Yanıq Mərkəzindən yanıqlı şikayət
Bizi izləyin

Qırmızı.az

Yanıq Mərkəzindən yanıqlı şikayət

"5 saylı şəhər klinik xəstəxananın tərkibindən çıxarılıb Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilib. Lakin iki ay müddətində hələ də İnstitutun tərkibinə daxil edilməmişik. Bunun nəticəsi olaraq əməkdaşlar iki aydır əməkhaqqı almadan işləyir. Bu azmış kimi yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond adı ilə iyul və avqust ayları üçün həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 AZN tələb edir. Fond pulunu verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla hədələyir".

Bu barədə yanıq şöbəsinin əməkdaşları Publika.az-a göndərdikləri şikayət məktubunda deyirlər.

Şikayətdə bildirilib ki, V.Ələkbərov əməkdaşlar məzuniyyətdə olarkən onları işdən çıxarır, onların əvəzinə gənc, təcrübəsiz tibb bacılarını işə qəbul edir:

“Özün ərizəni yaz, çıx, yoxsa mən biyabırçılıqla çıxaracam. Buranı Ziya Əsədovun işə qəbul etdiyi işçilərdən təmizləyəcəm” kimi sözləri deyir. İşə kimi istəyir qəbul edir, kimi istəyir çıxarır. 20-30 il çalışan tibb bacılarını işdən heç bir səbəb olmadan çıxarıb, əvəzinə gənc işçiləri götürür, hansı ki həmin gənclər şpris belə tuta bilmirlər, hətta heç bir tibbi savadı olmayan xadimələr tibb bacısı kimi fəaliyyət göstərir. İşçilərdən yığılan fond pulu azmış kimi, xəstələrdən də 30 AZN alınır, ayrıca palatada yatmaq istəyirsə, yerpulu olaraq 20 AZN alır. Uzun sözün qısası, şöbədə alver gedir.

Yanıq 2-nin böyük tibb bacısını vəzifədən qeyri-qanuni uzaqlaşdırıb, heç bir təhvil-təslim olmadan başqa tibb bacısını vəzifəyə gətirib. Həmin tibb bacısı da heç bir səlahiyyəti olmadan dərman qəbul edir, dərman verir. Yanıq-1 şöbəsində isə nəinki böyük tibb bacısı, tibb bacısı olaraq əmri verilməmiş birini böyük tibb bacısı vəzifəsinə təyin edib. Onlar da heç bir səlahiyyətləri olmadan qiymətli dərmanları və narkotik maddələri təhvil alıb, təhvil verir. Yanıq-1 və Yanıq-2 şöbələrinin təsərrüfat bacılarından birini məzuniyyətdə olarkən, digərini isə iş başında heç bir qüsuru və səbəbi olmadan işdən uzaqlaşdırıb, hətta Vüqar Ələkbərovun özü də məzuniyyətdə olarkən bu qərarı qəbul edib və təhvil-təslim olmadan kənar iki işçini əmrsiz vəzifəyə gətirib. Onların yerinə isə iki nəfəri işə götürüb, onlardan biri Yanıq-1, digəri isə Yanıq-2 şöbəsində təsərrüfat bacısı vəzifəsini icra edir. Bu haqsızlığa etirazını bildirən işçilərə isə “Get, kimə müraciət edirsən et, mənim arxam möhkəmdir, mən heç kimdən qorxmuram” deyib otaqdan qovur. Təbii ki, sadalamaq istədiklərimiz bununla bitmir, xahiş edirik, özünüz bu vəziyyətə əncam qılasız, üzə nələrin çıxacağını özünüz görəcəksiz.


1) Yanıq şöbəsinin müdiri fövqəladə hallar üçün daim hazır vəziyyətdə olmalıdır. Elə isə Vüqar Ələkbərovun hər ayın 10-12 gününü xaricdə -Türkiyədə olması, Bakıda olduğu günlərdə isə iş yerində 1-2 saat olması nə deməkdir?

2) Xəstənin müalicəsi ilə əlaqədar xəstənin yaxınlarından özünə yaxın hesab etdiyi 2 həkim vasitəsilə külli miqdarda məbləğ tələb edir,

3) Şöbənin işçilərinə qarşı saymazyana davranır, onları hər an təhqir edib, kobud münasibət göstərir,

4) Kollektiv arasında ayrıseçkilik yaradır,

5) Özünü açıq-aşkar bu şöbənin böyüyü hesab edir və heç kimə (nazir müavini Nigar xanımdan başqa) tabe olmadığını söyləyir,

6) Şöbə müdirinin təşəbbüsü ilə “Albumin” adlı dərman xəstələrə baha qiymətə satılır, halbuki həmin dərman dövlət tərəfindən pulsuz verilir. Bunlar şikayət məktubunda qeyd edilir.

Respublika Yanıq Mərkəzinin baş həkimi V.Ələkbərov Publika.az-a açıqlamasında ona qarşı ünvanlanmış ittihamlara cavab verib. O, bütün ittihamların dedi-qodu, boş söhbətlər olduğunu bildirib:

“Bu cür məsələləri açıb-ağartmaq ayıbdır. Mart ayından rəsmi olaraq həmin şöbədə işləyirəm. Bəzi tibb bacıları köhnədən yanlış işlər etməyə öyrəşiblər. Onlara bir neçə dəfə xəbərdarlıq ediləndən sonra işdən azad ediliblər. Bu da normaldır. Maaşlarını iki aydır ala bilməmələri də təbiidir, çünki biz 5 nömrəli xəstəxanın tərkibindən çıxıb, Həkimlərin Təkmilləşdirmə İnstitutunun tərkibinə keçdik. Sənədləşmə işləri tamamlanmadığına görə, mən də daxil olmaqla heç kim iki aydır maaş almır”.

Həkim, tibb bacıları, xəstələrdən pul alınmasına gəldikdə, V.Ələkbərov bunun yanlış ittiham olduğunu dedi:

“Kim pul veribsə, çıxsın qabağa. Xəstəxanada bəzi abadlıq işləri görülüb və bunun üçün də işçilər öz aramızda müəyyən qədər vəsait toplamışıq. Özüm də bu pul qoymuşam, 100 yataq dəsti almışıq, kameralar yerləşdirilib, həyətə yeni gül və ağaclar əkmişik. Bunun üçün də həkim və tibb bacıları, hamımız pul qoyub almışıq. Pulları mən yox, tibb bacıları özləri yığıb”.

Xəstəxanada təmir və abadlıq işlərinə dövlət vəsait ayırırsa, bunu tibb işçilərinin etməsinin hansı ehtiyacdan yaranmasına gəldikdə, müsahibimiz bunun bir çox iş yerlərində tətbiq edilən qayda olduğunu dedi:

“Dövlətin etdiyindən əlavə özümüz də pul yığıb şəraiti daha da yaxşılaşdırmaq istəmişik. Ora bizim iş yerimizdir, nəsə almaq, abadlıq etmək ehtiyacı olanda bunları təmin etmək borcumuzdur”.

20-30 ilin tibb bacılarının yeniləri ilə əvəzlənməsinə gəldikdə, V.Ələkbərov yeni işçilərin vakansiyalar əsasında qəbul edildiyini dedi:

“Kimisə çıxarıb, yerinə yeni işçi qəbul etməyimiz yalan məlumatdır. Yeni tibb bacıları vakansiya əsasında qəbul edilir. Yeni işçi qəbul edərkən gənc kadrlara üstünlük veririk. Çünki onları kurslara göndərib yeni üsulları öyrətmək daha asan olur. 20 ilin tibb bacısına yeni üsulu göstərəndə deyir ki, “illərdir bu üsulla işləyirəm” deyib, öyrənmək istəmirlər. Bir neçə işçi töhmət və xəbərdarlıqdan sonra işdən çıxarılıb. Tibb bacısı bir yaşlı uşağın əlinə termometri verib, o da sındırıb, civə uşağın qulağının içinə tökülüb. Halbuki, uşağın temperaturunu tibb bacısı özü ölçməli idi, lakin valideynə tapşırıb ki, özün ölç vərəqə yaz. Bundan başqa, sabah başqası gəlib edər deyə, gecə açıq yanıqla gəlmiş xəstəyə sarğı etməyib, xəstə səhərə qədər inildəyədək qalıb. Belə şəxslər tibb bacısı işləyə bilməz. Onları bağışlamaq olmaz. Danışmağa qalsa, çox şey danışa bilərik. Məni bu vəzifəyə yanıq mərkəzini düzəltmək üçün, əhaliyə xidmət göstərmək üçün qoyublar. Nəyin bahasına olursa-olsun, oranı düzəltmək borcumdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm