• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sərhədlərimizi pozan 14 əcnəbi saxlanıldı

Sərhədlərimizi pozan 14 əcnəbi saxlanıldı

2014-cü ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib və bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 39 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, onların 23 nəfəri Azərbayan Respublikası, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 2 nəfəri Qazaxıstan, 2 nəfəri Pakistan, 1 nəfəri isə Qırğızıstan vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunub.

Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda ümumilikdə 109 kiloqram 421 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Belə ki, 11 avqust 2014-cü il tarixdə Astara şəhəri ərazisindəki zastavanın xidməti sahəsində 100 qram heroin; 14 avqust 2014-cü il tarixdə Beyləqan rayon, Əhmədli kənd ərazisindəki zastavanın xidməti sahəsində meşə zolağında ağacın dibində basdırılmış halda 3 kiloqram tiryək aşkarlanaraq götürülüb.

Bundan başqa, 20 avqust 2014-cü il tarixdə "Göytəpə" sərhəd dəstəsinin "Kürünc" sərhəd zastavasının xidməti ərazisində bir qrup İran İslam Respublikası vətəndaşı Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq narkotik vasitələrin keçirilməsinə cəhd göstərib, sərhəd naryadı tərəfindən onların saxlanılması üçün müvafiq tədbirlər görülüb, sərhəd pozucuları üzərilərindəki əşyaları ataraq, ərazinin mürəkkəb relyefindən istifadə etməklə geriyə İran ərazisinə qaçmağa müvəffəq olublar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində 1 ədəd AKMS markalı avtomat silah, 60 ədəd 7,62 mm kalibrli patronla dolu 2 ədəd daraq, 1 ədəd "Bereta" markalı ov tüfəngi, 4 ədəd patron, 1 ədəd elektron tərəzi, 20 kq həşiş qatranı və 4,5 kq "kokos" tipli narotik vasitələr aşkar olunaraq götürülüb.

Hadisədən sonra qarşılıqlı əlaqələr və əməkdaşlıq çərçivəsində İran sərhəd polisinin aidiyyəti qurumunun nümayəndələri ilə görüş keçirilib, həmin cinayəti törətmiş narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyəti haqqında məlumat mübadiləsi aparılıb. İran İslam Respublikasının sərhəd polisinin keçirdiyi tədbirlər nəticəsində qısa müddət ərzində qrupun İran vətəndaşlarından ibarət iki üzvü müəyyənləşdirilərək həbs edilib.

4 halda "Biləsuvar" SNM-də İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 7 kiloqram 558 qram, 7 halda "Astara" SNM-də 443 qram, 1 halda "Balakən" SNM-də Gürcüstandan Azərbaycan Respublikasına keçmiş Azərbaycan vətəndaşından 921 qram və 1 halda "Şıxlı" SNM-də Azərbaycan Respublikasından Gürcüstana keçərkən Türkiyə vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobilin qoşqusunun taxta döşəməsinin altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 116 ədəd polietilen bağlamada ümumi çəkisi 72 kiloqram 900 qram olan narkotik vasitələr aşkar olunaraq götürülüb.

Bundan əlavə, 27 avqust 2014-cü il tarixdə "Biləsuvar" Sərhəd Nəzarəti Məntəqəsində İrandan Azərbaycan istiqamətində hərəkət edən İran vətəndaşı 1971-ci il təvəllüdlü İranxan Siyavuş Heydər oğlunun idarə etdiyi "73B575-10" dövlət nömrə nişanlı "Peugeot" markalı minik avtomaşınına gömrük orqanları ilə birgə baxış keçirilən zaman avtomaşının qapılarının içərisində gizli saxlanc yerində külli miqdarda narkotik vasitə - 4 kq 920 qam tiryək aşkar edilərək götürülüb.

5 halda Astara, Şəki, Balakən və Ağstafa rayon ərazilərində 2,5 hektar sahədən ümumi çəkisi 4 ton olan yabanı halda bitmiş çətənə kolu yığılaraq müvafiq qaydada yandırılıb.

25 avqust 2014-cü il tarixdə "Göytəpə" sərhəd dəstəsinin "Bayxanlı" sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədindən qanunsuz keçirilməsi məqsədi ilə gizlədilmiş, ümumi sayı 130 ədəd olan 0,7 litirlik şüşələrdə qablaşdırılmış "Qranit" markalı araq məhsulları aşkar olunaraq götürülüb.

Qeyd olunan bütün faktlarla bağlı aidiyyəti üzrə qanunamüvafiq tədbirlər görülüb.

Ümumilikdə, ay ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 55 halda ümumi dəyəri təqribən 3 milyon 365 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd avtomat silah, 60 ədəd 7,62 mm kalibrli patronla dolu 2 ədəd daraq, 2 ədəd ov tüfəngi, 3 ədəd pnevmatik tapanca, 78 ədəd müxtəlif ölçülü güllə, 5 ədəd bıçaq, 58 ədəd müxtəlif markalı mobil telefon, 239 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 4328 qutu müxtəlif markalı siqaret, 4 ədəd qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR