Şadlıq evlərinin qiymət oyunu - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Şadlıq evlərinin qiymət oyunu - REPORTAJ

Oktyabrın 5-i Publika.az-da toydur

"İki ildir nişanlıyıq, nəhayət, toyun vaxtını müəyyən etdik. Bircə qalıb, uyğun qiymətə restoran tapmaq. Nişanlımın ailəsi rayonda qalır, bizimkilərin də işi başından aşır. Ona görə də nişanlımla “əl-ələ” verib başladıq restoran axtarmağa".

Uydurduğumuz nağıla əvvəl özümüzü, daha sonra restoran administratorlarını inandırmaq üçün fotoqrafımız Elçinlə düşdük yola.

Bu nağılı nə üçün uydurduq, niyə restoranlara getdik, yazının davamını oxusanız, biləcəksiz.

Əvvəl ondan başlayaq ki, yas və toy mərasimlərində israfçılıq son günlərin aktual mövzusuna çevrilib. Yaslardakı israfçılığın icra başçılarının müvafiq qərarlarından sonra həll olunmasına ümid var.

Bəs toylar?

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu dəfə toylardakı israfçılığı araşdıracağıq.

Toylardakı israfçılıq dəfələrlə müzakirə mövzusu olub. Hər dəfə toy sahibləri buna görə restoranı, restoranlar isə toy sahiblərini günahlandırır. Səbəbkarın hansı tərəf olmasına baxmayaraq, toy stollarının üzərində barmaq qoymağa yer tapılmaması qaçılmazdır. Onların hansı keyfiyyətdə olması başqa mövzudur.

İndi əvvəldə qeyd etdiyim sualın cavabını açıqlayım. Elçinlə “nişanlanmağımız”, toy danışmağa getməyimizdə məqsəd israfçılığa restoran, yoxsa toy sahiblərinin yol verdiyini yerindəcə araşdırmaq idi. Həmçinin restoran sahiblərinin niyə qiymət endirmədiyini, menyudan niyə çıxarış etmədiyini də öyrəndik.

Hələ avtobusda rolumuza hazırlaşarkən toyu ya oktyabrın əvvəli, ya da yanvarda və yalnız bazar günü etmək istədiyimizi qərarlaşdırırıq.

Administratorlarla “qiymət öldürdük”

İlk baş çəkdiyimiz məkan “Azəri” şadlıq evi oldu. Administrator əvvəlcə toy gününü soruşur. Oktyabrın 5-i bazar gününə düşdüyündən həmin günü seçirik. Bəxtimizdən restoranda həmin gün yer boşdur.

Daha sonra menyu təqdim edildi. Elçin isti və soyuq yeməklərdə ixtisar edirdi ki, bunu görən administratordan menyudan heç nəyin çıxarılmayacağı xəbərdarlığı gəldi.

Administrator qiymət və menyuda heç bir dəyişikliyə icazə verilmədiyini dedi. Güzəşt yalnız qonaqların sayı çox olanda edilir. Sifariş edilən stolların sayı 300-400 arasıdırsa, yerin biri 34, 400-dən çox olanda 33 manatdan hesablanır.

Bu qiymətə bizə 35 cür soyuq qəlyanaltı (6-sı turşudur), 9 isti yemək (4-ü kababdır), 11 çeşid içki, 5 cür desert, əlavə xidmətə isə musiqi, bar, şirniyyat, meyvə furşeti, rəqs qrupu, video çəkiliş daxildir.

Yalnız spirtli içki seçimi etmək imkanı verilir. Yeməklərdən birinin azaldılması və bununla da qiymətdə güzəşt edilməsindən isə söhbət gedə bilməz. Administrator qərarında qəti idi.

Növbəti məkanımız “Oğuz xan” oldu. Restoranan administratoru Bakir bəyə toyu yalnız bazar günü və mümkünsə, oktyabrın 5-də etmək istədiyimizi deyirik. Qonaqlarımızın sayına gəldikdə, əvvəl 400 nəfərə qədər qonaq qəbul etmək imkanlarının olduğunu desə də, sonradan qonaqların sayı 350-yə endirildi. İsrarımızdan sonra 400 nəfəri də çətinliklə də olsa, yerləşdirə biləcəyini dedi. Qonaqlarımızın sayının çox olmasını və yeni təmirdən çıxmalarını nəzərə alaraq bəzi güzəştlər etdi.

Güzəştsiz 1 stolun qiyməti 35 manat idisə, duxovkada balıq, ət qovurması, pivə, spirtli içkilərdən birini çıxandan sonra 30 manata endirim etdi. O, bundan başqa güzəşt etməyəcəyini bildirdi.

“Təmirdən əvvəl biz qiymətdə az da olsa endirim edə bilirdik. Amma indi restoran sahibi deyir ki, təmirə çox xərci çıxıb və çəkdiyi xərci kompensasiya etmək istəyir”.

Burada menyuda 37 soyuq qəlyanaltının 7-si müxtəlif adlı salatlardır, 18 isti yeməyin 8-i kababdır, içki çeşidləri 11-dir. Digər xidmətlər isə əvvəlkinə uyğun idi.

Elçinin qonaqlarımızın sayının 400-dən çox olması və qiyməti bir az da endirmək cəhdindən sonra, administrator bizə “Qızıl tac” restoranını məsləhət gördü. Dedi ki, həmin restoranda 400-450 nəfəri yerləşdirmək daha rahatdır. Menyuda ciddi fərq olmasa da, stolun qiyməti 45 manatdan hesablanır.

“Amor” restoranında isə administratorla görüşənə qədər bizi qapıda qarşılayan şəxs əvvəlcə restoranı gəzdirdi. Bu gün toy olduğundan stolların düzülüşünü və s. yerində görməyimiz üçün əvvəl zala dəvət etdi. Təmtəraqlı tərifdən sonra, nəhayət, administrator İlqar bəylə tanış etdi.

Əvvəl toyun gününü müəyyən edirik. Bloknotuna baxan administrator yaxın iki aydakı bazar günlərindən yalnız oktyabrın 5-nin boş olduğunu dedi. Stolun qiymətinə gəldikdə, qiymət 45 manatdan başlayır və menyudan heç nə çıxarılmır. İllərdir bu işlə məşğul olduqlarını deyən İlqar bəy, keyfiyyət və təmizliyə tam zəmanət verdiyini bildirdi. Onun sözlərinə görə, xidmətlərindən tam əmin olduqlarına görə güzəşt etmirlər. Lakin biz az da olsa, qiyməti endirməkdə israrlıyıq. Elçinin irəvanlı olması administratorun qərarının dəyişməsinə kömək etdi və o, menyudan heç nəyi çıxarmadan qiyməti 37manata endirdi.

Burada 28 soyuq yemək təklif edilir ki, onların 4-ü müxtəlif adda kolbasalar, 5-i müxtəlif meyvə, tərəvəz turşusudur. Yerdə qalan təkliflər isə digər restoranlardan fərqlənmir.

“Cıdır düzü”ndə isə digər restoranlardan fərqli olmayan menyu üçün 1 stola görə 50 manat ödəməli olduğumuzu dedilər. Burada da spirtli içkidən başqa, heç nəyə güzəşt olmadı.

Restoranlara qərarımızı qətiləşdirib onlara xəbər edəcəyimiz barədə vəd verib redaksiyaya yollanırıq.

Restoranların mövqeyini öyrəndik. Bəs restoranlarda israfçılığın qarşısını necə ala bilərik?

Qanun layihəsi hazırlamaq asan deyil

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun fikrincə, toyları tənzimləmək çətindir.

“Çünki hər kəs büdcəsinə görə toy edir və nə qədər xərci çıxacağını əvvəldən bilir. Bu mənada məsuliyyəti də özləri daşıyır. Ona görə də toy məsələsini azad rəqabətə buraxmaq olar. Asayişi pozmamaq şərtilə necə istəsən, toy edə bilərsən”.

Menyudan hər hansı qidanın çıxarılması və buna müvafiq olaraq qiymətin aşağı salınması məsələsinə gəlincə, millət vəkili bunun da çətin məsələ olduğunu bildirib:

“Restoran sahibi özəl sahibkardır, o, öz obyektində qaydalar müəyyən edə bilər. Qiymətin endirilməsi, menyudan qidaların çıxarılması restoran sahibləri üçün imic məsələsi hesab olunur. Əlbəttə, daha aşağı səviyyəli restoran tapmaq mümkündür. Toy sahibləri yalnız yeməklərin keyfiyyətinin yaxşı olmasını tələb edə bilər. Çünki toy məsələsində hər zaman azad rəqabət olub”.

Millət vəkili yas və toy mərasimləri ilə bağlı qanun layihəsinin hazırlanmasının çətin proses olduğunu deyib:

“Bu məsələ Milli Məclisdə çox müzakirə edilib. Lakin hələ ki, təkliflər səviyyəsindədir. Qanun layihəsi hazırlamazdan əvvəl onun necə işləyəcəyini müəyyən etmək lazımdır. Amma bu məsələ bir növ adət-ənənədir və bu adətlər özü bir qanundur. Bu ənənənin hüquqi təsiri olmasa da, mənəvi gücü böyükdür”.

Süfrədəkilərin 80%-nə əl vurulmur

Millət vəkili Adil Əliyevin sözlərinə görə, toylarımızdakı israfçılığa əncam çəkməyin vaxtıdır.

“Təəssüf ki, yaslarımız kimi toylarımız da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı şəxslər və ailələr bahalı menyular sifariş etsəydilər, bəlkə də, problem olmazdı. Deyərdik ki, özləri bilər, pulları çoxdur, nə istəyirlər onu da sifariş edə bilərlər. Halbuki həddən artıq dəbdəbə də cəmiyyətdə xoş qarşılanmır. Problem ondadır ki, imkanlı şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində böyük pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis edərək israfçılığa sürükləyir. Ona görə də bizə elə qaydalar və tənzimləmə mexanizmi lazımdır ki, kasıb və orta təbəqə imkanlı şəxslərin girovuna çevrilməsin. İmkanlı şəxslər isə bu tənzimləmə mexanizmini əllərində rəhbər tutaraq kasıb və orta təbəqəni öz varidatları ilə qıcıqlandırmasınlar”.

Millət vəkili bildirib ki, toylarda masa üzərinə qoyulan yeməklərin həcmi və çeşidi o qədər çox olur ki, onun 80 faizindən istifadə olunmur və sonra şadlıq saraylarının həmin istifadəsiz ərzaqdan necə istifadə etdiyi bilinmir.

“Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur, qohum və dostla kəlmə də kəsə bilmirsən. Ona görə də düşünürəm ki, toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş “yaxşı deyil” deyib başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir”.

Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, süfrədə bolluğun olması ev sahibinin imkanından xəbər versə də, əvvəllər heç kim imkanından yuxarı məclis təşkil etmirdi. Lakin indi elə bir qayda var ki, kasıb və ya varlı olmasından asılı olmayaraq, restoran sahibinin qoyduğu menyu və qiymətlə razılaşmalı olursan. Nadir hallarda hər hansı bir salatı menyudan çıxartmaq olur.

“Soyuq qəlyanaltıların verilməsi Avropa ənənəsinə söykənir. Azərbaycan toylarında bu cür ənənə heç vaxt olmayıb. Adətən, birinci növbədə məclisin şahı aş, daha sonra müxtəlif kabablar gətirilib. Toyuq və balığa isə regionlardan asılı olaraq üstünlük verilib. Süfrənin təmtəraqlı olması məclis sahibinin gücündən, maddi imkanından asılı idi. Bununla yanaşı qohum-qonşu da toy evinə dəstək olurdu. Hərə bir məhsulu pay gətirirdi ki, toy evinə güc düşməsin. İndi bir çox rayon və Bakı kəndlərində bu ənənə saxlanılır. Soyuq qəlyanaltıların verilməsi ancaq restoran sahibinin marağına uyğundur, bununla, sadəcə, əlavə xərclərini çıxarır. Çox vaxt qonaqlar həmin qidaların heç dadına da baxmır. Kişilər daha çox isti yeməklər yeyir. Həm də Azərbaycan xalqına məxsus xüsusiyyətdir ki, isti yeməklərə daha çox maraq göstərirlər”.

Məhkəməyə verə bilərlər

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun fikrincə, restoranların istədiyi kimi menyu təqdim etməsi və heç bir ixtisara icazə verməməsi toy sahiblərindən asılıdır. Onun sözlərinə görə, bu, həm də tərəflərin qanunlardan xəbərsiz olmasından irəli gəlir:

“Restoranın bu cür tələb irəli sürməsi istehlakçıların hüquqları haqqında qanundan xəbərsiz olmalarından irəli gəlir. Ödənişi edən şəxsin istədiyi tələbi irəli sürmə haqqı var. Onun tələbi yerinə yetirilmirsə, məhkəməyə müraciət edə bilər. Çünki istehlakçı olaraq hər kəsin hüquqları var. Toy sahibi yerin pulunu ödəyib, süfrədə istədiklərini düzmək hüququna sahibdir. Bundan başqa, menyda qeyd olunan qidaların miqdarı göstərilmir. Ödəniş edildikdən sonra stolun üstündə qalanların hamısı toy sahibinə məxsusdur, istəsə aparıb küçədəki heyvanları yedizdirər. İnsanlar bilməlidir ki, restoran idarəçiliyində bütün qanunlar mövcuddur. Sadəcə, bunu tətbiq etmək lazımdır”.

T.Əmiraslanovun fikrincə, restoranlar vahid idarəçiliyə verilməzsə, konsepsiya müəyyən edilməzsə, bütün müzakirələr yalnız qiymət artımına səbəb olacaq:

“Mətbuatda restoranlarla bağlı yazılan bütün yazılar, yaxın aylarda restoranlarda ciddi qiymət artımına səbəb olacaq. Məsələnin həlli üçün sahibkarı günahlandırmaq yox, iqtisadi sistemi dəyişmək lazımdır. Restoran sahibi çəkdiyi xərclərin qiymətini, yer pulunu, işıq və s. xərclərini çıxartmaq üçün qiyməti azaltmır. İllərdir aparılan yoxlamalar, cəzalar restoran biznesində heç nəyi dəyişməyib. Ona görə də sistem dəyişməlidir. Müqaviləli şəkildə restoranların idarəçiliyini Milli Kulinariya Mərkəzinə versinlər, 1 ildə hiss olunacaq dərəcədə qiymətlər aşağı düşəcək, sahibkarın gəliri, işləyənlərin maaşı artacaq və ən əsası, vergilər tam ödəniləcək”.

Gülxar Şərif

Fotolar Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm