96 müəllim iş yerini dəyişib
Bizi izləyin

Qırmızı.az

96 müəllim iş yerini dəyişib

Bu il iş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb. Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq başa çatıb.

Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 17962 nəfər ərizə verib. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1304 nəfər işə qəbul olunub.

Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib. Əvvəlki illərdə bu proses bir aydan çox vaxt aparırdı.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərin təhlili aparılıb, 25-29 avqust 2014-cü il tarixlərində müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 388 nəfər işə qəbul edilib.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.

Ötən dərs ilində müsabiqə nəticəsində işə qəbul olunanların sayı 1281 nəfər olmuşdusa, cari ildə həmin göstərici 411 nəfər artaraq 1692 olub.

Onu da qeyd etmək lazımdır ki, ötən illərlə müqayisədə cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm