baxılmalıdır”. Düşünürəm ki, həmin xəbərləri yayan mətbuat yetərincə peşəkardır və bilərəkdən həmin xəbərləri yayıblar. Dövlətin əleyhinə xəbər yayan portalın işi dayandırılmalıdır. Bunun söz-fikir azadlığına qarşı olduğu düşünülə bilər. Lakin nəzərə almalıyıq ki, biz müharibə şəraitində yaşayırıq”.

12:35

“Cəbhədən yayılan məlumatlar jurnalistlərin qeyri-peşəkarlığını göstərdi”. Bu fikirləri millət vəkili Bəxtiyar Sadıqov bu gün Mətbuat Şurasının keçirdiyi tədbirdə səsləndirib.

“Cəbhədə vəziyyətin gərgin olduğu günlərdə ən çox "dezo" Ağdam bölgəsi ilə bağlı yayıldı. Mən ağdamlıyam, Ağdamdan millət vəkli seçilmişəm. Orada dostlarım tanışlarım var və bu hadisələr baş verən vaxt onlarla əlaqə saxlamışam. İnformasiyaların düz olmadığını dəqiqləşdirmişəm. Müharibə hər hansı tədbir deyil ki, ona kənardan baxıb yazasan. Müharibə ilə bağlı "dezo"ların yayılması qeyri-peşəkarlıqdır. Ağdamla Tərtər arasında bir neçə post var. Onlar arasında neçə nəfər yaralanıb, neçə nəfər həlak olub”.

B.Sadıqov dezinformasiya yayan jurnalistləri qarşı tərəfə xidmət etməkdə ittiham edib: “Bunu jurnalist necə bilə bilər? Biz naşılığımızdan düşmənə xidmət edirik. Ermənilər istəyir ki, Azərbaycanın müharibəyə başladığını dünyaya təqdim etsinlər. Onların əlinə bu şansı vermək olar? Zirehli texnikanın cəbhə bölgəsinə getməyini niyə yazırlar? Ermənilərə xəbər verirlər ki, texnika gəlir, hazır ol? Bu, bizim üçün müharibə təcrübəsidir. Bu sınaqdan üzüağ çıxanlar da oldu, çıxmayanlar da. Müharibə bitməyib, atəşkəsdir. Atəşkəs pozulanda müharibə şərtlərinə uyğun yazmalıyıq”.

12:21

Bu gün ölkənin aparıcı qəzetlərinin və media qurumlarının iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində” adlı konfrans keçirilir.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, "Mətbuat Şurası ilə Müdafiə Nazirliyi arasında əməkdaşlıq qurulacaq. Bununla bağlı danışıqlar aparılır".

“Hər bir redaksiyadan jurnalistlər seçiləcək.Onlar üçün treyninqlər təşkil ediləcək. Müdafiə Nazirliyi də məlumatları həmin jurnalistlərə verəcək. Onların cəbhə bölgələrinə səfərləri də təşkil edilə bilər”.

Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurası KİV-lər üzərində monitorinqləri gücləndirib.

“Döyüş bölgəsindən gələn xəbərlərin işıqlandırılması üçün dünya praktikası var. Bəzi yerlər var ki, ora jurnalistlərin getməsi düzgün hesab edilmir. Yaxud bəzi jurnalistlər Müdafiə Nazirliyinin razılığı ilə keçə bilər. Jurnalistlər bu məsələdə məlumatlı olmalıdırlar”.

Ə.Amaşov bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi sonuncu tədbirdən sonra KİV-də bu məsələ aktiv şəkildə işıqlandırıldı, redaksiyalar daxilində iclaslar keçirildi və təkliflər hazırlandı. Bugünkü tədbirdə redaksiyalarda təklif edilən məsələlər ümumiləşdirilərək müvafiq qurumlara çatıdırılacaq.

“Azərbaycan jurnalistləri dövlətin milli maraqlarını əks etdirməlidirlər. Dünya praktikasında normal KİV daxili prosesləri obyektiv işıqlandırır. Ümummilli maraqlara gəldikdə, bütün KİV eyni maraqdan çıxış edir. Ukraynada, Rusiyada baş verən son hadisələrdə bunu müşahidə etdik. Cəbhə bölgəsində baş verən son hadisələr zamanı mətbuatın necə fəaliyyət göstərməsini bu iclasda da müzakirə edəcəyik”.

Ə.Amaşov cəbhədən yanlış informasiya yayan bəzi saytların adını da açıqlayıb.

“Biz həmin saytların monitorinqini aparmışıq. Bəzi saytlarda Azərbaycan ordusunun bir neçə kəndi azad etməsi ilə bağlı xəbərlər yayılırdı, lakin bu xəbərlərə nə qədər ehtiyac var idi? “Avropa.info” “Ağdamın Bayramlar kəndi ermənilərdən azad edildi” başlıqlı xəbər yaymışdı. Bu məlumatı regiona ezam olunmuş müxbir məlumat verib.

Meqatv.az, regioninfo.az, sfera.az, veteninfo.az, ölkə.az, azinform.az, gündemxeber.az kimi saytlarda da bu cür xəbərlər verilmişdi. Deyə bilmərəm, bu, jurnalsitlərin naşılığıdır, yaxud Müdafiə Nazirliyi ilə əlaqələrin qurulmamasının nəticəsidir. Bilərəkdən-bilməyərəkdən deyə bilmərik, lakin bu xəbərlər saytlarda yer aldı”.

Gülxar

FOTOLAR İsmi Şahzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm