• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Oazis” davasından yeni şok xəbərlər

“Oazis” davasından yeni şok xəbərlər

“Əmri restoran rəhbəri şəxsən verdi: ”Qırın bunları"...; Əməkdaşımız qanla bitən ad gününün iştirakçıları ilə görüşdü; Obyektin mühafizəçilərinin Avropa və dünya çempionu olduqları iddiası var; Vasif Şəfiyev: “Aşpazlar manqaldan şişi götürüb üstümüzə hücum çəkdilər...”

Bakının məşhur restoranlarından sayılan “Oazis”də baş verən kütləvi dava ilə bağlı hər gün ortaya yeni xəbərlər çıxır. Restoran rəhbərliyi davanın səbəbkarları kimi bir ailə məslisinə toplaşanları günahlandırmışdı.

Musavat.com sentyabrın 4-də qarşı tərəfin hadisə ilə bağlı dediklərini, habelə onların yaydığı videonu oxuculara təqdim etdi. Sentyabrın 5-də isə əməkdaşımız ad günü məclisinin təşkilatçısı Zaur Əsgərovun müalicə olunduğu 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasında olub, məclis iştirakçıları ilə görüşüb. Bir neçə nəfərin yaralanıb, iki nəfərin polis tərəfindən saxlanması ilə nəticələnən davanın təfərrüatlarını onların təqdimatında oxuculara çatdırırıq.

Vasif Şəfiyev: “Bizə dedilər ki, bura sizin üçün .... deyil...”

Öncə ondan başlayaq ki, xəstəxanadan bizi görüş saatı olmaması bəhanəsi ilə Z.Əsgərovla şəxsən görüşməyə qoymadılar. Amma məclisin iştirakçılarından, Z.Əsgərovun dostu, ailənin yaxını olan Vasif Şəfiyev bizi məlum hadisə günü baş verənlərlə bağlı məlumatlandırdı. Onun sözlərinə görə, əslində bütün hadisə restoran mühafizəçilərinin tərbiyəsizliyindən sonra başlanıb: “İlk dəfə zalda oynayanda mühafizəçi mənimlə Emilə yaxınlaşdı. Dedi ki, bura sizin üçün - çox əxlaqsız bir ifadə işlətdi - deyil. Biz də dedik ki, bilirik, ailəmizlə gəldiyimizi dedik. Ondan sonra əl-üzümüzü yumaq üçün getdik. Qayıdandan sonra bizim Zaur Əsgərovla - hansının ki, oğlunun ad günü idi - iki mühafizəçinin çölə çıxdığını gördük. Çöl qapısının yanında söhbətləşməyə başladılar. Zaur onlardan soruşdu ki, mənim qonaqlarımdan nə istəyirsiz, axı biz ailə ilə gəlmişik. Öyrəndik ki, Zaurgil bayıra çıxmazdan əvvəl içəridə də bəzi söhbətlər olub. Bütün ailə, Zaurun anası, digər qohumlar da bunu təsdiqləyə bilərlər. Hər şey qaydasında getdiyi bir vaxtda çöldə bir nəfər kənar adam çıxıb Emil Tumasova (məclis iştirakçılarından biri, ciddi xəsarət alıb-müəl.) təhqiramiz bir söz dedi və yumruq atdılar. Ondan sonra hər şey idarədən çıxdı və Emilin qaşını partlatdılar. 6-7 santimetr qaşı açıldı. Bu zaman yenə vəziyyət nəzarətdən çıxdı. Biz çöldə 5 nəfər idik. Heç kimimiz yox idi, hər tərəfdən vururdular. 5-5, 3-3 tökülüşürdülər”.

Müsahibimiz restoran sahibi olan Mirtalıb Mirioğlunun hadisə yerində olduğunu bildirdi. Onun sözlərinə görə, hadisəyə müdaxilə edən restoran sahibi öncə öz mühafizəçilərini qovub və onlara “müştərini döymək olmaz” deyib. Amma ardınca yenə də hadisələr nəzarət altından çıxıb: “Hacı gedəndən sonra hər şey sakitləşdi. Keçdik stol arxasına, su içdik, Zaurun atası ilə danışdılar. Dedilər, qoy restoran boşalsın, danışaq. Lazım olsa sabah gələrsiz. Lazım olar bağışlayarsız, olmaz bağışlamazsız. Bu an biz stola keçdik. Emilin qanlı köynəyini dəyişdilər. Orda ona başqa köynək verdilər. Biz masa arxasına keçən kimi tortumuzu verdik ki, kəssinlər. Masaya oturan kimi Emildən yenə qan açıldı. Hacı yanımızda idi. Emil qanının açılmasından əsəbləşib dedi ki, mən də qanımı yerdə qoymayacam. Bu yerdə ofisiant qayıtdı ki, ə, qoduq, bəsdirin də, siz qudurdunuz artıq”. Müdirin yanında butulkanı vurdu və ondan sonra dava davam etdi. Həmin vaxt Zaurun yoldaşı yerə yıxıldı".

“Zaurun yoldaşı o qədər qısqancdır ki, o, heç zaman başqa xanımla rəqs etməz... ”

Müsahibimizdən insidentin başlanmasına səbəb olan rəqs məsələsini soruşduq. Məlumdur ki, restoran rəhbərliyi bu qrupun, xüsusən də ad günü sahibi Zaur Əsgərovun yan masada əyləşən gənc xanımları narahat etdiyini, onlarla rəqs etdiyini, üstəlik, rəqs edərkən köynəyinin yaxasının açıq olduğunu iddia etmişdi. V.Şəfiyev bu iddianın gülməli olduğunu bildirdi: “Zaur bəyin yoldaşı çox qısqancdır. Məktəb vaxtlarından bir-birini sevib evləniblər. O qədər böyük sevgi və təbii qısqanclıq qarşısında heç vaxt Zaur gedib yan masadan hansısa xanımla rəqs etməz. Masamızdakı subay oğlanlardan biri - Emil Tumasov meydanda oynayanda orda xanımlar da olub, birgə oynayıblar. Amma yaxasının açıq olması iddiası ağ yalandır. Fotolardan da göründüyü kimi, yaxası iki düymə açıq olub. Lap ondan bir düymə də aşağı açıq olsa, onların dediyi kimi biədəb görüntü ola bilməzdi. Biz İranda yaşamırıq ki, xanımlarımıza zorla hicab geyindirək. Kim necə istəyər, elə geyinər”.

“Aşpaz manqaldan şişi çıxarıb Zavidin qoluna keçirdi”

Keçək digər iddiaya. Məlum, restoran rəhbərliyinin ilkin iddiasında bu masadakıların menyüdə içki olmamasına baxmayaraq, ofisiantdan içki istəməsi və davanın bu səbəbdən baş verməsi yer alırdı. Hərçənd ki, sonradan iddialar “açıq yaxa” və “qonşu masadakı qadın” məcrasına yönəldi. V.Şəfiyev bunu da inkar edir: “Biz içkini özümüzlə gətirmişdik. O boyda məclisdə cəmi iki ədəd yarım litrlik arağımız vardı. Özü də biz getdiyimiz bütün restoranlara özümüz içki də aparırıq. Biz onlardan niyə içki istəyək ki? Hacı adamdır, restoran açıb, içki vermir. Amma bunun əvəzində restoranda göbək rəqsinə qədər hər şey oynayırlar. Daha sonra deyirlər ki, guya biz hesabı ödəməmək üçün əvvəlcədən dava salmışıq. Bu, biabırçı bir iddiadır. Daha bir yalan da odur ki, içkili olduğumuz üçün dava salmışıq. Axı o saatda insan o qədər içkili ola bilməzdi. 8-ə 15 dəqiqə qalmış biz restoranda oturduq. 9-da narazılıq başladı. Biz orda ailə ilə idik. Nə qədər içsək də, o dərəcədə keflənə bilməzdik. Zaurun atası nəvəsi ilə oynayır, içəridə həbs olunan Ravid Zaurun anası ilə vals oynayırdı. Heç kəs onların dediyi kimi içkili deyildi”.

Bu yerdə üz-gözü sarğıda olan, aldığı zədələrdən dolayı danışmaqda çətinlik çəkən Emil Tumasov (fotolara diqqət) söhbətə qısa bir əlavə etdi: “Oranın mühafizəçiləri Avropa və dünya çempionlarıdır. Bizə də deyirlər ki, guya biz onları döymüşük. Onda gərək gələn il çempionata biz çıxaq”.

“Davanın böyüməməsi üçün bizi niyə polisə vermədilər?”

V.Şəfiyev ofisiantın hovuza atılması iddiasına da aydınlıq gətirdi. Dedi ki, “Oazis” ancaq özünə sərf edən görüntüləri yayır: “Amma onlar Ravid Abdullayevin şişlə vurularaq, sonra da hovuza atılmasını demirlər. Kamera eyni şeyi çəkə bilirsə, hər iksini çəksin. Əsas kadrı çıxarsınlar ortaya. Aşpazın manqaldan şişi çıxararaq Ravidi necə vurmasını göstərsinlər. Adamın qolu yaralandı, ikinci dəfə hovuza düşdü. Ona baxmayaraq, qoluna tikiş qoydular. Bölmədə izahat verəndən sonra ondan heç bir xəbər çıxmadı. Hardadır, necədir, yarası hansı vəziyyətdədir, bilinmir. Hətta öyrəndiyimizə görə, sarğısı baxılmaq üçün açılıb, sonra yenidən bağlanmayıb. Videoda bizimkilərdən iki nəfər var - Zaur və Ravid görünür. İkisi də yaralıdır. Axırda o da gəlib dizi üstə çöküb yıxılır”.

V.Şəfiyev deyir ki, restoranın o qədər sayda mühafizəçisi, ofisiantı 4-5 nəfərin üstünə hücum çəkmək yerinə, polisə, xəstəxanaya müraciət etməliydi: “Olmazdı ki, davanın böyüməməsi üçün bizi tutaydız, verəydiz polisə? Niyə polisi, təcili yardım maşınını içəri buraxmırdılar? Emilin kadrları niyə çıxmır ortaya? Çünki Emil hər yerdə ayaq altında, qan içində idi. Bizdən 3 nəfər yaralı idi. Biri Emildir, bu gün Tusi adına Klinikada tomoqrafiyadan keçib. Beynində iki qan laxtalanması var. Bu, artıq çox ciddi nüansdır. Beyinə olan xəsarətləri restoran müdiriyyəti heç nə ilə ödəyə bilməz. Ailənin tək oğludur, bunun arxasında dayanmaq var... Zaur - 3 yaşlı uşağın atası xəstəxanada müalicə alır. Gipsdə qalıb, onurğa sümüyündə ağrılar var. Ravid qolundan xəsarət alıb, amma həbsdədir. Ondan heç bir xəbər yoxdur. Həqiqətən də təəccüblüdür ki, biz ordan sağ çıxa bildik. Amma bunlar yaralı adı ilə başının arxasına bir pambıq yapışdırılmış ofisiantı qoyublar ortaya ki, guya ona xəsarət dəyib. Lənət şeytana, mən hamıdan soruşuram: 3 nəfər 60 nəfəri necə döyə bilər? Bu, nə məntiqlə mümkündür, nə fiziki güclə”.

Xəstəxanada Z.Əsgərovun xalası (adının çəkilməsini istəmədi-müəl.) ilə də söhbətləşdik. Bildirdi ki, o qədər xanımın oturduğu masada heç kim ədəbsiz hərəkət edə bilməzdi: “Emil cavan, subay oğlandır, ortaya çıxıb oynayanda qızlar da bununla oynayıblar. Əgər bizdən kiminsə o xanımlara qarşı nəsə pis bir hərəkəti olsaydı, dərhal onu da yayardılar. Orda sataşma olsaydı, çəkib verərdilər. Hətta masadakı dostları zarafatla Emilin qızlarla oynamasını çəkdi ki, nişanlına göndərəcəyik. Hər şey bu qədər səmimi olmuşdu. Bu rəqs söhbəti davadan bir saat qabaq olmuşdu, davaya nə aidiyyəti var idi ki?”

Zaur Əsgərovun atası Mahir Əsgərov: “Hacının əmrindən sonra aşpazlar əllərində şişlə çıxdılar bayıra”

Z.Əsgərovun atası Mahir Əsgərov isə hadisənin günahkarı kimi restoranın sahibini görür. Müsahibimiz bildirdi ki, məclis çox sakit, şad əhval-ruhiyyədə başlayıb: “Mənim nəvəmin ad günü idi. Hardasa yarım saatdan sonra gəlinlə oğlum durub oynadılar. Mən də bu zaman öz nəvəmi gəzdirirdim. Sonra gördüm ki, Zauru bayıra çıxardılar. Mən də arxasınca çıxdım. Gördüm ki, oğlumla birgə 3-4 nəfər mühafizəçi orda dayanıb. Məsələnin nə olduğunu soruşdum. Zaur dedi ki, ona ”yanındakı o qadının geyiminə fikir ver" deyiblər. Zaur da deyib ki, qadın mənim yoldaşımdır, geyimi də açıq deyil. Bu söhbətin üstündə mübahisə başlandı. Mən hiss elədim ki, onlar bizə sataşmaq istəyirlər. Özü də orda mühafizəçilərin bir neçəsi içkili idi. Bunu polisdə də dedim, ərizəmi götürmədilər. Mən tələb etmişdim ki, bu insanlar yoxlanılsın. Ərizəmin yerinə məndən izahat aldılar. Sonra mübahisə böyüdü. Onların bütün personalı - 60-70 insan birdən-birə davaya necə qoşuldular. Siz gərək orda o işçilərin bizə boşqab atmalarını görəydiz. Hacı müəllim (restoranın sahibi Hacı Mirtalıb Miroğlu) onlara boşqab atmağı öyrədib. Hacı müəllim bilməliydi ki, 3 yaşlı uşağın, gəlinlərin qabağında bunu etməzlər. O uşağın 3 yaşı var, hələ danışa bilmir. Amma mən sizi inandırıram ki, 10 yaşına qədər o uşaq danışa bilməyəcək. Heç bir ataya, anaya qismət olmasın".

“Deyir, mənim pulum var, varım var... ”

M.Əsgərov söhbət zamanı daha bir yeni detalı açıqladı. Dedi ki, dava zamanı Hacı Mirtalıb Miroğlu şəxsən işçilərinə göstəriş verib: “Hacı işçilərinə əmr verdi ki, qırın bunları. O, bunu deyəndə mən Hacının yanında idim. Ona dedim ki, Hacı, ayıbdır, bunları yığışdırın, siz müəssisənin müdirisiz. Onun bu əmrindən sonra aşpazlar da əllərində şişlərlə bayıra çıxdılar. Dayandım baxdım. Bir də ki, 102-yə məlumatı mən verdim, onlar yox. Hacı insanlarla pulla danışır. Deyir, mənim pulum-varım var. Mən Azərbaycan vətəndaşıyam, dövlətimə də inanıram. İmkanım da zəif olsa, özüm də fəhlə insan olsam, dövlətimə inanıram. Hacının dediyi pul bu dövlətdə keçməyəcək. Hacı bilməlidir ki, biz də insanıq. Biz balamızı qanın içində gördük.

Maraqlanın görək, onların yaralıları nə zaman xəstəxanaya yerləşdirilib. Başının arxasına bir pambıq yapışdırılmış ofisiantı yaralı kimi təqdim edirlər. Amma bizim uşaqlar ciddi travmalarla, beyin silkələnməsi ilə qalıb ortada. Onlar eşidəndən sonra ki, bizdə yaralılar var, öz adamlarını göndərdilər xəstəxanaya. Ora düşmə tarixləri, kağızları var".

Bütün bu olanları qarşı tərəfin dilindən dinlədikdən sonra bir çox oxucunun ağlına gələn o məlum sualı verdik: “Oazis” rəhbərliyinin sizinlə nə kimi qəsd-qərəzliyi vardı ki, belə bir qanlı olayın baş verməsinə səbəb oldular? M.Əsgərov dedi ki, bu, “Oazis”də baş verən saysız-hesabsız davalardan sadəcə biridir: “Restoranın qabağında taksi sürücüləri dayanıb. Siz onlarla maraqlansaz eşidəcəksiz ki, ayda ən azı 3-4 belə böyük dava baş verir, amma sonradan bağlanır. İnternetdə ”Oazis"də dava videolarını axtarın, görün neçə belə video çıxacaq".

Yaralanmış Emil Tumasovun atası Rafiq Tumasov da bizimlə söhbətində restoran sahibini ittiham etdi. “Biz İran İslam Respublikasında yaşamırıq” deyən ata insanların geyiminə qarışılmasını, onlara bu yolla zor edilməsini qanunsuzluq adlandırdı: “Sabah bu hadisə hamının başına gələ bilər. Birinin qıçını sındırıblar, mənim oğlum beyin travması alıb. Bu uşaqların səhhəti sıradan çıxsa, iş qabiliyyətlərini itirsələr, kim onlara cavabdeh olacaq? Hərə bir qoçu dəstəsi saxlayacaqsa, onda qanunlar nəyə lazımdır? Oğlumun 5 dişi qırılıb, beynində gimatoma var. Bunun hesabını kim verəcək?”

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.











Xəbər lenti

DAHA ÇOX XƏBƏR